İyun ayı Xaçmaz rayonunda gilas yığımının ən qızğın çağıdır. Hazırda təsərrüfatçılar gilas bağlarında kütləvi yığıma başlayıblar. Toplanan məhsulun 80-90 faizi qonşu Rusiya Federasiyasının bazarlarına göndərilir.
Rusiyada meyvə sahələrini şaxta vurdu, meyvə bahalaşdı – Azərbaycandan daha çox meyvə alacaqlar
FED.az xəbər verir ki, Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir.
Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən sahibkarlar hazırkı satış qiymətinin onları qane etdiyini deyirlər. Rayonun Müşüdoba kəndindən olan təsərrüfatçı Elvin Ağayev bildirir ki, hazırda yığılan məhsulun böyük hissəsi xarici bazarlara göndərilir. Məhsuldarlıq ötən illərə nisbətən zəif olsa da, qiymət təsərrüfatçıları qane edir.
“Mayın 22-dən məhsul yığımına başlamışıq. Bu ağaclarda məhsul ötən ilə nisbətən az olsa da, təmizdir. Ötən il məhsulumuzun 50-60 faizi yağışlar səbəbindən çürümüşdü. Toplanan məhsulu çeşidləyib soyuducu anbarlara təhvil veririk. Oradan isə Rusiyaya göndərilir. Qiymətlər məhsulun növünə və keyfiyyətinə görə dəyişir. Bir kiloqramı 2 manatdan 7 manatadək dəyişir. Məsələn, “Romanovka” gilasının bir kiloqramı 6-7 manatdır. İndi yığdığımız “Krım” növüdür. Əvvəl 4 manat idi qiyməti, indi 3 manata kimi ucuzlaşıb. Məhsul çoxaldıqca qiymət də ucuzlaşır. Amma hazırkı qiymətlər bizi qane edir”, - deyə Elvin Ağayev vurğulayıb.
Son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər. Yeni salınan bağlar əsasən intensiv üsulla becərilir.
“Hazırda kütləvi yığıma başlamışıq. Gilası vaxtında toplamaq lazımdır. Məhsul ağacda qalsa, yağış dəyən kimi xarab olacaq. Buna görə də yığım üçün əlavə qüvvə cəlb edirik. Günəmuzd işləyən fəhlələr gilasın bir kiloqramını 50-60 qəpiyə yığır. Bir nəfər gün ərzində 100 kiloqramdan çox gilas toplaya bilir”, - təsərrüfatçı Elvin Ağayev söyləyib.
Hazırda Xaçmaz rayon ərazisində 3 min hektara yaxın gilas bağı var. Hər il Xaçmazın gilas bağlarından 20 min tondan çox məhsul yığılır.
Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu giləmeyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər. (Azərtac)