Dünyanın ən böyük qida şirkəti olan «Nestle» corona virusunun şiddətli təsirinə baxmayaraq 2020-ci ilin ilk rübündə satışlarını 4,3 faiz artıraraq son 5 il ərzində ən böyük rüblük artımına nail olub.
Eləcə də bax: ABŞ-da adamlar marketə - GƏZMƏYƏ GƏLİRLƏR
FED.az xəbər verir ki, epidemiya səbəbiylə restoran və kafelər bağlandığından belə artım gözlənilmirdi. Amma artımın səbəbi müştərilərin hazır qida, qəhvə və ev heyvanları üçün yem ehtiyatı toplaması olub. Nestle, 2020-ci ilin ilk 3 ayında 21,3 milyard dollar qazandı.
Nestle şirkətinin direktoru Mark Schneider bildirib ki, şirkətin böhrana davam gətirməsi və satışları artırmasının səbəbi məhsul çeşidinin bolluğu və 187 ölkədə fəaliyyət göstərməsidir: «Ancaq böhran tezliklə bitməyəcək və qarşıdakı dövrlərdə nələrlə qarşılaşacağımızı bilmirik».
Nestle karantin səbəbiylə bağlı qalan restoranlara və çətin anlar yaşayan müştərilərə 512 milyon dollarlıq yardım paketi hazırladı. Paketə əsasən, şirkətə ediləcək ödənişlər qrafiki uzadılacaq, qəhvə maşınlarından icarə alınmayacaq və bəzi məhsullar pulsuz veriləcək.