Azərbaycanda fəaliyyət göstərən aqreqator xarakterli taksi şirkətləri bazar paylarını artırmaq üçün bəzən maya dəyərindən aşağı qiymətlər təklif edirlər.
Azərbaycanda «Bolt» taksi şirkəti - 100 MİN MANAT CƏRİMƏ EDİLİB
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət xidmətinin rəhbəri Məmməd Abbasbəyli bildirib.
Aqreqator taksi sistemli xarici şirkətlərin fəaliyyəti, onların yerli bazarı tutması və belə şirkətlərə dövlətin təsir imkanları ilə bağlı suala cavab verən Xidmət rəisi bildirib ki, hazırda Xidmət taksi xidməti ilə bağlı araşdırmalar və təhlillər aparır.
Məmməd Abbasbəylinin sözlərindən məlum olub ki, sözügedən şirkətlərin fəaliyyətinə müxtəlif cür yanaşmaq olar.
«Burada söhbət «Yeni iqtisadiyyat» (yəni fintex əsaslı) modelində xarici şirkətlər və yerli bazarın qorunması məsələlərinə mütənasibliyin qorunmasından gedir.
Xidmət rəisinin sözlərinə görə, sözügedən şirkətlər yeni texnologiyalar əsasında yaraılan fəaliyyət göstənən biznes qurumlarıdır, onların ölkədə mövcud olması yerli şirkətləri də inkişaf etdirir: «Taksi aqreqatorları və ya yemək çatdırma şirkətləri xarici bazarlarda formalaşmış, yeni texnologiyalara əsasən qurulmuş və öz fəaliyyətlərini sübut etmiş şirkətlərdir.
Hər hansı şirkətin üstünlüyü varsa, bu onların bazar payından deyil, daha təkmil texnologiyalardan və daha təkmil tətbiqləndən istifadənin nəiticəsidir. Bu - yeni iqtisadiyyatdır».
M.Abbasbəyli bildirib ki, «Yeni iqtisadiyyat»ın da əsas üstünlüyü ondan ibarətdir ki, onlar daxil olduğu ölkələrdə hər texnologiyanın inkişafına dəstək olur, töhfə verirlər. «Həmin şirkətlərin korporativ idarəetmə qaydalarını öyrənməklə yerli şirkətlər də inkişaf edir».
Xidmət rəhbəri bildirib ki, bu şirkətlərin daha effektiv işləməsi, daha aşağı xidmət haqqı ilə işləməsi rəqabət mühitinə də təsir edib və bazarda istehlakçılara daha əlçatan qiymətlər yaranıb:
«Etiraf edək ki, taksi inteqratorları dedikdə - bu şirkətlər Uber, Bolt və başqaları - onlar ölkəmizə daxil olandan sonra taksi xidmətləri elə ucuzlaşıb ki, taksi qiymətləri avtobus qiymətinə yaxınlaşıb».
Amma «bu halın mənfi tərəfləri də var» deyə xidmət rəisi bildirib ki: «Mənfi cəhətləri araşdırılmalıdır və bu mütənasiblik (ölkəyə texnoloji şirkətlərin gəlməsi və daxili bazarın qorunması baxımından – FED.az) aşkar edilməlidir.
M.Abbasbəyli bildirib ki, xarici taksi sistemlərində qiymətlərin aşağ olması, onların təkcə maya dəyərinin aşağı olması ilə deyil, həm də bu şirkətlərin öz bazar payını artırmaq məqsədilə bağlıdır: «Bazar payı yüksək olması sonradan şirkətin İPO-ya (yəni səhmlərin bir hissəsinin birjada ictimai yerləşdirilməsi – xalqa satışı) çıxırılmasına və şirkətə kapital cəlb etməsinə imkan verir. Nəticədə onlar maya dəyərindən də aşağı qiymətə xidmətlər verirlər.
«Bəs bu vəziyyətdə həmin şirkətlər necə olur ki, müflis olmurlar?»-deyə xidmət rəisi bildirir ki, onun da yolu var: «Onlar kapital bazarları, istiqraz bazarlarına çıxırlar, investorları və vəsaitlər cəlb edirlər. Bir sözlə, bazar payını artırmaq üçün qiymətlərni aşağı saxlayırlar. Bu da bir biznes modelidir».
Buna baxmayaraq Antiinhisar Xidməti 2023-cü ildə taksi bazarını yenə də araşdıracaq. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev bildirib ki, 2023-cü ildə taksi bazarının araşdırılması planlaşdırılır. Onun sözlərinə görə, oxşar araşdırma 2021 və 2022-ci ildə də olub:
«2021 və 2022-ci ildə oxşar bazar olan çatdırılma bazarı araşdırılmışdı. Bu araşdırma yerli sahibkarların şikayəti əsasında olmuşdu. 2021-ci ildə «Wolt»a qarşı araşdırma aparılmış və məlum olmuşdu ki, bu şirkət böyük şəbəkələrdə danışaraq tələb etmişdi ki, başqa yerli şirkətlər bu restoran şəbəkəsi ilə işləyə bilməsinlər. Nəticədə «Wolt»a şirkəti cərimələndi və ona icrası məcburi olan göstəriş verildi ki, müqavilədəki həmin bənd çıxarılsın».
2022-ci ildə isə yerli şirkətlər «Bolt» şirkətinə qarşı şikayət ediblər. «Yenə də bu məsələ xidmət tərəfindən araşdırıldı. Nəticədə oxşar vəziyyət ortaya çıxdı və «Bolt»a qarşı göstəriş verildi və maliyyə sanksiyası tətbiq edildi».
Cəfər Babayev yerli taksi şirkətlərinin xarici sistemlərlə rəqabətinə toxunaraq bildirib ki, müşahidələr göstərir ki, xarici şirkətlər ucuz qiymətlər tətbiq etsələr də, yenə də gəlirdədirlər. «Azərbaycan şirkətləri bunu edə bilmir. Bunun da səbəbi xarici şirkətlərin yüksək texnologiyalardan istifadə etməsidir. Bizim şirkətlər yerli bazarda olduğuna görə öz texnologiyaların yeniləyə bilmir, işə yaxşı mütəxəssilər götürə bilmirlər. Nəticədə beynəlxalq şirkətlər rəqabətli bazarda daha üstün vəziyyətə çıxa bilirlər»-deyə xidmətin rəis müavini taksi bazarındakı vəziyyəti şərh edib.
Onun sözlərinə görə, 2021-2022-ci illərdə aparılan araşdırma da göstərib ki, «Bolt», «Wolt» şirkətləri bazarda hər hansı qiymət manipulyasiyası ilə məşğul deyillər.
«Bizim belə şirkətlərə təsir mexanizmlərimiz yalnız antiihisar xarakterli imkanlarla bağlıdır. Bu isə onların bazarın 35%-dən artıq hissəsinə nəzarət etdiyi halda mümkündür».
Rəis müavini bildirib ki, istənilən halda bu il Antiinhisar xidməti taksi bazarını araşdıracaq: «Bu il biz bazarı öz təşəbbüsümüzlə araşdıracağıq. Əgər hər hansı qanun pozuntusu olacaqsa, buna qarşı tədbir görəcəyik. İş açılacaq və sair».