«Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla».
FED.az xəbər verir ki, bunu prezident İlhəm Əliyev, oktyabrın 6-da Praqada, Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti Qarabağ danışıqlarından sonra Azərbaycan mətbuatına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərlə bağlı mövzu Azərbaycanın daxili işidir və sülh müqaviləsində bu məsələyə toxunulmayacaq:
«Bu, bizim daxili işimizdir, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz».
Erməni əhalisinin hüquqları və yaşayış şəraitinə gəlincə, prezidentin sözlərinə görə, ermənilər, Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquqlara malik olacaqlar:
«Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır».
Dövlət başçısı açıqlayıb ki, artıq erməni əhalisi ilə qeyri-formal kontaktlar başlayıb:
«Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur».
İlham Əliyev bildirib ki, Azərbaycan vətəndaşlığını seçən ermənilər peşman olmayacaqlar: «Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər».
Dövlət başçısı bildirib ki, Ermənistanla tezliklə sülh müqaviləsinin bağlanması iki ölkə arasında düşmənçiliyi aradan qaldıra bilər.
«Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq».