İsveçrədə qışda evini 19 dərəcədən artıq isidən vətəndaşlar həbs oluna bilərlər.
Eləcə də bax: Daha bir Avropa ölkəsi Rusiya qazını - RUBLLA ALACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İsveçrənin iqtisadi departamentinin sözçüsü Markus Sporndli deyib.
O bildirib ki, ölkənin təchizatla bağlı qanununu pozan vətəndaşlar mütləq mühakimə edilməlidir:
"Hökumət prinsiplərinin qəsdən pozulması halında vətəndaşları üç ilə qədər həbs cəzası gözləyir. Hətta bu tədbirlərin səhlənkarlıqla pozulması da cərimə ilə nəticələnəcək".
Məlumatda bildirib ki, bu qış qaz çatışmazlığına görə hökumətin göstərişlərini pozaraq evlərini 19 dərəcədən artıq isidən vətəndaşlar cərimə və ya həbs ediləcəklər.
Qeyd edək ki, bundan əvvəl də İsveçrə hökuməti açıqlama vermişdi ki, ölkədə qaz qıtlığı yaranarsa, qazla qızdırılan otaqlarda temperatur 19 dərəcədən çox olmayacaq. Bununla yanaşı, qızdırıcıların və ya isti hava çadırlarının istifadəsi qadağan olunacaq və saunalar, hovuzlar bağlanacaq.
Hazırda İsveçrənin yüksək elektrik və qaz çatışmazlığı riski ilə üzləşəcəyi gözlənilir. Avqustun sonunda İsveçrənin ElCom elektrik komissiyasının rəhbəri Verner Luginbuehl gələn qışda elektrik enerjisinin kəsilməsinin mümkünlüyünü əsas gətirərək vətəndaşları şam və odun yığmağa çağırıb. İsveçrə hökumətinin ilk dəfə olaraq enerji istehlakına məhdudiyyətlər qoyacağı gözlənilir.