Amma çoxları bilmir ki, tamplierlər orta əsrlərdə Avropada təkcə cəngavərliklə deyil, həm də bankirliklə məşğul idilər. Onlar Avropanın bir neçə krallığının xəzinəsini idarə edir, eləcə də bir neçə yüz il bundan əvvəl, hazırki plastik kartların əcdadı sayılan yol çeklərini icad etmişdilər. Böyük ehtimalla, ordenin faciəli taleyinin əsas səbəblərindən biri siyasi amillər deyil, onların malik olduğu böyük sərvətlər idi. FED.az tamplierlərin maliyyə tarixini təqdim edir.
Tamplierlər kim idi
Orta əsrlərdə - Avropada müharibələrin tüğyan etdiyi və səlib yürüşlərinin bir-birini əvəzlədiyi bir dövrdə cəngavərlərin müxtəlif hərbi və dini təşkilatlarda birləşmələri adi hal idi. Bunlardan ən geniş yayılanları ordenlər idi. Tamplierlər ordeni də bu təşkilatlardan ən qədimi və fərasətlisi idi.
Tamplierlər (Məbəd qoruyucuları) (templiers, fransızca temple – məbəd sözündən götürülüb) – katolik dini-cəngavər ordeninin əsası 1118 və 1119-cu illərdə Müqəddəs torpaqlarda - Yerusəlimdə qoyulmuş və tezliklə bütün Avropaya yayılmışdı.
Eləcə də bax: Borçalı niyə Gürcüstana qaldı? - TARİX
Ordenin fəaliyyəti 1128-ci ildə rəsmiləşdi. Həmin il onlar Roma papasının xeyir-duasını alıb bütün vergilərdən azad edildilər. Ordenin yaradılmasında əsas məqsəd olaraq müqəddəs məbədin – İsa peyğəmbərin qəbrinin kafirlərdən qorunması elan edilmişdi. Məbəd qoruyucuları Avropadakı müxtəlif müharibələrdə və toqquşmalarda iştirak edirdilər. Amma onların əsas məşğuliyyəti səlib yürüşləri idi. Onlar müqəddəs şüarlar – «İsanın qəbrini xilas etmək üçün» həyata keçirilən səlib yüürüşlərini tamplierlər təşkil edirdilər. Özlərini «kasıb cəngavərlər»adlandıran tamplierlər ilk dövrlərdə elə bu işlərlə məşğul idilər. Amma soradan ordenin artan gücü və maliyyə imkanları onların fəaliyyətini daha da genişləndirdi və onlar sürətlə varlanmağa başladılar
Orden ilk hədiyyəsini Yerusəlim kralı II Balduindən aldı – kral onlara öz torpaqlarının bir hissəsini və Al-Aksa məscidini bağışlamışdı.
Tamplierlər dini məqsədlərə qulluq etdiklərin desələr də adi cəngavərlər kimi qarətdən də yayınmır və sərvətlərinin böyük hissəsini bundan əldə etmişdilər. Belə ki, onlar təkcə Konstantinopolu iki dəfə qarət etmiş buradakı bütün sərvətləri özləri ilə Avropaya gətirmişdilər.
Eləcə də bax: ABŞ-ın məşhur ştatı necə satıldı? - "LUİZİANA ALVERİ - TARIX
Bundan başqa, adətən səlib yürüşlərinə gedən feodallar da öz əmlaklarını saxlamaq üçün ordenə etibar edirdilər. Yürüşə gedənlərin isə hər onundan biri qayıdırdı. Bunların bir hissəsi həlak olur, digərləri Müqəddəs torpaqlarda qalıb yaşayırdılar. Belələrinin əmlakının da Ordenin mülkiyyətinə keçdiyini nəzərə alanda ordenin necə sürətlə böyüdüyünü təsəvvür etmək çətin deyil.
Tamplierlər Avropanı bürüyür
Orden Avropanın bütün ölkələrində özünün dayaq nöqtələrini - komandorluqlar yaradırdı. Tezliklə Fransa, Britaniya, Almaniya, İtaliya, Macarıstan və digər ölkələr kommandoluqlar şəbəkəsi ilə örtüldü. Bu məntəqələr yerləşdikləri ölkənin öz qanunlarına tabe deyil və toxunulmaz idilər. Təşkilatın əsas ofisləri Paris və Londonda idi. Mərkəzi ofis isə Parisin mərkəzində 6 hektarlıq ərazi tutan Tampl məbədi sayılırdı. Ordenin rəhbəri olan Böyük Magistrin iqamətgahı burada yerləşirdi.
Komandorluqdan əlavə Avropada ordenin çoxsaylı komturluqları da yaradılmışdı. Onlar hərbi təşkilat olmaqla yanaşı, həm də kredit bankları, hospital (pulsuz müalicə edirdilər), istehsal və ticarət mərkəzləri kimi fəaliyyət göstərirdilər. Bundan başqa, tamplierlər Avropada yolların kəsişdiyi nöqtələrdə çoxsaylı karvansaralar - komturiyalar tikirdilər. Ordenin yollarından istifadə üçün vergi ödənilmirdi. Ümumilikdə 13-cü əsrdə ordenin ən güclü vaxtında onun Avropanın və Yaxın Şərqin 10 ölkəsində 9 mindən artıq məntəqəsi vardı. Orden qəsrlər, qalalar, məbədlər, kilsələr və yolların tikintisi ilə məşğul olur, dilənçilərə əl tutur, aclıq illərində kasıbların pulsuz yeməyini təşkil edirdi.
Allah vergisi olan maliyyəçilər
Ordenin üzvləri hərbi fəaliyyətlə yanaşı, ticarət və sələmçiliklə də məşğul idilər və 12-13-cü əsrlərdə Avropanın ən böyük bankirlərinə çevrilmişdilər. Tamplierlərin maliyyə fəaliyyəti 13-cü əsrin ikinci yarısında daha da güclənmişdi. Ordenin maliyyə əməliyyatları müxtəlif idi. Onlar səlib yürüşünə gedənlərin əmlakını saxlayır, dövlətlərə və feodallara sələmə borc verir, böyük əmlakları alıb-satır və sərvət toplayırdılar.
Ordenin ayırdığı ilk «kredit» barədə məlumat 1135-ci ilə təsadüf edir. Sənədlərə görə, Yerusəlimə ziyarətə gedən yaşlı ailə ordendən borc götürmüşdü. Həmin vaxt kilsə sələmçiliyi lənətlədiyinə görə, müqavilədə faiz ödənişi yox idi. Amma tamplierlər çıxış yolu tapmışdılar – onlar ailənin ziyarətdə olduğu dövrdə onların əmlakının gətirdiyi gəlirin bir hissəsini özlərinə götürürdülər.
Eləcə də bax: 370 il əvvəlki istiqraz hələ də pul gətirir - TARİX
Sonradan kredit müqavilələrində verilən məbləğ deyil, ondan artıq məbləğ, yəni müştərinin qaytaracağı pul göstərilirdi və müştəri bu pulu qaytarmalı idi. Üstəlik, zinət əşyaları və ya torpaq girov qoyulmalı idi. Kreditin məbləği girovun 3-də ikisini keçməməliydi. Tamplierlər krediti illik 12%-lə verirdilər. Müqayisə üçün bildirək ki Avropanın maliyə baronları sayılan lombardiyalıların kreditləri 24%-40%-lə verirdilər.
Bundan başqa, əvvəllər tamplierlər pulu yalnız dini məqsədlər – ziyarətə getmək və məbəd tikmək üçün verirdilərsə, sonradan bu qayda kənara atıldı. 13-cü əsrin ortalarından tamplierlər tammiqyaslı bank əməliyyatlarına başladılar: onlar kredit verir, başqalarının maliyyə əməliyyatlarına zəmanət verir, indi bizim pul köçürmələri adandırdığımız əməliyatlar aparırdılar. Məsələn, müştəriyə hesab açılırdı və o bu hesaba məsələn Normandiyada müəyyən məbləğ yatırmaqda pulu Avropanın başqa bir yerində, özü də hətta başqa valyutada götürə bilərdi. Bu əməliyyata görə, tamplierlər kiçik vergi tuturdular.
13-cü əsrin ikinci yarısıeda tamplierlərin illik gəliri 200 min livr təşkil edirdi. Bu, ildə təqribən 20 ton qızıl demək idi.
Avropanın ən byöük torpaqlarının sahibləri
Tamplierlər Ordeninin torpaq sərvətləri daha böyük idi. Avropanın iri feodallarının, kral və zadəgan ailələrinin «müqəddəs işlərlə» məşğul olan ordenə torpaq şəklində etdiyi hədiyyələrin ucu-bucağı yox idi. Portuqaliya kraliçası, Fransa kralı və Barselona qraflığı ordenə geniş torpaqlar hədiyyə etmişdilər. İspaniya kralı Alfons Arqonski isə krallığın ərazisinin 3-də birini tamplierlərə vəsiyyət etmişdi. Doğrudur, kralın övladları bu vəsiyyətə əməl etmədilər. Amma kompensasiya olaraq orden böyük imtiyazlar və öz üzvləri üçün zadəganlıq titulları əldə etdilər.
Eləcə də bax: Sadəcə iş yeri - OFİSLƏR – BİZNES TARİXİ
Əvvəllər torpaqlar yalnız ianə kimi şəklində alınırdısa, 3-cü səlib yürüşü ərəfəsində (1189-1192) tamplierlər faktiki olaraq torpaq biznesinə başladılar. Bu sahədə ən böyük müqavilə İngiltərə Kralı Şir ürəkli Riçardla bağlanmışdı – tamplierlər 100 000 bezan (Bizans imperiyasının 4,55 qramlıq qızıl sikkəsi) ödəməklə kralda Kipr adasını almışdılar. Doğrudur, sonradan orden adanı nəzarətdə saxlaya bilməyərək yenidən krala geri satdı. Amma burada ordenin şöbəsini - komandorluğu saxladı
Orta əsrlərin ən sürətli poçtu
Avropanın mühüm ticarət yollarında komandorluq yaradan tamplierlər poçt xidməti də göstərirdilər – onlar hətta Akr şəhərindən Londona məktubu cəmi 13 həftəyə çatdıraqla rekord vurmuşdular – bu orta əsrlər üçün görünməmiş sürət idi.
Maraqlıdır ki, müasir plastik kartların əcdadı sayılan yol çeklərini də tamplierlər icad edib. Bu yenilik insanları narahat Avropanın yollarında böyük pul və zinət əşyaları ilə səyahət etməkdən azad edirdi. Belə ki, səyahətçi tamplierlərdən üzərində xüsusi qeydlər olan kiçik dəri parçası alırdı, başqa şəhərdə həmin parçanı istənilən komturiya və ya komandorluğa təqdim etməklə öz pulunu geri almaq mümkün idi.
Bundan başqa, tamplierlər kiçik ödəniş müqabilində pul və qiymətli əşyaları saxlayır (indiki bank seyfləri), eləcə də, sərvəti və pulu bir yerdən başqa yerə daşıyırdılar (inkassasiya xidməti).
Bunun üçün tamplierlərin 200 inkassator heyəti var idi. Məsələn, 1198-də Roma papası III İnnokenti Yerusəlim patriarxına göndərmək istədiyi 1000 livr (təqribən 100 kiloqram) qızılı tamplierlərlə yollamışdı.
Tamplierlərin qəbul etdiyi depozitlər kilsənin zəmanəti ilə saxlanılırdı – onlara kəm baxmaq günah idi. Saxlama kameralarının isə iki açarı vardı – bunlardan biri depozitin sahibində, digəri isə məbəd nümayəndəsində qalırdı. Bu xidmət xüsusilə krallar, feodallar və tacirlər arasında populyar idi.
Ümumiyyətlə, tarixçilərin əksəriyyəti bu ordeni müasir bank sisteminin yaradıcıları hesab edir.
Böyük xəzinədarlar
Avropanın ən böyük bankirlərinə çevrilən tamplierlər krallara, yüksək zadəganlara, hətta Roma papasının özünə kredit verirdilər. İş o yerə çatmışdı ki, onlar dövlət xəzinələrini də darə etməyə başladılar. 1146-cı ildə səlib yürüşünə yollanan kral VII Lödovik Fransa xəzinəsini tamplierlərin iqamətgahına gətirir və onun idarə edilməsini ordenə tapşırır. Bu, ordenin statusunu və hakimiyyətin onlara olan etibarının hansı səviyyədə olduğunu göstərirdi.
Tamplierlər düz 25 il Fransa xəzinəsin idarə etdilər. IX Lüdovikin dövründə isə Fransa hökumətinin xəzinəsi Tamplierlərin xəzinəsi ilə birləşdi. Hər iki xəzinəni eyni şəxs idarə edirdi. Bundan başqa, tamplierlər Yerusəlim krallığının da xəzinəsini idarə edirdilər. Eləcə də hospitalyerlərlə (başqa bir dini orden-təşkilat) birlikdə Roma papası III Aleksandrın dövründə (1159–1181) papalığın da maliyyə işlərini aparırdılar. Fransa kralı II Filipp Avqust isə özünün 3-cü Səlib Yürüşündə olduğu vaxtda ölkədə vergi yığımını ordenə həvalə etmişdi.
Şir ürəkli Riçardın qardaşı, onu taxttacda əvəz edən Torpazsız İohann isə əvvəlcə 1202-ci ildə tamplierlərə İngiltərə krallığının qızıllarını etibar edir. 1220-ci ildə isə cəngavərlər İngiltərənin böyük kral möhürünü də saxlayırdılar. Bəzi dövlətlərarası mühüm müqavilələr də etibarlı saxlanmaq üçün məhz tamplierlərə etibar edilirdi.
Güclü rəqiblərin qisası
Tamplierlərın əldə etdiyi böyük sərvətlər və təsir imkanları təbii ki, dövlət rəhbərlərini və ali zadəganları narahat edirdi. Məsələ bundadır ki, orta əsrlər Avropasında müharibələrin əlindən gücdən düşmüş dövlətlər kasıb idilər və müxtəlif formalarda ordendən asılı vəziyyətə düşmüşdülər. Digər tərəfdən, papa ordenin təsirinin artmasından narahat idi. Nəhayət, tamplierlərin maliyyə sahəsindəki diribaşlığı onlara rəqib gözü ilə baxan Avropanın ənənəvi maliyyə krallarını – Lombardiya bankirlərini və yəhudi sələmçilərini əsəbiləşdirirdi.
Bütün bunlar tamplierlərin faciəsi ilə nəticələndi. Fransa kralı IV Filippin dövründə krallığın tamplierlərə böyük borcları yığılmışdı. Müharibələr zamanı alınan bu borcların nə vaxt qaytarılacağı bilinmirdi. Yeri gəlmişkən, Fransa hökuməti tamplierlərdən başqa, lombardiyalılara və yəhudi bankirlərinə də böyük məbləğlər borclu idi. Sonuncuların aqibəti yaxşı olmadı –onlar əvvəlcə həbs olundu, sonra isə bütün əmlakları müsadirə etdilərək ölkədən sürgün edildilər. Təbii ki, krallığın onlara olan borcları da dərhal silindi. Sonra isə kralın nəzərləri tamplierlərə yönəldi. Üstəlik, kral hakimiyyəti mərkəzləşdirməyə və indiyədək imtiyazları olan orden və zadəganları özünə tabe etdirmək istəyirdi. Tamplierlər isə imtiyaz və müstəqilliklərini itirmək istəmirdilər.
Fransa kralının tamplierlərin sırasına daxil olmaq və ya birgə orden yaratmaq təklifi rədd edildi və o, məsələni güc yolu ilə həll etməyi qərara aldı.
1307-ci ilin 13 oktyabında krallığın agentləri tamplierlərin iqamətgahına hücum edərək ordenin bütün rəhbərliyini həbs etdilər. Onların arasında Böyük Magistr Jak de Mole və daha 5 yüksək çinli var idi. Hökumətin hazırladığı və həmin vaxt Fransa kralının tam nəzarətində olan Roma papası Klementin təsdiqlədiyi ittihamnaməyə görə, tamplierlər əksəriyyəti dini olan 117 cinayətdə, o cümlələn allahsızlıqda, insan əti yeməkdə və şeytana qulluq etməkdə günahlandırılırdılar. Orta əsrlər Avropasında belə ittihamlardan sağ çıxmaq ümkün deyildi. Tezliklə ordenlə bağlı dəhşətli işgəncələr və edamlar başladı. Əvvəlcə sıravi cəngavərlər, sonra isə daha yüksək çinlilər inkvizisiya odunda yandırıldılar.
1314-cü ilin yağışlı mart günündə – martın 18-də Böyük Magistr Jak de Mole də edam edildi, bununla da tamplierlər erası başa çatdı.
Tamplierlərin sərvəti
Ordenin məhvindən sonra onun sərvətinin taleyi naməlum qaldı. Bəzi məlumatlara görə kral buradan gözlədiyi var-dövləti əldə edə bilməyib, hətta müsadirə olunan sərvətlərin siyahısına baxaraq qəzəblənib. Əfsanəyə görə, tamplierlər sərvətlərini bir neçə yerdə saxladıqlarına görə, onları aşkar etmək mümkün olmayıb. Hətta bu xəzinənin o vaxtlar Avropanın xəbəsiz olduğu Meksikaya göndərildiyi və ya İsveçrənin bank sektorunun əsasını qoyduğu da bildirilir. İstənilən halda xəzinəni indiyədək axtaranlar da var.
Bəzi məlumatlarda isə əksinə, kralın böyük sərvəti ələ keçirdiyi bildirilir. Təkcə Fransa kralı və Roma papası bu əməliyyatdan 1 milyon livr vəsait, böyük həcmdə zinət əşyaları əldə etdilər. Üstəlik krallığın və papanın bütün borcları da silindi. Tamplierlərin böyük torpaqları və əmlakları isə başqa ordenlər arasında bölüşdürüldü.