Ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələrini tərk etməsi razılaşdırılıb.
“Sərhədin bu hissəsində Müdafiə Nazirliyinin mövqeləri olmayacaq”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Baqramyan 26" teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, liderlər arasında danışıqlar uğurla nəticələnib:
"Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələrini tərk edəcəklər”.
Qeyd edək ki, aprelin 20-də Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini açıqlamışdı. Sonra isə Rusiya sərhədçilərinin avqust ayında "Zvartnots" hava limanından çıxacaqlarını bildirmişdi.