Dünyanın 8-ci möcüzələrindən biri sayılan Panama kanalı indiyədək insan tərəfindən yaradılan ən mürəkkəb qurğulardan biridir.
FED.az-ın BİZNES TARİXİ xəbər verir ki, Atlantik və Sakit okeanları birləşdirən kanal bütün planetdə gəmiçiliyin və iqtisadiyyatın inkişafında mühüm rol oynayıb. Uzunluğu cəmi 81 kilometr olan kanal, vaxtilə Nyu-Yorkdan San-Fransiskoya qədər olan 22,5 min kilometrlik dəniz yolunu 9,5 min kilometrə qədər azaldıb. Panama kanalı həm də zəngin və dramatik tarixə malikdir.
1000 ildir işləyirlər - DÜNYANIN ƏN QƏDİM ŞİRKƏTLƏRİ
Amerikanın ən ensiz yeri
Panamanın olduğu ərazi hələ 1501-ci ildə yeni qitəyə macəra və qazanc dalınca üz tutan ispan konkvistadoru Rodriqo de Bastidas tərəfindən kəşf edilmişdi. Onunla birlikdə buraya Vasko Nunyes de Balboa da gəlmişdi. Məhz Balboa, ilk dəfə olaraq Panamanın digər sahilinə qədər piyada gedərək Atlantik və Sakit okeanları ayıran torpaq sahəsinin həddən artıq ensiz olduğunu aşkarladı. Balboanın kəşfi avropalıları hələ o vaxt iki okeanı birləşdirən su yolunu axtarmağa həvəsləndirdi.
1519-cu ildə Balğboa səhvən xəyanətdə günahlandırılaraq edam edilsə də, onun sayəsində Panamanın xəritəsi coğrafi xəritələrə düşdü. Kanal ideyası isə ticarətçilərin və səyyahların ağlından çıxmadı.
Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ
Buna qədər - 1509-cu ildə ispanlar Daryen körfəzinin sahilində koloniya yaratmışdılar. 10 il sonra isə Panama şəhəri – eyni adlı ölkənin indiki paytaxtı salınır. Artıq həmin vaxt Panama keçidi səyyahların köməyinə çatırdı. İspanlar Sakit okean sahilində əldə etdikləri qızıl-gümüşü quru yolu ilə Atlantik sahilinə daşıyıb gəmilərə yükləyirdilər.
1529-cu ildə ispan zabiti, tanınmış riyaziyyatçı və coğrafiyaçısı Alğvaro de Saavedra Seron kanalın qazılması üçün 4 variant təklif etdi. Amma onun qəflətən ölümü bu variantların nədən ibarət olduğunu bilməyə imkan vermədi. 5 il sonra isə İspan kralı V Karl bu ərazidən kanal çəkilməsi imkanını araşdırmağı əmr etdi.
ABŞ-da bu məhəllədə ildə 500 min dollar qazanan - YOXSUL SAYILIR
Kanal üçün variantlar
1550-ci ildə artıq portuqaliyalı dənizçi Antonio Qalvao kanalın qazılması üçün 4 variantın göstərildiyi kitab dərc etdi. XIX əsrin əvvəlində isə alman təbitşünası və səyyahı Aleksandr Qumboldt Atlantik və Sakit okeanlarını birləşdirilməsi üçün 9 kanal variantı təklif etdi. Amma həmin vaxt üçün bu çox mürəkkəb, fantastik layihə sayılırdı və onun üçün texniki imkanlar yox səviyyəsində idi.
Üstəlik, XVIII əsrin sonunda həmin vaxt məlum olan qızıl və gümüş yataqları artıq işlənmişdi. Panama keçidindən daşınan yüklər və keçidin əhəmiyyəti də azalırdı. Həmin ərazilərdə piratların hücum təhlükəsi də ispanların bu ərazilərə marağını azaldırdı. Əvəzində Panama keçidi yeni qüvvətlənməyə başlayan ABŞ-ı maraqlandırdı. 1846-cı ildə ABŞ və Yeni Qranada dövləti (Panama da buraya daxil idi) arasında dostluq, ticarət və dənizçilik müqaviləsi bağlandı. Müqaviləyə görə, ABŞ tərəfi Panama keçidini qorumalı və keçid boyunca dəmiryolu çəkməli idi. Panamada dəmiryolunun tikintisi böyük məbləğə və 60 mindən artıq insanın həyatı bahasına başa gəldi. Uzunluğu 80 kilometr olan yolun tikintisi yalnız 1855-ci ildə başa çatdı. Amma dəmiryolu özünü doğrultmadı – xərcləri çıxarmaq üçün burada yüksək tariflər tətbiq olundu və tezliklə yüklər igər yollarla daşınmağa başlandı. Nəticədə ABŞ-ın bu əraziyə marağı itdi.
Suraxanıdan Sabunçuya qədər 150 illik yol – BAKIDA DƏMİRYOLUNUN TARİXİ
Parisin Panama layihəsi
Yaranmış vəziyyətdən Fransa istifadə elədi – burada iki okeanı birləşdirəcək kanalın tikintisi üçün şirkət yaradıldı. Ona vaxtilə Süveyş kanalını tikən diplomat və iş adamı Ferdinand de Lesseps başçılıq etdi. Süveyş kanalından sonra Lesseps Fransada milli qəhrəmana çevrilmişdi. Kanalın tikintisi üçün səhmdar şirkət yaratmaq qərara alındı – Süveyş kanalında bu üsul özünü doğrultmuşdu – həmin layihəyə pul qoyan səhmdarlar artıq 3 ildən sonra gəlir əldə etməyə başlamışdılar.
1876-cı ildə kanalın tikintisi üçün mühəndis Vazanın layihəsi seçilir və icazə alınır. Təkcə buna 10 milyon frank sərf edildi. 1880-ci ildə tərtib edilən hesabata görə kanalın tikintisi 843 milyon franka başa gələcəkdi.
Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ
Lessepsin apardığı ilk danışıqlar müsbət nəticələndi - Kolumbiya hökuməti kanalın tikintisinə icazə verdi. 1 yanvar 1881-ci ildə Rio-Qranda çayının mənbəyində kanalın təməli qoyuldu, yanvarın 22-dən isə tikinti işləri başlandı. Panama kanalının tikintisinə böyük qüvvələr - 19 mindən artıq işçi və böyük sayda texniki cəlb olunmuşdu.
Texniki problemlər və ağır iqlim
Amma işlər həddən artıq yavaş gedirdi. Səbəb əvvəlcədən nəzərə alınmayan texniki mürəkkəbliklər və tropik iqlim idi. Yaxınlıqdakı bataqlıqlardan yayılan malyariya və qızdırma xəstəliyi antisanitar şəraitdə yaşayan işçiləri qarışqa kimi qırırdı. Rəsmi məlumatlara görə, kanalın tikintisində 25 min işçi həlak olub.
Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ
Amma ən böyük səbəb texniki problemlər, yəni kanalın keçdiyi ərazinin mürəkkəbliyi idi. Panama keçidi ümumiyyətlə dünyada ən mürəkkəb yer quruluşuna malik ərazilərdən sayılır. Burada dağlıq ərazilər dərin bataqlıqlar və keçilməz cəngəlliklərlə əvəz olunurdu. Vulkan mənşəli dağlar isə mürəkkəb və bərk süxurlardan ibarət idi. Hətta bəzi ekspertlər güman edir ki, bu çətinlikləri əvvəlcədən məlum olsaydı kanalın tikintisinə ümumiyyətlə başlanmazdı. Nəticədə 4 il ərzində – 1885-ci ilədək işlərin yalnız 10%-i görülmüşdü.
Kanalı tikməyə pul tapılmadı
Layihə ilə bağlı maliyyə çətinlikləri də vardı və özü də onlar dərhal yaranmışdı. Əvvəla, Süveyş kanalından fərqli olaraq adamlar dünyanın o başında tikiləcək Panama kanalına etibar edib pul xərcləmək istəmirdilər. Ona görə də şirkətin səhmlərini alıb ona şərik olmaq istyən az idi. Vəziyyətdən çıxmaq üçün böyük reklam kampaniyası aparmaq – banklara və mətbuata xeyli pul buraxmaq lazım gəldi. Vaxtilə amerikanların çəkdiyi və istifadəsiz qalmış dəmiryolu da 3 qat bahasına satın alındı.
ABŞ-ın məşhur ştatı necə satıldı? - "LUİZİANA ALVERİ - TARIX
1887-ci ilin sonunda gənc mühəndis Filipp-Jan Buno-Varillin təzyiqi altında kanalın şlyüzlə tikintisi qərara alındı. Layihənin dəyişdirilməsi üçün üçün Parisdən mühəndis Qustav Eyfelin özü dəvət olundu. O şyüzün layihəsini hazırladı, amma maliyyə çətinliklərinə görə işlər dayandı.
Yerinə yetməyən vədlər və müflisləşmə
Maliyyə çətinlikləri ildən ilə artırdı. 1885-ci ildə Lesseps və komandası layihəyə pul cəlb etmək üçün uduşlu istiqraz buraxmağı qərara aldılar. Amma özəl şirkətlər lotereya keçirə bilməzdilər, bunun üçün parlament və hökumətin icazəsi lazım idi. Şirkət bu icazəni almaq üçün mətbuatda kampaniyalar təşkil edib, jurnalistlər və deputatları rüşvətlə ələ almağa çalışırdı. Sonra məlum oldu ki, 3 il davam edən piar kampaniyasında təkcə rüşvət şəklində 4 milyon frank paylanıb. Amma vaxt keçdikcə maliyyə problemlərini gizlətmək çətinləşirdi. Şirkət vəziyyətdən çıxmaq üçün illik 10%-lə 720 milyon franklıq istiqraz buraxsa da uğursuzluqla üzləşdi və cəmi 254 milyon frank toplaya bildi. Bunun da 31 milyonu banklara çatan komissiya haqları idi. Aparılan bütün reklam kampaniyasına və vədlərə baxmayaraq hökumət vəziyyətin pis olduğu ilə barışmalı oldu. 1889-cu ilin fevralında Sena departamentinin mülki işlər məhkəməsi Panama şirkətinin müslifliyi və ləğv edilməsi barədə qərar çıxardı.
Müqəddəs məbədin maliyyəçi cəngavərləri – TAMPLİERLƏR
Müflisləşmə anına qədər kanalda işlərin yalnız 40%-i görülmüşdü. Bu müddətdə şirkət 1 274 milyon frank xərcləmişdi. Bunun 104 milyonu bankların komissiyası, 240 milyonu istiqrazlar üzrə faiz ödənişləri idi, podratçı şirkətlərə isə 450 milyon frank ödənilmişdi.
Əsl korrupsiya qalmaqalı
Panama şirkətinin iflası Fransada böyük qalmaqal yaratdı. Müflisləşmə nəticəsində Fransada 700-800 min nəfər zərərə düşdü. 3 il davam edən araşdırmalar qalmaqalda əli olan siyasətçiləri də üzə çıxardı və dalbadal 3 hökumət istefaya getməli oldu. Lessep, onun oğlu Çarlz, üstəlik, Qustav Eyfelin özü və müəssisənin bir neçə digər rəhbərləri bacarıqsız rəhbərlikdə, israfçılıqda və dələduzluqda ittiham edildilər. 1893-cü ildə onlar günahkar sayılaraq cərimə və həbslə cəzalandırıldılar. Hərçənd 4 aydan sonra kassasiya məhkəməsinin qərarı ilə onlar azadlığa buraxıldılar. Qalmaqaldan sonra Eyfel biznesdən gedərək özünü elmə həsr elədi. Ferdinand de Lesseps isə yaşadıqlarına dözə bilməyib vəfat etdi.
Məsələyə Amerika qarışır
Kanal ətrafında qalmaqal sakitləşəndən sonra işi davam etdirmək üçün 1894-cü ildə yeni şirkət yaradıldı. Amma şirkət tikinti əvəzinə, kanalın tikintisini ABŞ-a ötürmək üçün danışıqlara başladı. Həmin vaxt Qərb yarımkürəsinin lideri sayılan Amerika Birləşmiş Ştatları da Sakit və Atlantik okeanları arasında su yolunun açılmasında maraqlı idi. Kanalın mühəndisi Filipp-Jan Buno-Varill amerikanları inandırdı ki, yeni kanal tikməkdənsə, Fransanın buradakı layihəsini alıb tamamlasınlar.
Kolumbiya sözünü geri götürür
1902-ci ildə ABŞ Konqressi hökumətə icazə verdi ki, Panama kanalındakı fransız aktivlərini alsın. Bundan dərhal sonra amerikanlarla Kolumbiya hökumətinin danışıqlara başlandı. ABŞ tikinti üçün eni 10 mil olan torpaq zolağına nəzarət əldə etmək istəyirdi. Bunun üçün Kolumbiyaya 10 milyon dollar, sonrakı hər il üçün isə 250 min dollar təklif edilirdi. Danışıqlar uğurla nəticələndi. 13 fevral 1903-cü il tarixində bağlanan müqaviləyə görə, fransızlar 40 milyon dollar alaraq kanalın layihəsindən çəkildilər. Bütün hüquqlar və avadanlıqlar amerikanlara keçdi. ABŞ konqresmenləri bu müqaviləni dərhal təsdiqləsələr də Kolumbiya hökuməti ölkədəki etirazları nəzərə alıb ondan imtina etdi. ABŞ rəhbərliyi bu vəziyyətlə barışa bilməzdi və Kolumbiyanın «nazı ilə oynamayacağını» bildirərək Panamanı Kolumbiyadan ayırmağı qərara aldı.
İldırım sürətli «kanal inqilabı»
Amerikanlar bunu bir göz qırpımında etdilər - 4 noyabr 1903-cü ildə Panamada fransız mühəndisin təşkilatçılığı və ABŞ prezidenti Teodor Ruzveltin sakit razılığı ilə «müstəqillik qiyamı» baş verdi. Panama özünü müstəqil dövlət elan etdi. Kolumbiya hökuməti qiyamı yatırmağa cəhd etsə də, ABŞ buna imkan vermədi – Panamanı Kolumbiyadan qorumaq üçün buraya amerikan qoşunları göndərildi. Kolumbiya qoşunlarının isə Panama portlarına girişi bağlandı, dəmiryolu sisteminə nəzarət edən ABŞ şirkəti də Kolumbiya əsgərlərini daşımaqdan imtina etdi.
«İnqilab»dan cəmi 1 həftə sonra ABŞ yeni yaranan dövləti tanıdı və artıq noyabrın 18-də Panama ilə ABŞ arasında kanal tikintisi barədə müqavilə imzalandı. Maraqlıdır ki, sənədi ABŞ tərəfdən dövlət katibi Con Xey, Panama tərəfdən isə hökumətinin müvəqqəti nümayəndəsi qismində, qiyamın təşkilatçısı - fransız mühəndis Buno-Varill imzalamışdı. Bu sənəd ABŞ üçün Kolumbiyaya təklif ediləndən daha sərfəli idi. Belə ki, sənədə əsasən kanalın keçəcəyi 1422 kvadratkilometrlik ərazi «Panama kanalı zonası» elan edilərək faktiki ABŞ-ın ərazisinə çevrilir, kanal özü də bütünlüklə amerikanların idarəçiliyinə verilirdi. Kolumbiya isə ABŞ-la müharibəyə risk etməyərək məğlubiyyəti ilə barışmalı oldu. Kanalın tikintisinə yenidən start verildi.
Amerikadan verilən siqnal
9 il davam edən tikinti işləri 1913-cü ildə kanalın 3 nəhəng şlyüzlərinin tikintisi ilə başa çatdı. 6-mərtəbəli ev hündürlüyündə olan hər şlyüzün qurulmasına 1,5 milyon kubmetr beton sərf edilmişdi.
1913-cü ilin 10 oktyabrında kanalın qarşısını kəsən sonuncu sədd partladıldı. Partlayış siqnalı teleqraf vasitəsilə birbaşa ABŞ-dan prezident Vudro Vilson tərəfindən verilmişdi.
1914-cü ilin 15 avqustunda «Kristobal» gəmisi ilk dəfə olaraq kanal vasitəsilə Atlantik okeanından Sakit okeana keçdi. Ümumilikdə Panama kanalı ABŞ-a 375 milyon dollara başa gəldi. Bu – həmin vaxt ABŞ-ın tarixində ən byöük tikili sayılırdı. Kanalın hərbi əhəmiyyəti isə özünü İkinci Dünya Müharibəsində doğrultdu. Həmin vaxt ABŞ özünün Sakit Okean donanmasını Panama Kanalı vasitəsilə gücləndirirdi.
Panama kanalının əhəmiyyəti
Kanaldan keçmək təqribən 10 saat vaxt aparır, bu zaman gəmiləri xüsusi hazırlanmış personal idarə edir, şlyüzlar sistemi isə gəmini dəniz səviyyəsindən 26-27 metr hündürlüyə qaldırır.
Hər il bu kanaldan 13-14 min gəmi keçir. Əsas daşınan mallar taxıl, metallar, kömür, neft məhsulları, gübrələr, avtomobillərdir. Kanalın əsas istifadəçiləri ABŞ , Çin, Yaponiya,Çili, Kolumbiya, Cənubi Koreya, Peru, Kanada, Ekvador, Meksika, Venesueladır.
Dünyadakı yükdaşımalarının 4%-i, ABŞ-ın yük daşımalarının isə 16%-i Panama kanalından keçir. İndiyədək kanaldan milyondan artıq gəmi keçib.
Kanaldan keçən hər bir gəmi ölçülərinə və yük qabiliyyətinə uyğun olaraq rüsum ödəməlidir. Ən böyük gəmilər üçün rüsumun məbləği 450 min dollara çata bilər. Hər il kanaldan 1,8 milyard dollar rüsum toplanır.
2007-2016-cı ildə Panama kanalının genişləndirildi. 5,25 milyard dollara başa gələn işlər nəticəsində kanalın buraxılış gücü ildə 300 milyon tondan 600 milyon tona qalxdı.
Panama kanalını kim idarə edir?
Yuxarıda deyildiyi kimi, kanalın idarəçiliyi ABŞ-a verilmişdi. Amma sonradan bununla bağlı Panama və ABŞ arasında gərginlik yarandı. 1964-cü ildə Panama bayrağının ABŞ bayrağı ilə yanaşı asılmasına icazə verilmədikdə isə panamalılar qiyam qaldırdılar, ölkələr arasında diplomatk əlaqələr kəsildi. Nəhayət, 1977-ci ildə prezident Cimmi Karter və general Omar Torrixos kanal üzərində nəzarətin 1999-cu ildə Panamaya veriləcəyi barədə müqavilə imzaladılar və artıq 1999-cu ildən kanala nəzarət Panamaya verilib. Amma müqaviləyə görə, ABŞ kanalın qorunması üçün burada qoşun saxlayır.