“Müxalifət bizi ittiham etməkdənsə, Qarabağda gördüyümüz işlərlə tanış olsun”.
“Kılıçdaroğlu pulunu verib TOGG alsın”
FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonkarahisardakı çıxışında deyib.
Onun sözlərinə görə, Türkiyə son 21 ildəki təşəbbüsləri nəticəsində əsrlik xəyallarını gerçəkləşdirə bilib: “Müxalifətin iddialarından fərqli olaraq, Türkiyə iqtisadiyyatını sabit saxlamaq üçün kimsədən borc almayıb”.
Ərdoğan bildirib ki, rəsmi Ankara həmişə imperializmə qarşı mübarizə aparıb: “Biz bunu Suriya və İraqda keçirdiyimiz əməliyyatlarda, 15 iyul çevriliş cəhdində göstərdik. Biz regionumuzda sabitliyi qorumağa çalışmaqla imperialistlərin xəyallarını puç etdik. Suverenliyimizə göz dikən imperialistlər artıq peşman olublar”.
Türkiyə Prezidenti vurğulayıb ki, indi Türkiyənin müdafiə sənayesinin 80 faizi yerli istehsaldır: “Biz hakimiyyətə gələnədək bu göstərici 20 faiz idi. İndi bizim pilotsuz uçuş aparatlarımız, “Qızıl alma”mız “TCG Anadolu”muz var”.
Dövlət başçısı qeyd edib ki, Türkiyə həmişə məzlumların yanında olub: “BMT kürsüsündə, “Dünya 5-dən böyükdür” (BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə - ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya), deyən biz olmuşuq. Müxalifət iqtidarı ittiham etməzdən əvvəl Qarabağda gördüyü işlərlə tanış olmalıdır. Biz hanısa imperialistin qarşısında diz çökmərik”.
Ərdoğan söyləyib ki, Türkiyənin ən böyük problemi hakimiyyəti inşa yox, dağıtmaq vədləri ilə gəlmək istəyənlərdir: “Halbuki biz hakimiyyətimiz dövründə bu ölkədə hansı işləri görməyin mümkün olduğunu əsərlərimizlə göstərdik”. (Report)