Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesinin fəaliyyəti dayandırılıb.
FED.az xatırladır ki, FHN-in bununla bağlı noyabrın 4-də yaydığı açıqlamada kafedə bəzi qanun pozuntularının aşkarlandığı bildirilirdi.
Bura kafedə propan qaz balonlarından istifadə, ehtiyat yanğın çıxışının olmaması, avtomatik yanğından xəbərdaredici qurğuların olmaması, tüstü bacalarının təmizlənməməsi, ynağınsöndürənlərin qoyulmaması aiddir.
Bu səbəbləri əsas tutaraq FHN kafenin fəaliyyətini noyabrın 1-də dayandırıb və bu barədə noyabrın 4-də ictimaiyyətə açıqlama yayıb.
Bununla yanaşı, «Xəngəland»ın özündə səsləndirilən ittihamların bir hissəsi ilə razılaşmırlar.
Kafenin sahibi Sabir Əhmədov, FED.az-a bildirib ki, «Xəngəland» yay aylarında 3 aydan artıq davam edən əsaslı təmirdən sonra cəmi 20 gün əvvəl fəaliyyətini bərpa edib: «Təmir zamanı kafedə bütün avadanlıqları dəyişmişik, stol-stuldan tutmuş mətbəx avadanlıqlarına qədər bütün əşyalar yenilənib. Bəzi kiçik işlər isə tədricən aradan qaldırılırdı».
- Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-1
-
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-2 (POLİSLƏR VƏ TORQOVI SAKİNLƏRİ)
-
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-3 (EKOLOGİYA NAZİRLİYİ VƏ VERGİ)
-
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-4
Sahibkarın sözlərinə görə, obyektdə qaz balonlarından istifadə və ehtiyat çıxışın normalara uyğun gəlməməsi barədə iradlar haqlıdır, yanğın siqnalizasiyası da yoxdur, amma o artıq sifariş verilmişdi və bir neçə günə quraşdırılacaqdı. Əvəzində FHN-in dediyinin əksinə olaraq kafedə yanğın söndürənlər var, sadəcə Xidmət obyektdə 5 yanğınsöndürənin olmasını tələb edib, burada isə 3 qurğu olub, eyni zamanda tüstü bacalarının təmizlənməməsi barədə deyilənlər həqiqətə uyğun deyil: «Təsəvvür edin, qaydaya görə, bu qurğular 3 aydan bir təmizlənməlidir. Bizim tüstü bacası isə tamamilə yenidir və bir aydır ki quraşdırılıb, onun təmizlənməsinə ehtiyacı yox idi».
Bununla yanaşı, sahibkarın sözlərinə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin obyektlə bağlı iradları dərhal aradan qaldırılıb.
«Obyektdə siqnalizasiya qurğusu quraşdırıldı, Xidmətin tələb etdiyi daha 2 yanğınsöndürən də alınaraq obyektdə gətirildi, ehtiyat çıxışın da yolu təmizləndi və artıq bu problem də aradan qaldırılıb».
Bundan başqa, sahibkarın sözlərinə görə, avadanlıqların tamamilə təzə olmasına və cəmi 15-20 gün istifadə edilməsinə baxmayaraq xidmətin iradlarının olmaması üçün tüstü bacası da yenidən təmizlənib. Obyektdəki qaz balonları da yığışdırılıb və elektrik plitəsi alınaraq quraşdırılıb.
Sabir Əhmədovun sözlərinə görə, bütün bu işlər 1 gün ərzində, noyabrın 2-də yerinə yetirilib və bununla bağlı Dövlət Yanğın Nəzarəti Xidmətinin bu əraziyə baxan 2 saylı idarəsinin rəhbərliyinə məlumat verilib: «İdarənin rəhbəri İlqar müəllimə və xidmətə, həm də nazirliyə bildirdik ki, bütün iradlar aradan qaldırılıb».
Amma obyektin yenidən fəaliyyətə başlamasına icazə almaq mümkün olmayıb.
FED.az xatırladır ki, FHN-in bu obyektdəki çatışmazlıqlar və onun səbəbindən fəaliyyətini dayandırması barədə məlumat noyabrın 4-də yayılıb. Başqa sözlə, noyabrın 2-də bütün iradların aradan qaldırılmasına və bu barədə FHN-ə məlumat verilməsinə baxmayaraq, Xidmət nəinki restorana yenidən baxış keçirməyib və onun xidmətinə icazə verməyib, hətta iradların aradan qaldırıldığı barədə məlumatlı olduğu halda noyabrın 4-də bu barədə ictimaiyyətə məlumat yayıb.
Sahibkar bu barədə Fövqəladə Hallar Nazirliyinə və Xidmətə məlumat versə də, obyektin fəaliyyətinə nə vaxt icazə veriləcəyi barədə məlumat ala bilməyib. Onlara bildirilib ki, obyektin işə düşməsi üçün FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Hikmət Abbasov icazə verməlidir: «Bizə bildirdilər ki, obyektin açılmasına general Hikmət Abbasov özü icazə verməlidir, biz də gözləyirik».