Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dünənki səfərinin ardından bir sıra səs-küylü açıqlamalar verib.
Eləcə də bax: Türkiyə ABŞ da daxil olmaqla - 10 SƏFİRİ ÖLKƏDƏN QOVUR – ƏRDOĞANDAN AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Modern-a istinadən xəbər verir ki, Ərdoğan Türkiyədə az qala “persona non grata” elan olunacaq 10 xarici səfirin məsələsindən danışarkən, Cümhiriyyət Xalq Partiyasını (CHP) onlara dost münasibət göstərməkdə günahlandırıb.
Prezident bu məsələdə CHP-li deputat, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviközü xüsusilə sərt tənqid edib.
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevdən Əhməd Ünal Çeviköz barədə eşitdiklərini şərh etməsi də diqqət çəkib. Onun açıqlamasından belə məlum olub ki, Əhməd Ünal Çeviköz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi Bakıda arzuolunmaz şəxs elan edilib.
“Hörmətli İlham bəylə danışanda hətta o belə “bu adamı bir daha qapıdan içəri buraxmaram” dedi”, - Ərdoğan vurğulayıb.
Prezident keçmiş səfiri Azərbaycana xəyanətdə də suçlayıb:
“O, Azərbaycana da xəyanət edib. Sən öncə səfir işlədiyin ölkənin siyasətinə hörmət etməyi öyrən. Bu adam bunu öyrənə bilmədi. O, hazırda təsadüfi siyasətlə məşğuldur. Bunlar səfir işləyiblər, siyasətçi deyil. Siyasətçi başqa şeydir, səfir başqa şey”.
Hazırkı deputat Əhməd Ünal Çeviköz 2018-ci ilin mayından CHP-də təmsil olunur…
Ünal Çeviköz 2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olub.
O, fiaskoya uğrayan məşhur "erməni açılımı”nın müəlliflərindən biridir.
2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Əhməd Ünal Çeviköz olub. Məlum protokolları hazırlayarkən Əhməd Ünal Çeviköz Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı.
Xatırladaq ki, 2009-cu ildə ABŞ, Rusiya, Fransa, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında imzalanmış və tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirirdi.
Bu üzdəniraq layihə Azərbaycan hakimiyyəti və ictimaiyyətinin vaxtında gerçəkləşən basqısı nəticəsində reallaşa bilmədi. Nə Türkiyə, nə də Ermənistan parlamenti həmin prokolları ratifikasiya etdi.
Əhməd Ünal Çeviköz 1978-ci ildən Türkiyə XİN sisteminə işə başlayıb. 1989-cu ildə NATO-nun qərargahında, 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunda çalışıb. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz 2001-2004 illərdə Azərbaycanda, 2004-2006-cı illərdə İraqda Türkiyənin səfiri olaraq görəv yerinə yetirib. 2007-2010-ci illərdə Ankarada XİN-də işləyib. Bu sırada 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları hazırlayıb. 2010-cu ildə Londona səfir olaraq təyin olunub. 2014-cü ildə bu vəzifəsini tamamlayaraq Türkiyəyə dönüb. 2014-cü ilin sentyabr ayında öz istəyiylə təqaüdə çıxıb.
2018-ci ildə Cümhuriyyət Xalq Partiyasına gələn Əhməd Ünal Çeviköz indi CHP-də sədr müavini postunu tutur… Keçmiş səfir Türkiyədə ermənipərəst siyasətçi imici qazanıb.