Qazaxıstanın Almatı şəhərində etirazçılar dövlət başçısının köhnə iqamətgahına daxil olaraq onu yandırıblar.
Eləcə də bax: Almatıda etirazçılar administrasiya binasına - DAXİL OLUBLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.
Daha əvvəl şəhər İcra Hakimiyyətinin, prokurorluğun binaları, habelə hakim "Nur Otan" Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.
Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.
Bununla belə etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.
Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.
Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.
Ölkənin Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.