Diqqət: Bu material FED.az-ın sifarişi ilə hazırlanıb və onun digər resurslarda dərci qadağandır
Bu ilin əvvəlində 3 milyon dollar investisiya almaqları ilə gündəmə gəldilər. Hazırda 40 ölkədə satış edirlər, 3 ölkədə ofisləri var. Söhbət “Keepface” startapından gedir.
Startapın təsisçiləri Vaqif Abbasov, Elşad Yusifli və Emin Vəlidir. Vaqif Abbasov və Elşad Yusifli “Keepface”in necə işlədiyini və necə gəlir gətirdiyini açıqlayır.
- İlk olaraq “Keepface”dən öncəki iş həyatınızdan başlayaq. Hansı sahədə çalışırdınız?
Vaqif: Hərbi təhsil almışam. 12 il hərbidə çalışmışam. Hərbidə olduğum müddətdə kiçik startap layihələrlə məşğul idim. 2012-ci ildən ehtiyata buraxılmışam. Ehtiyata buraxılandan sonra müəyyən şirkətləri təsis etməyə başladım. Bəziləri uğursuz alındı, bəzilərində kiçik məbləğdə də olsa, satışlarımız oldu.
Elşad: Mən ali təhsilimi Türkiyədə almışam. Təhsilim başa çatandan sonra iki il universitetin kompüter departamentində işləmişəm. 5 il də İstanbulda bir agentlikdə proqramlaşdırma ilə bağlı çalışdım. 11 il Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıtdım və “Azercell”də işləməyə başladım. Bir müddət orda işlədikdən sonra baxdım ki, bazarda fürsətlər var. Məhsul çıxarıb sata, öz işlərimizi qura bilərik. Ona görə, “Azercell”dən ayrılıb öz layihələrimizə başladıq. Vaqifin kiçik də olsa nəticə əldə etdikləri olub, amma məndə batan layihələr daha çox olub (Gülür). 2016-cı ildən isə Vaqifin “Keepface” ideyasının ətrafında toplaşmışıq.
“Uzun saçlı, sırğalı, cırıq şalvarlı oğlan şirkətə 3,5 milyon dollar qazandırdı” - MÜSAHİBƏ
- Uğursuz alınan, yaxud çox kiçik uğurlar əldə etdiyiniz layihələr sizə hansı təcrübəni qazandırdı?
Elşad: Bir adamın əl atdığı bütün layihələri uğurlu olubsa, demək o, hələ uğursuzluğa düçar olmayıb. Onun elə indiki layihəsinin uğursuz olma ehtimalı böyükdür. Gərək bir-iki işi batırasan ki, necə edəndə batır, onu öyrənəsən.
Vaqif: Hərbidən sonra etdiyim layihələrdən dördüncüsü “Keepface” idi. Uğurlu, ya uğursuz hər layihə komanda qurulmasından tutmuş məhsulun hazırlanmasına qədər fərqli təcrübə qazandırır. Məsələn, digər layihələrdə biz həmişə çalışırdıq ki, proqram təminatını A-dan Z-yə qədər hazır edək, sonra bazara çıxaq. Amma bazara çıxaranda görürdük ki, bu məhsul tam olaraq bazarın tələblərinə uyğun deyil və bazarın tələblərinə uyğun dəyişməyə başlayırdıq. Bu zaman isə çoxlu vaxt və pul itirirdik. “Keepface”də bunu fərqli etdik. Birinci biznesin özünü bazarda təsdiqlətdik. Test etdik, əmin olduq ki, doğrudan da belə bir biznes işləyə bilər. Sonra arxada yavaş-yavaş proqram təminatı hazırlamağa başladıq. Bu kimi misallar çox çəkmək olar.
Azərbaycanın ilk yerli idman geyim brendini yaradan xanım - MÜSAHİBƏ
- Bazara necə daxil oldunuz? İlk müştəriniz necə gəldi?
Vaqif: İlk vaxtlar ofisimiz yox idi, “Baku Business Factory”də otururduq. Həmin məkanın rezidentlərindən olan bir Azərbaycan startapının sosial şəbəkədə reklama ehtiyacları var idi. Bazara yeni daxil olurdular. Dedik ki, bizim ideyanı onların üzərində test edək. Biz orada 30-a yaxın dəb bloggeri ilə bir kampaniya etməli idik. Həmin bloggerləri tapdıq, danışdıq, təşkil etdik. Doğrudan da uğurlu iş alınmışdı. Onlar da nəticədən razı qaldılar. Daha sonra bu işimizi başqa şirkətlərə təqdim edib “Belə bir kampaniya etmişik” dedik. Belə bir kampaniya Azərbaycanda ilk dəfə baş verirdi. Belə-belə başqa işləri götürməyə başladıq. Gördük ki alınır, bu zaman artıq işin avtomatlaşdırmasına keçdik. 6-7 aydan sonra bizim ilkin məhsul yaranmışdı ki, bu proseslər avtomatik həll olurdu. Yəni əvvəl biz influnserləri tapıb şirkətlərin reklamını təşkil edirdik. Amma indi artıq hər şey avtomatik olur, onlar özləri proqrama daxil olub seçə bilirdilər.
«7 il işsiz qaldım, məni vəziyyətdən bu layihə çıxardı – ÖZ BİZNESİMİ QURMUŞAM»
- Bu biznes sizə necə pul qazandırır?
Vaqif: Bu cür biznes modellərinə “marketplace” – bazar yeri deyirlər. Bir bazar yaratmışıq, orda alıcılar və satıcılar var. Necə ki, “Uber” bir bazar yeri biznes modelidir. Onlar taksi sürücüləri ilə taksi axtaran adamları birləşdirir. Eyni məntiq bizdədir. Hansı ki, reklam etdirmək istəyənlə, sosial mediada izləyicisi çox olan və məşhur bloggerlər, jurnalistlər, fotoqraflar, müğənniləri bir araya gətirən proqram hazırlamışıq. Proses necə baş verir? Şirkət qeydiyyatdan keçir, öz brendini bizim platformada yaradır və o, bizim axtarış sistemində öz kriteriyalarına uyğun influnserləri tapır, onlara elə platforma üzərindən təklif göndərə bilir. İnflunserlər də bizim proqramda qeydiyyatdadırlar. Şirkətlər onlara təklif göndərəndə məlumat gəlir ki, filan şirkət sizlə əməkdaşlıq etmək istəyir, qiymət budur. Qiymətlə razısınızsa, “bəli” deyirsiniz, deyilsinizsə, öz qiymətinizi təklif edirsiniz. Orada bir razılaşma prosesi baş verir. Bundan sonra həmin şirkətin verdiyi tapşırığa uyğun, həmin o influnserlər kontent hazırlayıb sosial media hesablarında paylaşırlar və bizim proqram da bunun hesabatlarını hazırlayır. Ödənişlər də bizim platforma üzərindən baş verir.
«Dedim, başqasına işləməkdənsə, niyə də öz işimi qurmayım» - ŞƏMKİRLİ QADININ BİZNES HEKAYƏSİ
- Şirkətlər influnserləri sizin platformadan seçib, amma sonra sizin üzərinizdən deyil, birbaşa özlərinə müraciət edə bilərlər. Belə hallar işinizə maneə olurmu?
Elşad: Siz “Uber”dəki taksi sürücüsünün nömrəsini götürüb daha sonra onun xidmətindən şirkətdən kənar da yararlana bilərsiniz. Amma siz yaxında taksi istəyirsinizsə, o sürücü həmişə sizə yaxın ərazidə olmur və o proqramdan istifadə edirsiniz. Bizim sahəyə gəlincə, qeyd etdiyiniz hallar olur. Buna daha çox kiçik kampaniyalar gedirlər. Amma 20, 50, 100 influnserlə böyük kampaniyalarınız olacaqsa, bunu etmək qeyri-realdır. Onların hamısına ayrıca təkliflər göndərməlisiniz. Hamı ilə bir yerdə kommunikasiya etmək üçün bir platforma lazımdır. Bunları bir platforma olmadan etmək qeyri-mümkündür. Kampaniya tamamlanandan sonra bir də hesabat tərəfi var. Bir influnserlə edirsinizsə, sadəcə onun profilinə girib bəyənmə, rəylərə baxa, analiz edə bilərsiniz. Amma 100 influnserlə edirsinizsə, böyük vaxt itkisidir. Bizim hədəfimiz daha böyük kampaniyalar olduğuna görə, qeyd etdiyiniz hallar bizim üçün problem yaratmır.
Vaqif: Biz sonradan bu məsələ ilə bağlı da xidmət əlavə etdik. Elə şirkətlər, şəxslər var ki, onlar bizimlə işləmək deyil, bizi influnser axtarış platforması kimi istifadə etmək istəyirlər. Onlara da kiçik məbləğdə aylıq abunəlik xidməti təklif edirik.
- İdeya olaraq maraqlıdır, bəs Azərbaycan üçün bu startapa 2017-cı ildə başlamaq riskli deyildi?
Vaqif: 2013-cü ildə ABŞ-da belə bir şirkət (İnflunser marketinq şirkəti) yaranmışdı. Elə həmin il bunu Elşadla danışmışdım, demişdi ki, bizdə heç vaxt tutmaz. O vaxt məni həvəsdən salmışdı (Gülür). 2015-ci il devalvasiyasından sonra artıq fikirləşirdik ki, elə bir işə başlayaq ki, qısa müddətdə gəlir gətirsin. Çünki həm komandanın xərclərini qarşılamalı idik, həm də özümüz pul qazanmalıydıq. ABŞ-da bu sahədə yaranan ilk şirkət 2016-cı ildə 5 milyon dollar investisiya əldə etmişdi. Bu investisiyadan sonra biz Elşadla bu mövzuya yenə qayıtdıq. Düşündük ki, bu axtardığımız işdir və artıq bu regionda da tələbat var. 2017-ci ilin yanvar ayında biz ilk işə başladıq.
- İnanırdınız ki, bu ideya Azərbaycanda tutacaq?
Vaqif: Əvvəllər inanmırdıq ki, bu ideya Azərbaycanda baş tutar. Çünki xaricdə başlayan yeni trend idi. Qonşu ölkələrdə, Orta Asiya ölkələrində belə bu cür platformalar yox idi. Ona görə də test olaraq başladıq. Elə ilk aylardan da gəlir əldə etdik. 5 ildə hər gün gəlirimiz artıb.
- Vaqif bəy, “Keepface” startapı üçün ilk olaraq Elşad və Emil bəyə “Başlayaq” deyə müraciət etmişdiniz?
Vaqif: (Gülür) Əslində Elşad və Emindən əvvəl başqa bir komanda (daha çox texniki komanda idi) ilə razılaşmışdıq, işə başlamalı idilər. Amma üstündən bir ay keçdi, gördüm ki, heç bir iş davam etmir. Adamlar dostlarımız idi. Görüşüb danışdıq ki, burada böyük hədəflərimiz var. Dostluğumuz öz yerində, amma bu iş sizin üçün prioritet deyilsə, yollarımızı indidən ayıraq. İşə başlamadan yollarımızı ayırdıq. Mən təzədən komanda yığmağa başladım.
- Elşadla, Emini niyə seçdiniz?
Vaqif: İşə başlamazdan əvvəl bir startapın uğurlu olmağı üçün orada həm biznes, həm də texniki yönümlü insanların olması lazımdır. Mən hərbiçiyəm və özümü bunların heç biri hesab etmirəm. Fikirləşirdim ki, mənə iki həmtəsisçi lazımdır. Biri texniki, digəri isə biznes, marketinq, satış yönümlü olsun. Elşadı elə ekosistemdən tanıyırdım. Startap layihələri ilə bağı tədbirlərdə tez-tez görüşürdük. Elşada təklif etdim, razılaşdıq. Sonra Eminlə rastlaşdıq və üçlü komanda yarandı. İndi də əvvəlki formada marketinq, satış tərəfini Emin, texniki tərəfləri isə Elşad aparır. Mən isə inzibati işlərlə məşğul oluram. 5 ildir ki, bu bölgü ilə davam edirik.
- Elşad bəy, sizə təklif gələndə, düşündünüz ki, əvvəl başqa bir komanda ilə başlamağa çalışıblar, nə isə addım atılmayıb. Uğursuz ola bilər və s.
Elşad: Startap təcrübəsi olanlar bilirlər ki, ideya tərəfi işin kiçik qismidir. Əsas olan komandanı yığmaq, sonradan onu məhsula çevirməkdir. Ona görə əvvəlki komandanın işi nəticələndirə bilmədiyinə çox da fikir vermədim. Baxdım ki, qəşəng və tutan ideyadır, və artıq bu fikri bazarda satmaq olar, tələb var. Ondan sonra dedim ki, mən burda olmaq istəyirəm.
- Startaplarda təsisçi komandanın bir yerdə qalmasından, bunun işin gedişatına təsirindən danışaq.
Vaqif: İşə yeni başlayanda heç bir komanda üzvünə maaş, pul təklif etmək olmur. Kim başlayacaqsa, qoşulacaqsa, vaxtını, bilik və bacarığını sərf edəcək və müəyyən bir müddət bunun qarşılığını almayacaq. Bir neçə ildən sonra bunun töhfələrini görə biləcək. O da böyük riskdir. Görə də bilər, görməyə də. Ona görə də startaplarda komandanın qurulması, həmtəsisçilərin bir yerə gəlməsi çətinliklə baş verir. Çünki hamı bir şəkildə dolanmalı, haradasa işləyib maaş almalı və paraleldə də öz ideyalarını gerçəkləşdirməlidir. Kimsə bunu edə bilir, kimində də alınmır. Edə bilirsə, artıq ortaya bir iş, məhsul çıxır. Demək olmaz ki, biz bunu edə bildik, amma müəyyən yolu qət etmişik.
- İnflunser adlandırılan şəxslərin seçimi necə olur?
Vaqif: Tezisimiz belədir ki, izləyici sayından asılı olmayaraq hər kəs bizim üçün influnserdir. Çünki hər kəsin bir nüfuz dairəsi və onlara təsir etmək imkanları var. Mənim “Facebook”da 200 dostum varsa, onlara təsir etmə, “influence etmə” imkanlarım var. Hətta influnser marketinqdə mikro influnserlərin kampaniyaları daha effektiv olur. Ümumilikdə, limit qoymuruq. Hər kəs influnser kimi bizim platformada qeydiyyatdan keçə bilir. Öz qiymətlərini müəyyənləşdirir, sosial media hesablarını daxil edir. Şirkətlərə o imkanları vermişik ki, onlar bu influnserləri analiz edə və öz istəklərinə uyğun olanı seçə bilsinlər. Elə şirkətlər olub ki, onlar kiçik influnserlərlə işləmək istəyiblər. Hansı ki, onların 200-500 dostu, 1000 izləyicisi var. Elə şirkətlər də var ki, 100 minlərlə izləyicisi olan influnserlər axtarırlar.
- 3 nəfərlə başlamışdınız. Nə qədər vaxt 3 nəfər oldunuz?
Vaqif: Proqram hazır olmadan əlavə bir proqramçı götürdük, 4 nəfər olduq. Daha sonra bir layihə meneceri götürdük. İndi ümumilikdə 67 nəfərik. Onun 40 nəfəri “Metainfluence”də çalışır.
- İşçilərə maaş verə bilirdiniz?
Vaqif: Kimi cəlb etmişiksə, həmişə maaş vermişik. İlk vaxtlar düzdür, aşağı maaşlar olub, amma maaş vermədiyimiz olmayıb.
- Bəs nə qədər vaxt sonra şirkətdən özünüzə maaş yazdınız?
Vaqif: 3 nəfər həmtəsisçi olaraq 3-4 il şirkətdən əməkhaqqı almadıq. Müəyyən dövr almışıq, amma davamlı olmayıb. Həmişə gəliri təkrar investisiya edirdik ki, işi böyüdək.
- Bəs necə dolanırdınız, xərclərinizi necə qarşılayırdınız? Əyləncəniz filan…
Elşad: Startapçı nədir, əyləncə nədir? (Gülür)
Vaqif: Biz başqa istiqamətdə müəyyən işlər görürdük, kənarda kiçik gəlirlərimiz olurdu. Amma “Keepface”dən pul götürməyə çalışmırdıq.
Elşad: Sadəcə olaraq düşünürsən ki, o pulu işə investisiya etsəm, şirkət daha sürətlə böyüyəcək və gələcəyi çox parlaq olacaq. Gəlir olurdu, amma biz onu xərcləməkdən çox, işə investisiya etməyi üstün tuturduq. Tutaq ki, Ukraynada influnser kampaniyalar etməyə başladıq, ordan gələn gəliri başqa Ərəb ölkələrinin bazarına daxil olmaq üçün istifadə edirdik. Türkiyə bazarına girmək üçün də böyük investisiya etmişik.
- İşlərin yaxşı getmədiyi dövrlər də olur yəqin ki. Belə dövrlərdə necə ayaqda qalırsınız? Çünki bir çox startaplar çətinlik dövründə dayanır.
Vaqif: Bu, bütün startaplarda baş verir. Bizdə də belə hallar periodik (dövri) olub. Görürsünüz ki, işlər yaxşı gedir, işi böyüdürsünüz. Böyüyəndə, xərcləriniz artır. Bəzən xərciniz artan dövrdə satışlar azalır. Biz həmin xərcləri ödəyə bilmədiyimizdən şirkət adına borca giririk. Amma hər dibə düşüşümüz bizə müsbət təsir göstərir. Çünki düşdüyümüz yerdən çıxmaq üçün nəsə yenilik edərək işi bir az da böyütməyə nail olmuşuq.
- Borc məsələsini dediniz. Bankdan götürürdünüz?
Vaqif: Bankdan heç vaxt kredit, borc götürməmişik. Şəxsi mənbələrimizdən götürmüşük.
- Hansı məbləğdə borclarınız olub?
Vaqif: 2019-cu ildə bir dəfə olub. 90 min dollarını borcumuz yaranmışdı. Düzdür, biz məhsula, xidmətlərimizə inanırdıq, müəyyən dövriyyə olurdu. Amma komanda böyüyür, aylıq xərclərimiz artırdı. Belə vaxtda bir müddət satışlar aşağı olduğu zaman biz həm komanda yoldaşlarımıza, həm müəyyən xidmət aldığımız yerlərə borclu qalırıq. 90 min dollar o vaxt bizim üçün böyük idi. İndi o qədər də böyük sayılmır. İndi bir aylıq xərclərimiz o qədərdir.
- Borcunuz olanda, nə edirdiniz?
Vaqif: Hər dəfə çətinə düşəndə nə isə bir sıçrayış etmişik. “Keepface”in ən çətin vaxtlarından birində 500 Startapın keçirdiyi "Dojo Series A" proqramında iştirak etdik və ordan 150 min dollar investisiya aldıq. Ondan sonra elə böyük borclarımız olmayıb. Ümumilikdə, borcumuz olanda, daha çox işləməyə çalışırdıq (Gülür).
- Çox işləmək deyəndə nəyi nəzərdə tutursunuz?
Vaqif: Şirkətə maliyyə gətirən iki məsələ var. Bir satış, biri də yeni məhsullardır. Çalışırdıq ki, çox satış edək və yeni məhsullarla bazara çıxaq.
- Deyirlər ki, şərikli biznes çətindir. Bəs startap?
Vaqif: Startap ənənəvi bizneslərdən fərqlidir. Burda şəriksiz mümkün deyil. Hətta investorlar belə tək təsisçisi olan startaplara investisiya etmək istəmirlər. Çünki çox risklidir, hər şey bir nəfərdən asılıdır. İdeal odur ki, iki-üç nəfər şərik olsun və iş bölgüsü olsun. Bizdə də əvvəldən iş bölgüsü var.
- Sözünüz çəp gəlmir?
Vaqif: Bu da normal haldır. Əsas odur ki, biz qısamüddətli toplantıda ortaq fikrə gələ, bir-birimizi inandıra bilirik. İndiyə qədər bütün müzakirələrimizdə həmişə bu baş verib.
Elşad: Startapda ortaqlar varsa, mübahisələr də olur. Yaxud “Hansı məhsulumuzu edək?” məsələsində hər biri fərqli fikirdə ola bilir. Məsələn, biri deyər ki, filan ölkə bazarına girək, o biri başqa ölkəni daha uyğun görər. Amma iclasda ortaqlar arasında son qərar nə olursa, həmin andan sonra hamı öz fikrini bir kənara qoyur və enerjisini son verilən qərar istiqamətində sərf etməyə başlayır. Əsas olan budur.
- İşin reklamını apardınız?
Vaqif: Bizim iş elədir ki, reklamlarımızı şirkətlərə edirdik. Amma daha çox tövsiyə yolu ilə reklamımız gedib. Yəni hansısa şirkət bizim proqramdan istifadə edib, razı qalıb, digər şirkətlərə tövsiyə ediblər. Bu cür böyüyürdük. Bizim ikinci satış kanalımız agentliklər idi. Biz həm birbaşa şirkətlərə xidmət göstərirdik, həm də şirkətlərə öz xidmətlərini göstərən agentliklərə. Bizim satışların 47 faizi agentliklərdən gəlir. Reklamlardan daha çox yeni ölkə bazarına daxil olanda istifadə edirik.
- Hazırda neçə ölkədə ofisiniz var?
Vaqif: 40 ölkədə satış edirik. 3 ölkədə ofisimiz var.
- Mərkəzi ofisiniz niyə Dubaydadır?
Vaqif: Dubay regional mərkəzlərin biridir. Həm qlobal investisiyalar cəlb etmək üçün münbit şərait var, həm də bir çox şirkətlərin, startapların, ekosistemin mərkəzlərindən biridir.
- “Keepface” startapının maliyyə dəyəri nə qədərdir?
Vaqif: Startapın dəyəri investisiya alanda hansı dəyərləndirmə ilə investisiya alması ilə hesablanır. Biz ilk investisiyanı özəl bir investordan 2018-ci ildə almışıq. 300 min dollar məbləğində idi. Burda bizim şirkətin dəyərləndirməsi 2 milyon dollar olmuşdu. Ondan bir il sonra biz 150 min dollar investisiya aldıq. Həmin vaxt bizim startap dəyərimiz 3 milyon dollar hesablandı. Sonuncu investisiyanı (3 milyon dollar) “Metainfluence” layihəmiz üçün bu il aldıq. Bu investisiya ilə birgə şirkətin dəyərləndirilməsi 37,5 milyon dollar oldu.
- 500 Startapdan investisiya aldığınızda şirkətin çox çətinlikdə olduğunu dediniz. Bəs ondan əvvəlki ilk investisiyanı necə xərcləmişdiniz?
Vaqif: Biz birinci investisiyanı alana qədər ancaq Azərbaycanda xidmət göstərirdik. O investisiyanı alandan sonra həm texniki komandanı, həm də satış komandasını böyütdük ki, yeni məhsul ortaya çıxaraq və sataq. Biz o investisiya ilə Mərkəzi Asiya və Qafqaz ölkələrinə daxil olduq. İkinci investisiyanın bir hissəsi ilə Ərəb ölkələrində xidmət göstərməyə başladıq. Yəni, daha çox böyüməyə xərclədik.
- O investisiyaları almasaydınız, indi bu startap hansı səviyyədə olardı?
Vaqif: “Almasaydıq”la bağlı dəqiq nəsə demək çətindir. Yəqin ki indiki yerdə olmayacaqdıq, bu, dəqiqdir. Çünki maliyyə resursu olanda, hansısa bazarlara sürətli girmək, reklam edərək müştəri cəlb etmək olur.
Elşad: İnvestisiyadan investisiyaya fərq var. “Smart investment” (Ağıllı yatırım) deyilən bir yanaşma var. Biri var investor sənə sadəcə pul verir, bir də var ki, puldan əlavə nəsə ortaya qoyur. İnvestisiya edənin netvörkinqinin olmağı, treninq imkanları və s. məsələlər də önəmlidir. Bu, startaplarda vacib məqamlardan biridir. Ona görə o investisiya gələndə sadəcə pul yox, həm də özü ilə bərabər nələrisə gətirir və o, startapın böyüməyinə çox böyük təsir edir. Bizim bəxtimiz orda gətirib ki, ilk investisiyanı rəqəmsal marketinqi dərindən bilən bir komandadan almışıq. İkinci investisiya isə 500 Startapdan. Hansı ki bir aylıq təlimlərdə iştirak etmişik. Orda öyrəndiklərimizi başqa hardasa öyrənmək demək olar ki, mümkün deyil.
- 50 nəfər üçün ödənişli təcrübə proqramı elan etmişdiniz.
Vaqif: O elan çox yayıldı, 1100 müraciət oldu. 50 nəzərdə tutsaq da, 100 nəfəri bir aylıq təcrübə üçün götürdük. İndi onların 20 nəfərini saxlamışıq, işə davam edirlər.
- Qeyd etmişdiniz ki, şirkətə dəyər qatanları saxlayacağıq. Kriteriya nədir? Bəlkə kimsə “Keepface”də işləmək fikri var, onlar üçün deyək.
- İşləmək istəyənlər varsa, deyim ki, hazırda bizdə 10-dan yuxarı vakansiya var. Bu yaxınlarda paylaşacam. Komandanın sayı indi 40 nəfərə çatır. Gördüyümüz işlər yeni sahələrdir. Ona görə, öz sahəmizlə bağlı mütəxəssis tapa bilmirik. Çünki ümumiyyətlə, bu sahə ölkəmizdə yoxdur. Ən yaxşı yol marağı, həvəsi olan gəncləri götürüb işi öyrətməkdir.
Elşad: Biz regional şirkət olduğumuza görə gələn namizədlər heç olmasa bir xarici dili çox yaxşı bilməlidirlər. Ya rusdilli ölkələrə yönləndirək, yaxud da ingilis dili ilə əlaqəli istiqamətdə tələb çox olur.
- Yenə investisiya təklifi olsa, qəbul edərsiniz?
Vaqif: Yanvar ayında bir investisiya mərhələsini yekunlaşdırdıq. 20-yə yaxın vençur kapital şirkətdən 3 milyon investisiya aldıq. Hazırda heç bir investor axtarmırıq. İndi buna ehtiyac yoxdur. Pulun azlığı da pisdir, çoxluğu da. Biz indi aldığımız 3 milyon investisiya ilə müəyyən işlər görməliyik. Növbəti mərhələlərdə bəlkə ola bilər. Ehtiyac olduğu zaman yeni mərhələ açılır.
- Nə vaxt artıq sırf idarəetmə işləri ilə məşğul olmağı düşünürsünüz?
Vaqif: Biz həm idarəetmə orqanında qalırıq, amma həm də icraçı işləri aparırıq. Yəqin ki, iş böyüdükcə ayırmalı olacağıq. Çünki yeni qurulub. İstəyirik ki, hərəmiz bir sahəni götürüb inkişaf etdirək. Ancaq hələ ki, burdayıq.
Elşad: Əslində, qıraqdan başqa cür görünür. Şirkət, startap investisiya aldıqca investorlar qarşısında öhdəliklər yarandığına görə startapı daha da məsuliyyətli edir. Özünü o yükün altında hiss edirsən. Ona görə biz işin içində daha çox oluruq.
Aygün Asimqızı