Azərbaycanda biznes mühiti, iş adamlarının dövlət tenderlərində üzləşdiyi problemlər, Gəncədə sahibkarlar üçün yaradılacaq imkanlar və hökumətə yeni təkliflərlə bağlı FED.az-ın suallarını «Gəncə İş Adamları» İctimai Birliyinin sədri, «Zəfəroğlu» şirkətlər qrupunun sahibi Zəfər Məmmədov cavablandırıb
- Zəfər müəllim, neçə ildir ki, sahibkarlıqla məşğulsunuz?
- Artıq 15 ildir ki, sahibkarlıqla məşğulam, biznes sahəsindəyəm.
- Təhsiliniz, ixtisasınız nədir?
- Hüqüuqşünasam, amma hüquq sahəsində fəaliyyətimi davam etdirmədim, biznes sahəsini seçdim.
- Hüquqşünas ixtisası ilə siz indi, məsələn məhkəmə sədri və ya vəkil ola bilərdiniz...
- Elədir, əslində ilk olaraq mənim də fikrim belə idi. Amma vaxt keçdikcə gördüm ki, biznes daha rahat və daha azaddır. Bu da mənim xarakterimə uyğun gəldiyi üçün biznes sahəsini seçdim.
- Biznesə necə başlamısınız - dərhal «Zəfəroğlu inşaat»ı yaratdınız, yoxsa ondan əvvəl başqa şirkətlər də olub?
- «Zəfəroğlu inşaat» mənim yaratdığım 3-cü şirkətdir. Ondan əvvəl digər iki şirkət yaratmışdım.
- Bəs onların taleyi necə oldu- indi işləyirlər?
- Bilirsiniz, şirkəti yaratmaq deyil, onun davamlılığı önəmlidir. İlk şirkəti yaradanda çox gənc idim və bunun mahiyyətini və önəmini o qədər də anlamırdım. İlk şirkəti 2006-cı ildə yaratdım, daşınmaz əmlak sahəsində işləyirdi və kifayət qədər uğurlu idi. Amma bir müddət sonra Ukraynada da digər şirkət qurdum, daha sonra Dubayda və digər ölkələrdə çalışdım. Bu müddətdə ilk şirkətimə, hansı ki, əmlakla məşğul idi, o qədər də dəyər qiymət vermirdim. Deyirdim problem deyil, bu gün bunu yaratmışam, sabah digərini yaradaram – bu fikirlərdə işləyirdim. Nəticədə bir müddət sonra şirkəti bağlamaq məcburiyyətində qaldım.
- Niyə bağlamalı oldunuz?
- Xatırlayırsınızsa, 2007-2008-2009-cu ildə dünyada böhran baş verdi. Hətta bunun nəticəsində Ukraynada devalvasiya da oldu. Dolların məzənnəsi 450 qrivnadan 900–a yüksəldi. Mən o vaxt Ukraynada çalışırdım, və bunların hamısı üst-üstə düşdüyünə görə ordakı şirkəti də batırdıq, üstəlik Azərbaycandakı şirkətə diqqət etmədiyimizə görə buradakı şirkəti də batırdıq. Necə deyərlər, ikili böhşran yaşadıq.
- Xatırlayıram 2008-2009-cu illərdəki böhranı, o vaxta qədər hamı Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını istəyirdi, amma böhranda hamı şükür etdi ki, yaxşı ki, hələ dünyaya inteqrasiya etməmişdik və böhran bizə başqa ölkələrə olduğu kimi ciddi təsir etmədi. Bəs «Zəfəroğlu İnşaat» nə vaxt yaradıldı?
- 2009-cu ilin sonunda «Zəfəroğlu inşaat» şirkətini yaratdıq. Bu günə qədər artıq şirkətin bir neçə qolu var, bu günə qədər də gətirib çıxartdıq.
- Şirkətiniz indi hansı sahələrdə fəaliyyət göstərir?
- «Zəfəroğlu»nun bir neçə bölməsi var və fərqli istiqamətlərdə fəaliyyət göstəririk. Bunlar inşaat, dizayn təmir, mebel, pərdə və travel sahələridir. Bundan başqa «Zəfəroğlu Elektrik» şirkətimiz var, hansı ki, Gəncədə lampa istehsal edirik, eləcə də «Zəfəroğlu Akademiya» fəaliyyət göstərir.
- Siz artıq 15 ildir bizneslə məşuğlusunuz, özü də təmir,tikinti, necə deyərlər, dövlət satınalmalarında ən geniş yayılan xidmətləri göstərirsiniz. İndiyədək dövlət satınalmalarında iştirak etmisinizmi? Bu sahə ilə bağlı təcrübəniz necədir?
- Dövlət satınalmalarında iştirak etmək üçün müraciətlərimiz olub, amma indiyədək qalib gəlməmişik.
- Maraqlıdır, niyə indiyədək qalib gəlməmisiniz - xidmətiniz keyfiyyətli deyildi, yoxsa, hansısa səbəb vardı?
- Bilirsiniz, sahibkar mütləq qaydada qarşı tərəfə güvənməlidir. Güvənməlidir ki, investisiya yatırsın, işini böyütsün və sair. Güvənsizlik olanda sahibkar iş görən deyil.
Dövlət satınalmalarında da təbii ki, müəyyən neqativ hallar baş verirdi, bunları biz və digər sahibkarlar qəbul etmədiyi üçün qalib gələ bilmirdik. Ondan sonra tenderlərə ümumiyyətlə qatılmadıq. Yalnız səfirliklərin, bankların, Azercell kimi iri şirkətlərin tenderlərində iştirak edirik və qalib də gəlirik.
- Dövlət tenderlərində sonuncu dəfə nə vaxt iştirak etmisiniz?
- 2017-ci ildə olmuşdu, iştirak etdik, qalib gəlmədik, dediyim kimi, o vaxtdan bu sahəyə qatılmadıq. Amma bundan sonra iştirak edəcəyik.
- Artıq tenderlərin düzgün keçirildiyinə inanırsız?
- Bu sahədə islahatlar aparıldığını bilirdim, amma necə deyirlər min eşitməkdənsə, bir görmək lazımdır. Sizin verilişinizdə Əhməd müəllimlə (Əhməd Həsənov - Antiinhisar və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin dövlət satınalmaları şöbəsinin rəhbəri) tanış olduq və artıq bizdə dövlət satınalmalarının necə keçirilməsi ilə bağlı böyük güvən yarandı. Ona görə də bundan sonra satınalmalarda aktiv iştirak edəcəyik.
- Zəfər müəllim, satınalmalarla bağlı müxtəlif hallar var. Məsələn, bəzi hallarda tenderə qatılanlar ehtimal olunan qiymətdən xeyli aşağı qiymət təklif edirlər, bəzi sahibkarlar bildirir ki, təklif olunan qiymətlər real olmur. Siz necə fikirləşirsiniz?
- Doğrudan da, belə halla biz də üzləşmişik, bir dəfə satınalmada iştirak edəndə bir iddiaçı real qiymətdən 40% aşağı qiymət təklif etmişdi. Mən öz şirkətimizdə satınalma prosesinə birbaşa nəzarət etdiyimdən bu qiymətin real olmadığını dərhal gördüm, amma real olmadığı halda həmin şəxs qalib gəldi.
- «Gəncə İş Adamları» İctimai Birliyi barədə danışaq – birlik məqsədlə yaradılıb, hədəfləri, planları necədir?
- «Gəncə İş Adamları» İctimiai Birliyini 2021-ci ilin iyun ayında yaratmışıq. Məqsədimiz Gəncə-Daşkəsən iqtisadi regionunda fəaliyyət göstərən bütün sahibkarların bir platforma ətrafında birləşdirmək, bərabər olaraq yeni iş yerlərinin yaradılmasına dəstək olmaqdır. Planlarımız təkcə bununla məhdudlaşmır, xarici investorları da ölkəmizə dəvət edərək yeni iş yerləri yaratmağı da fikirləşirik.
- Zəfər müəllim, Gəncədə sahibkarların əsas problemi nədir?
- Düşünürəm ki, bu bölgədə sahibkarların əsas problemi birləşməməkdir. Çünki biz sahibkarlarla mütəmadi görüşlər keçirdiyimiz halda, sahibkarlar birləşməyə o qədər də isti baxmırlar. Çünki biz birləşmədiyimiz halda sahibkarın problemini o qədər də bilmək imkanlarımız yoxdur.
- «Gəncə İş Adamları» birliyinin bir neçə gün əvvəl Gəncədə keçirilən təqdimat mərasimində 300-dən çox sahibkar iştirak edirdi. Dövlət qurumlarından da çoxsaylı qonaqlar vardı. Quruma marağın belə böyük olacağını gözləyirdinizmi?
-Doğrudan da tədbirdə 300-ə yaxın sahibkarı və şəhərimizin önəmli xadimləri iştirak etmişdi. Gəncə Şəhər icra hakimiyyətinin rəhbərliyi, ölkəmizdə sahibkarlığa yüksək səviyyədə dəstək verən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlığın İnkişafı Fondunun (SİF) və digər qurumların da rəhbərliyi iştirak edirdi. Maraq kifayət qədər böyükdür.
- Zəfər müəllim, Gəncəyə xarici investisiyaların cəlb olunacağını qeyd etdiniz, söhbət hansı xarici investorlardan gedir – bununla bağlı konkret işlər və planlar varmı?
- Doğrudan da, biz təkcə regionlarda fəaliyyət göstərən sahibkarları deyil, əslən həmin regionlardan olan, amma hazırda xarici ölkələrdə yaşayan sahibkarları da birləşdirmək, onların da investisiyalarını ölkəmizə, regionumuza cəlb etmək fikrimiz var.
- Yəni Gəncədən olan və məsələn, Rusiyada və ya Ukraynada yaşayan iş adamlarını nəzərdə tutursunuz?
- Bəli elədir. Bundan başqa, qardaş Türkiyənin artıq 2 şirkəti ilə danışıqlarımız gedir. Əgər uğurlu alınarsa, ilk investorumuz Türkiyədən olacaq.
- Gəncəyə investisiyaların cəlb olunması üçün ilk növbədə hansı sahələrə üstünlük veriləcək?
- İş növbədə yeni texnologiyalara, belə texnologiyaların tətbiq edildiyi sahələrə üstünlük verməyi düşünürük. Gəncə sənaye şəhəridir, biz burada sənaye ilə bağlı olan müəssisələrin yaratmağı düşünürük.
- Zəfər müəllim, Gəncədə iş adamlarına şəraitin yaradılması ilə bağlı hansı təklifləriniz var? Məsələn, sahibkarların iş qurması Gəncədə şərait, yer varmı?
- Dediyim kimi, Gəncə sənaye şəhəri olub və burada sovet dönəmində çox böyük müəssisələr fəaliyyət göstərib. Təəssüf ki, həmin müəssisələrin böyük əksəriyyəti fəaliyyətini dayandırıb, bəziləri yarım fəaliyyət göstərir. Bu böyük problemdir və biz əsas bu problemi qabardırıq. Yəni kimlərsə bu müəssisələri özəlləşdirib və artıq on illərdir ki, onlar fəaliyyət göstərmir.
- Bəs siz nə təklif edirsiniz?
- Biz bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət ünvanlayacağıq ki, bu müəssisələr ya dövlətə qaytarılsın, ya da onu özəlləşdirən sahibkarlar rekonstruksiya edib istehsalı bərpa eləsin. Ya da qapılarını sahibkarlara açsın.
- Düz başa düşdümsə, təklif edirsiniz ki, həmin işləməyən müəssisələrin sahiblərini məcbur etmək lazımdır ki, o müəssisələri işlətsinlər, ya da dövlətə qaytarsınlar, eləmi?
- Əlbəttə. Baxın, müəsissə mənim mülkiyyətimdə ola bilər, bu başqa məsələdir. Amma bu müəsisənin mənim olması o demək deyil ki, mən onun qapısına qıfıl vurum və o bağlı qalsın.
Vaxtilə o müəsissələrdə 1500, 3 min, 4 min nəfər işçi salışıdı. Amma indi üst-üstə 1000 nəfər işçi çalışmır.
Bu gün yeni müəsissələr yaradılmalıdır və bunun üçün də yer lazımdır. Ya sənaye parkı yaradılmalıdır, ya da bu müəsissələr bərpa edilməliir. Bildiyim qədər Gəncədə Sənaye Parkının yaradılması ilə bağlı plan var, amma o parka yatırılacaq investisiyanın 10-da biri bu müəsissəyə yatırılsa və buna ehtiyac qalmaz və sahibkarlar istədikləri müəssisəni qura bilərlər.
- Bəs yatırım etmək üçün imkan, şərait varmı? Dövlət qurumları dəstək verirlərmi?
- Bu gün regiona investisiya yatırmaq üçün doğrudan da böyük şərait yaradılıb. Bu prosesə İqtisadiyyat Nazirliyinin müsbət mənada böyük dəstəyi var. Bildiyiniz kimi, biz yaxındarda biz led lampa istehsalını qurduq. Bunu ona görə etdik ki başqa sahibkarlara da stimul olsun, görsünlər ki, mümkündür. Yeri gəlmişkən, müəssisəyə yatırılan investisiyanın bir hissəsini, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan cəlb etdik.
- Müəssisəyə nə qədər vəsait yatırılıb?
- Ümumilikdə müəssisənin qurulmasına 1 milyon manata yaxın vəsit yatırdıq, onun 400 min manatını fonddan aldıq, əslində çox istəsək daha çox da verərdilər, amma bu qədər tələb olunurdu, əlavə ehtiyac yox idi.
Bundan başqa bizə «İnvestisiya təşviqi sənədi» də verildi, məhsullarımız Alternativ Enerji agentliyinin kodlarına daxil edildiyi üçün gömrük rüsumundan da azad edildik.
- Müəssisə neçə çeşiddə məhsul buraxır, gücü nə qədərdir?
- Müəssisəmiz «Zəfəroğlu Elektrik» MMC adlanır, Gəncənin mərkəzində, hazırda fəaliyyət göstərən,tikiş fabrikinin ərazisindəki istifadəsiz ərazidə yaradılıb.
1500 kvadratmetr sahəsi olan zavodda xaricdən gətirilən müasir avadanlıqlar quraşdırılıb. Burada 4 növ - 7 vatt, 9 vatt, 12 vatt və 15 vatt gücündə olan led lampalar istehsal olunur. Zavodun istehsal gücü ayda 500 min ədəd lampa istehsal etməyə imkan verir, hazırda gündə 4 min ədəd, yəni ayda təqribən 120 min ədəd lampa istehsal edilir.
Burada 30 yeni iş yeri yaradılıb, yaxın aylarda 50-yə, gələn ilin sonunda isə 100 nəfərə çatdırılması gözlənilir.
- İndiyədək bu lampalar xaricdən alınırdı?
- Bəli, led lampa zavodunun işə düşməsi ümumilikdə xaricdən idxal olunan led lampalarının böyük bir hissəsini əvəz edəcək. Gələcəkdə isə istehsal olunan lampaların xaricə ixracı və ölkəyə xarici valyuta gətirməsi nəzərdə tutulur.
Led lampaların istehsalı üçün tələb olunan xammalın 65%-i ölkə daxilində əldə edilir, yalnız 35% xarici xammal təşkil edir. Gələcəkdə yerli xammalın payının daha da artırılması nəzərdə tutulur.
- Bəs «Zəfəroğlu Akademiya» şirkəti nə ilə məşğul olur?
- «Zəfəroğlu Akademiya»nın əsas fəaliyyəti dizayn və memarlıq üzərindədir. Universiteti bitirən və ya hələ təhsilini davam etdirən, amma bu sahəyə marağı olan şər kəsə qapımız açıqdır. Akademiyada dizayn proqramları öyrədilir, həm tədris edilir, həm də onların praktikada tətbiqi öyrədilir. Akademiyada təhsil pullu ə pulsuz ola bilər. Pullu təhsil hamıya aiddir. Pulsuz təhsili isə yalnız şəhid ailələrinin üzvləri və imkanı olmayan amma bu sahəyə marağı böyük olan şəxslər ala bilər. Hər ay 20-30 tələbəmiz olur, artıq tələbə götürmürük ki, tədrisin kefiyyətinə mane olmasın. Bizim Akademiyanı bitirənlərin 70-80 faizi hökmən işlə təmin olunur.