İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Video İcmalı Azexport.az portalının uğurlarına həsr edib.
FED.az xəbər verir ki, video icmalda sahibkarların portalla əməkdaşlıqda əldə etdikləri üstünlüklər diqqətə çatdırılıb. Bildirilib ki, Azexport portalı ilk dəfə Azərbaycan məhsullarını vahid məkan üzərindən beynəlxalq elektron ticarət platformalarında təqdim edir. Nəticədə Portala 2017-ci ildən etibarən daxil olan ixrac sifarişlərinin məbləği 1,5 milyard ABŞ dolları təşkil edir. Azexport portalı “Made in Azerbaijan” məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma səviyyəsini 3000 dəfə artırıb. Belə ki, Azexportun fəaliyyətə başlamasına qədər ixrac potensiallı sahibkarların elektron kommersiya imkanlarından istifadəsi 3% olubsa, 2019-cu ildə bu rəqəm 28 %-ə çatıb.
Eləcə də bax:7 ayda Azexport.az portalına 346,6 mln dollar dəyərində - SİFARİŞ DAXİL OLUB - İCMAL
Bu günə qədər Azexport portalına dünyanın 150 ölkəsindən 35 mindən artıq sifariş daxil olub. Portalın təqdim etdiyi Sərbəst Satış Sertifikatı vasitəsi ilə ixracatçılar 54 yeni ölkə bazarına çıxış əldə ediblər.
Fəaliyyəti dövründə Azexport Azərbaycan sahibkarlarının elektron kommersiya savadlılığının artırılması istiqamətində Beynəlxalq Ticarət Mərkəzi və digər tərəfdaşları ilə birgə fəaliyyət göstərib. Təlim kurslarında 5000-dən artıq sahibkara Amazon portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, Alibaba və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların Amazon-un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkalarından istifadə, beynəlxalq loqistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədilib. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya Amazon hesabı və ABŞ bank hesabı açılıb, plastik kartlar təqdim edilib. Azexportun sahibkarlara göstərdiyi bütün xidmətlər ödənişsiz qaydada həyata keçirilir.