FED.az kiçik sahibkar, Bakının Nizami küçəsinin biznes hissəsində («Torqovı»da) obyekti olan, amma üzləşdiyi və dövlət qurumlarının yaratdığı çətinliklər səbəbindən müflis olaraq biznesini bağlamağa məcbur olan Nicat Kazımovla müsahibənin 2-ci hissəsini təqdim edir.
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-2 (POLİSLƏR VƏ TORQOVI SAKİNLƏRİ)
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-4
Nicat Kazımov, Azərbaycanda biznes üçün yaradılan şəraitdən və turizm bumundan həvəslənib ailə biznesi qurmağa çalışan minlərlə sahibkardan biridir. 3 il əvvəl xaricdəki tanışlarının kofe biznesindəki uğurlarını görərək həyat yoldaşı ilə eyni sahədə ailə biznesin yaratmağı qəhvəxana açmağı qərara alıb.
Amma üzləşdiyi çətinliklər səbəbindən artıq müflis olmaq həddinə çatıb və cəmi iki ildən sonra biznesini bağlamağı qərara alıb.
Müsahibənin 1-ci hissəsini və 2-ci hissəsini də oxumaq olar
- Nicat dediniz ki, obyektinizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də Nazirliyi də yoxlama aparıb və problem yaradıb. Ekologiya Nazirliyi niyə sizin obyektə yoxlamağa gəlmişdi və nəyi yoxlayırdılar?
- Yuxarıda dediyim həmin kondisioner məsələsinə görə. Ekologiyadan gəldilər ki, sizdən şikayət eləyirlər, yenə o köhnə qonşu. Adam hər yerə car çəkib. Ekologiyanın nümaynədələri, 4 nəfər gəlmişdilər, keçdilər binanın arxasına əllərində aparat. Onu işə salıb nəyisə ölçdülər, nəticə 63 desibel çıxdı. Yəni səsin yüksəkliyi 63 desibel göstərdi. Dərhal hamının sifəti çöndü, elə bil böyük bir faciə baş verib. Hamısı da eyni sistemlə işləyir, dərhal başlayırlar, elə danışmağa ki, elə bil cinayət törətdik. Deyirəm, bəs bunun norması nədir, nə qədər olmalıdır, deyirlər norma 60-dır. Deyirəm ok, mən baxaram, içərisini təmizlətdirərəm, onsuz da 6 aydan bir təmizlənməlidir, yəqin ondandır, yəni problem deyil, həll edərik. Özü də sizə deyim, aparatı lap kondisionerin yaxınına tutub ölçürlər, halbuki heç kim ona belə yaxın oturmur və dayanmır.
- Məsələnin axırı necə oldu?
- Mən dedim, problem deyil, nə nasazlıq varsa həll edərik. Dedilər necə problem yoxdur, sizə protokol düşür, cərimə yazacağıq. Soruşuram cərimə nə qədərdir, deyir 8 min manat. Deyirəm ay qardaş, 8 min manat niyə? Deyir siz MMC-siniz, MMC-də 8 mindir, fiziki şəxslər 350 manatdır. Deyirəm, birincisi, bu boyda fərq nədir, ikincisi, MMC-dən MMC-yə fərq var, deyir yox, bu, kafedir. MMC zavod da ola bilər, fabrik də ola bilər, yəni qanun insan üçün yazılıbsa, qərar verən də yəni insan faktoru olmalıdır, robot deyilik ki biz. Bu, bir.
İkinci məsələ – deyirəm: “Baxın, bu dəqiqə 4 nəfər gəlmisiniz, amma bir nəfər gəlsəydiniz, ya da o sadəcə mənə zəng eləyib desəydi, qaydanı izah eləsəydi vaxtında, mən də hər ay onu ölçərdim, düzdümü? Siz mənə qayda izah eləməmisiniz, gəlmisiniz, cəriməni, dediyiniz kimi, inzibati xətanı aşkar eləyəndən sonra mənə protokol yazırsınız, deyirsiniz 8 min manat cərimə olacaq.
- Belə bir normanın, 60 desibellik bir həddin olmasından xəbəriniz vardımı? Bu barədə indiyədək eşitmişdinizmi?
- Bunu mənə heç kim deməyib. Ümumiyyətlə, heç bir sahibkarın bundan xəbəri yoxdur, istənilən sahibkardan soruşun, baxın kim biləcək? Bunlara deyirəm ki, bəs qardaş, yaxşı, siz mənə dediniz bunu, mən qəbul elədim, sizi eşitdim, mənə bir həftə 10 gün vaxt verin, mən aradan qaldırım. Olmasa, yenə cərimələyin. Mən bunlarla bu müstəvidə danışıram ki, mənə qaydanı izah eləməlisiniz mən də pozuntunu aradan qaldırmalıyam.
Onlara izah edirəm, deyirəm ki, hamınız büdcədən maaş alırsınız, mən də büdcəyə vergi verirəm, faktiki olaraq maaşı bizim ödədiyimiz verginin hesabına alırsınız və sair. Amma bunun qarşısında bizə doğru-düzgün xidmət göstərməlisiniz, amma siz gəlib mənə vaxtlı-vaxtında məlumat vermirsiniz, bu nə deməkdir?
- Cavabları nə oldu?
- Heç nə. Bunlara deyirəm ki, sizin yazdığınız 8 min manatlıq cərimə mənim 2 aylıq maaş fondumdur. Mən ayda 4 min manat maaş ödəyrəm işçilərimə. Yəni bu dəqiqə onu etməklə məni müflis edəcəksiz. Halbuki baxsanız, mən o məbləğdən qat-qat artıq vergi ödəmişdim. Dedim onsuz da vəziyyət pisdir, siz bu cəriməni yazmaqla, mən bəlkə də müflis olub, obyekti bağlayacam. Bunlar isə mənə deyir ki, «dediklərini anlayırıq, düz deyirsən, haqlısan, amma büdcəyə pul toplamalıyıq, tapşırığımız var».
- Bunu Ekologiya nazirliyinin nümayəndələri deyir?
- Bəli onlar. Gəldilər heç nədən 8 min manat cəriməni bizə yazıb getdilər.
- Qaydaya görə yoxlamağa gələn dövlət qurumu yoxlamalar reyestrindən sənəd gətirməlidir və sizə xəbərdarlıq edilməlidir. Bu olmuşdu?
- Mən soruşdum ki, yoxlamağa gəlmək üçün Dövlət Reyestrindən çıxarışınız varmı, yəni rəsmidirmi sizin gəlməyiniz? Çıxarışları yox idi. Mənə dedilər var, amma göstərmədilər. Sonra isə məhkəmədə məlum oldu ki, belə çıxarışları olmayıb.
- 8 min manat cərimə yazıldı, nə etdiniz?
- Bəli, protokol yazdılar, məhkəmə də rahatca 8 min cəriməni yazdı. Verdik apellyasiyaya, məhkəmədə hakimin bir sözü oldu ki, bəs cərimə yazılsa, ödənilməlidir. Reyestrdən çıxarışın olmaması, öncədən məlumat verilməməsi – bu hakimi maraqlandırmır. Vəkil qayıdır ki, bəs cənab hakim, ədalətli məhkəmə hanı, heç nəyi araşdırmadınız, baxmadınız, bəs elə yazılıbsa, olmalı deyil axı.
- Hakim kim idi?
- Hakim Kamran Əkbərov idi.
- Bu məsələyə nə dedi, sizin gətirdiyiniz dəlillərin bir təsiri oldu?
- Heç bir xeyri olmadı, hakim dedi maraqlı deyil, cərimə ödənilməlidir. Sonra öyrənmişəm ki, sən demə hakimlərin belə bir həmrəyliyi var. Bir hakim qərar veribsə, cərimə yazılıbsa, amma növbəti hakim, əvvəlki hakimin qərarını dəyişirsə, bu hal birinci hakimə ziyandır. Nəsə bunların belə bir sistemi var və bunlar bir-birlərini belə qoruyurlar.
Birlmirəm bu qərar da həmrəylikdən irəli gəlir ya yox, amma onların həmrəyliyinə görə, daha heç bir qərarı dəyişməsinlər, camaatı cərimələsinlər, onlar da obyektlərini bağlasınlır.
Pandemiya dövründə onsuz da hamıda iş yaxşı getmir. Sahibkarlar güclə, xərclərini aybaay bağlayırlar. Hətta bu yaxınlarda oxudum ki, son 6 ayda 700-ə yaxın sahibkar fəaliyyətini dayandırıb. Bunlardan 77-si iri şirkət, qalanları isə orta və kiçik sahibkarlardır, müflis olublar.
Bax beləcə, Ekologiyanın əməkdaşları gəlib bizi heç bir ciddi səbəb olmadan 8 min manat cərimələdilər, məhkəmə də şikayətimizə baxmadı. Bu oldu may ayında, sonra isə vergi ilə problem başladı.
- Vergi Xidməti ilə? Bu nə vaxt oldu?
- İyun ayında. Haqqına danışsaq, indiyədək onlarla heç bir problemimiz olmayıb. Nə sualları olubsa, deyiblər, cavablandırmışam, hər şey də tam elektron, tam arzuladığımız şəkildə yerinə yetirilib. Amma axırda başıma açdıqları oyun, indiyədək onlardan olan bütün razılıımı silib apardı.
- Nə baş verdi ki, vergi ilə bağlı?
- Deməli, mən bu obyekt üçün icarə haqqı ödəyirəm. Onu tam rəsmi ödəyirəm, müqaviləmiz var, pulu köçürmə ilə edirəm və onun 14% vergisini də mən ödəyirəm. Pandemiya dövründə icarədarla razılığımız oldu ki, bir neçə ay icarə ödəməyim. Mən icarədarımı heç vaxt incitməmişəm, pulu da həmişə vaxtından əvvəl ödəmişəm. İcarə haqqının vergisini də həmişə vaxtında ödəmişəm, şəffaf şəkildə, köçürmə ilə.
- Aylıq vergi nə qədər ödəyirsiniz, icarə haqqı ilə bağlı?
- 813 manat, yəni mənim hər ay bu obyektin icarəsinə 5 813 manat xərcim çıxır, 5000 iarə haqqı, 813 manat da vergi.
- Bəs problem nə oldu?
- Dediyim kimi, pandemiya başlayanda icarədarla danışdıq ki, güzəşt eləsin, o da sağ olsun, etdi, 2020-i ilin aprelindən bəri işləmədiyimizə görə ödəniş də etmədik.
Vergi isə gəlib bizdən bu ilin ilk 3 ayının icarə vergisini istədi. Biz bu müddətdə işləmişdik, amma icarədar bizə dəstək üçün bu müddəti də güzəşt eləmişdi, yəni baxmayaraq ki, yavaş-yavaş işləyirdik, icarə haqqı ödəmirdik. İcarə haqqı ödəmədiyimizə görə, onun vergisini də ödəmirdik. Onlara da bunu olduğu kimi dedik.
- Bəs vergi əməkdaşları nə dedi?
- Dedilər, elə şey yoxdur, vergini ödəməlisiniz. İndi mən bunlara izah edirəm ki, icarə haqqı ödəməmişəm, deyirəm ki, onsuz da ödənişi köçürmə ilə edirdim, siz də bunu izləyə bilirsiniz. Görünsünüz ki, ödəniş olmayıb, nəyə görə vergi ödəməliyəm. Amma bunlar elə bir söz deyirlər, yox ödəməlisən.
Şikayət etdik vergilərə, burda da maraqlı bir şey oldu. Deməli bizə dedilər ki, icarə müaviləsinə əlavə edən ki, filan tarixlərdə ödəniş olmayacaq. Dedilər iyunun 30-dək bu sənədi bizə verin, məsələ həll olunsun. Biz də həmin sənədi hazırlayıb verdik, gedib notariusda müqaviləyə əlavə imzaladıq və bunlara təqdim etdik. Ayın 30-də sənədi onlara verdik, elə həmin gün də hesabımıza sərəncam qoydular.
- Axı sənədi təqdim etdiniz, yenə də sərəncam qoyuldu?
- Bəli, məsələ də budur da, onlar deyən sənədi verdik, yenə də sərəncam qoydular. İndi biz bunlara zəng edirik, deyirik ki, sənədi təqdim etmişik axı, sərəncamı götürün. Bunlar da deyir ki, narahat olmayın, baxıb qərar verəcəyik, 1 gün, 5 gün 15 gün, 20 gün... Sərəncam yerindədir, hər gün danışırıq, hesabımız bağlıdır, pulu istifadə edə bilmirik. Hər gün zəng edirik, onlar isə deyir ki, bizlik deyil, iş çoxdur, işçilər azdır, çatdırmırıq, sənədə hələ baxmamışıq, sizə də növbə çatacaq və sair.
Onlara izah etməyə çalışıram ki, bu mənim probleminm deyil axı, adamın azdır, yeni işçi götür, prosesi avtomatlaşdır, nəsə et.
Deyirdim mənim işim dayanıb, mən adamların pulunu ödəyə bilmirəm, heç nə etmək mümkün deyil. Xeyri olmadı, sənədə baxan yox idi.
Yalnız 10-15 gündən sonra çağırıb dedilər ki, bəs siz müqavilyə əlavəni gətirmisiniz, amma bizə razılaşma sənədi lazımdır. Burada yazın ki, biz filan tarixlərdə ödəniş edilməyəcək. Deyirəm ki, sizə təqdim edilən sənəddə də həmin sözlər yazılıb, siz o sənədi oxumursunuz? Deyirlər ki, o müqaviləyə əlavə idi, indi isə sənədin üstündə saziş sözü yazılmalıdır. Deyirəm, bu axı qeyri-ciddi söhbətdir, üstündə «əlavə» və ya «saziş» sözü yazılmasının nə fərqi var, axı sənəd eyni məzmunludur. Hətta bununla bağlı müraciət etdiyimiz notarius da bizə əsəbiləşdi ki, məni ələ salmısınız, bunlar eyni sənəddir.
Nəhayət vergi də etiraf etdi ki, «doğrudan da bunlar eyni sənəddir də». Soruşuram, indi sərəncamı qaldırırsınız, yenə də deyirlər iş çoxdur, adam azdır və sair. Axırda tanışlar tapdıq, xahiş etdilər, ayın 27-də bu sərənam ləğv edildi. Qanunda sərəncamın araşdırılması üçün müddət nəzərdə tutulub, səhv eləmirəmsə, 45-60 gündür. Bunlar da rahatdırlar ki, onsuz da bu müddəti keçməyəcəklər, sahibkar nə olur-olsun, burada da mənim işim dayanmışdı.
Vergi ilə problemim bu idi – 27 gün əsassız olaraq, sənədim olduğu halda hesabımıza sərəncam qoyuldu və onsuz da gərgin dövrdə bizi incitdilər. Var gücümlə çalışırdım ki, bu sahədə şər şey qaydasında olsun, riskli vergi ödəyicisi sırasına düşməyim və sair, amma yenə də faydası olmadı.
Elə bu günlərdə Reklam Agentliyi ilə problemimiz başladı...