Azərbaycanın bütün sülh təşəbbüslərinə və kommunikasiyaların açılması ilə bağlı cəhdlərinə baxmayaraq Ermənistan tərəfi hələ də Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun marşrutunu rəsmi Bakıya təqdim etmir.
FED.az xəbər verir ki, hətta oktyabrı 6-da ölkə başçılarının görüşündə də Ermənistanın bu məsələyə hazır olmadığı üzə çıxıb.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan tərəfi – baş nazir Nikol Paşinyan yolun marşrutunu təqdim etməklə bağlı sorğunu cavabsız buraxıb:
«Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun».