Xaçmazlı təsərrüfatçılar fındıq bağlarında ötən illə müqayisədə məhsulun 30-40 faiz daha çox olduğunu bildirirlər.
"Gilası Rusiyaya göndəririk, kilosu 2-7 manatdır - XAÇMAZDA GİLAS BİZNESİ - FOTOLAR
FED.az xəbər verir ki, xaçmazlı təsərrüfatçılar fındıq bağlarında məhsul yığımına iyulun son günlərində başlayacaqlar. Rayonda fındıq yığımı sentyabradək davam edir. Məhsulun bol olması bağ sahiblərinin bu il daha çox gəlir əldə edəcəyini deməyə əsas verir.
Ötən il rayondakı bağlardan 8 min 462 ton məhsul əldə olunub.
“Fındıq yığımı çətin prosesdir. Çünki ağacdan əllə toplanır. Yığımı gecikdirdikdə isə məhsul ağacın dibinə tökülür. Toplamaq daha da çətinləşir. Bu il məhsul boldur. Ağaclar ötən illə müqayisədə yaxşı bar gətirib. Biz məhsulu adətən yerli bazarda satırıq, ya da rayondakı qəbul məntəqələrinə təhvil veririk”, - deyə təsərrüfatçı Mübariz Bəşirov söyləyib.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən sayılır. Kənd əhalisinin əsas qazanc mənbələrindən olan fındıq istehsalı son illər daha da artıb. Bu səbəbdən rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi ilə yanaşı, artıq fındığın emalı və təkrar emalını həyata keçirən fabriklər də fəaliyyətə başlayıb.
Xaçmaz rayonundakı fındıq bağlarının ümumi sahəsi 11 min 730 hektardır. Bu bağların 9 min 953 hektarı barverəndir.(Azərtac)