Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Odur ki, bura səfər edən hər bir kəsin diqqətini yolboyu əkin sahələrindəki tingçilik təsərrüfatları cəlb edir. Tərtərli təsərrüfat sahiblərinin yetişdirdikləri meyvə və dekorativ bitkilərin tingləri ətraf rayonlarla yanaşı, Bakı şəhərində və respublikanın digər regionlarında satışa çıxarılır.
Fərdi sahibkar dekorativ tingçiliyin inkişafı layihəsi üzrə güzəştli kredit alıb
FED.az xəbər verir ki, təsərrüfat sahibi Nizami Abdullayev bildirib ki, 2019-cu ildə yaradılan təsərrüfatda ilk illərdə Türkiyədən dekorativ bitkilərin şitilləri gətirilərək böyüdülür, satışa çıxarılırdı. Lakin son iki ildir həmin bitkilər çilik və toxum vasitəsilə elə Tərtərdə yetişdirilir: “Düşündük ki, dekorativ bitkilərin şitillərini idxal etməkdənsə, onu özümüz yetişdirək. Artıq iki ildir ki, çilik və toxum vasitəsilə sıfırdan özümüz istehsal edirik. Hazırda təsərrüfatımızda 40-a yaxın çeşiddə dekorativ bitkilər var. Həmişəyaşıllardan “Viberium Lisidium”, “Fatunya”, “Liqustrum teksanum”, “Buksus”, “Çuniperus”, sarmaşıqlardan “Jasmin”, “Hedera” və sair misal göstərmək olar. Təsərrüfatımızda yetişdirilən tingləri əsasən Bakı şəhərindəki dekorativ bitkilərin satışı məntəqələrindən gəlib alırlar. Bundan başqa, təsərrüfatımız Tərtər-Gəncə avtomobil yolunun kənarında olduğu üçün yolla keçənlər də avtomobillərini saxlayıb alırlar. Ümumilikdə götürəndə satışımız daha çox Bakı şəhərindədir. Çünki rayon əhalisi əsasən meyvə ağaclarına üstünlük verirlər”.
İnsanlar kimi hər bir bitkinin də özünəməxsus xüsusiyyəti, öz sirri, öz dili var. Nizami Abdullayev bitkilərin çoxaldılması yolları haqqında da məlumat verib. “Bu “Liqustrum teksanum” adlı bitkinin çilikləridir. Bu ana bitkidən kəsilir. Çiliklə artırmanın üstünlükləri odur ki, ana bitkinin özəllikləri olduğu kimi növbəti nəslə ötürülə bilir. Toxumla artırmada isə yeni çıxan bitkilər bəzən cır alınır. Çiliyi basdırmaq üçün əkin materialı olaraq kokobit istifadə edirik. Pomidor istixanalarında istifadə olunmuş kokobitləri ucuz qiymətə alıb təkrar emal edirik. Bu isə “Feniks ağacının şitilləridir. Bunları toxumla artırmışıq. “Jasmin” sarmaşıqları da var. Aprel-may aylarında çox gözəl ətirli çiçəklər açır. Bunları da çilik vasitəsilə artırmışıq. İki yaşına çatanda satışa çıxarılacaq”, - deyə o əlavə edib.
Təsərrüfatda tinglərin qiyməti bitkinin cinsindən, böyüklüyündən və yaşından asılı olaraq dəyişir. Belə ki, təsərrüfatdakı dekorativ bitkilərin orta qiyməti 30-50 manat təşkil edir. Ən ucuz bitki 2 manata satılan “Eunimus”, ən bahalı bitki isə təsərrüfat yaranarkən İtaliyadan idxal edilən “Maqnoliya Qrandiflora”dır. Qiyməti 2500 manat olan bu bitkinin 30-dan artıq yaşı var.
Nizami Abdullayev yetişdirilən dekorativ bitkilərin xarici ölkələrə ixrac etməyi hədəfləyir. “Burada gördüyünüz bitkilərin hamısını özümüz yetişdirmişik. Hədəfimiz odur ki, istehsalı daha da artıraq və bitkilərin ixracını həyata keçirək. Bütün dünyada torpaqlı bitkilərin ixracına məhdudiyyətlər qoyulur. Biz bitkiləri kokobitdə becərdiyimiz üçün ixracda heç bir məhdudiyyət yoxdur. Bitkiləri əsasən Xəzəryanı və digər postsovet respublikalarına ixrac etməyi nəzərdə tutmuşuq”, - deyə təsərrüfat sahibi bildirib. (Azərtac)