“Mercedes-Benz Azerbaijan”ın rəsmi nümayəndəliyi də hərəkətə keçib, sərfəli şətlərlə hybrid avtomobilləri təklif edir…
Son illərdə Çin avtomobil istehsalının sürətlə genişlənməsi dünya avtomobil bazarında ciddi rəqabət yaradıb. Xüsusilə elektrik və hibrid avtomobillərin istehsalında Çin markalarının irəliləməsi Mercedes-Benz kimi premium istehsalçıların fəaliyyətinə müəyyən təsir göstərir. Bir sözlə Çin avtomobil sənayesi Avropada fəaliyyət göstərən tanınmış avtomobil zavodları üçün “soyuq duş effekti” yaradıb.
2024–2025-ci illərdə Mercedes-in bəzi regionlarda, xüsusilə Çində satışları azalıb. Səbəblərdən birincisi, Çin avtomobilləri istehsal xərclərinin aşağı olması və sürətli texnoloji inkişaf sayəsində bazara daha sərfəli və yenilənmiş modellər təqdim edir. Bu, xüsusilə orta qiymət seqmentində Mercedes-in satışlarına təzyiq yaradır və şirkəti qiymət siyasətini yenidən nəzərdən keçirməyə məcbur edir.
İkincisi, Çin markalarının elektrik avtomobili sahəsində böyük irəliləyiş əldə etməsi Mercedes-in də e-mobillik proqramını sürətləndirməsinə səbəb olub. Mercedes son illərdə daha çox elektrik və hibrid modellərin istehsalına yönəlib ki, bu da rəqabətin birbaşa təsirinin nəticəsidir.
Üçüncüsü, Çin avtomobillərinin Avropa və digər böyük bazarlara daxil olması premium brendlərin bazar payını müəyyən dərəcədə daraldır. Lakin buna baxmayaraq, Mercedes-Benz lüks seqmentdə brend nüfuzu, keyfiyyət, dizayn və yüksək standartları sayəsində çətinlikliklə də olsa öz mövqelərini bir az da qoruyub saxlayıb.
Çin avtomobil istehsalının artması Mercedes-Benz üçün həm rəqib təzyiqi yaradır, həm də şirkəti innovasiya, elektrikləşmə və rəqabət qabiliyyətinin artırılması istiqamətində daha aktiv addımlar atmağa sövq edir.
Artan rəqabət mühitini hiss edən, bu bazarda uduzmaq və rəqbindən geri qalmaq istəməyən “Mercedes-Benz Azerbaijan”ın rəsmi nümayəndəliyi də hibrid avtomobili almaq üçün müştərilərə güzəştli şərtlərlə avtomobillər təklif etməyə başlayıb. Nümayəndəliyin bu gün yaydığı məlumatda bildirilir ki, “hazırda vergi güzəşti var, bundan yararlanın. Hibrid avtomobillərə tətbiq olunan vergi güzəşti (ƏDV-siz əldə etmə imkanı) yalnız 31 dekabr 2025-ci ilədək davam edəcək. Avtomobillər üçün ilkin ödənişi 20%-dən başlayır. Kredit isə illik 12%-dən başlayan faiz dərəcəsi ilə təklif olunur”.
Qeyd edək ki, 5 il əvvəl bu şərtlərlə nadir hallarda mercedes avtomobilləri ilə bağlı kampaniya məlumatlarına rast gəkmək olardı.










