Ukrayna qış dənli bitki əkinlərinin 41 faizini və yazlıq əkin sahələrinin 39 faizini itirə bilər. Müharibə səbəbindən ölkədə praktiki olaraq bütün aqrar sektor risk altındadır.
Eləcə də bax: FAO: Ukraynadakı münaqişə kəskin ərzaq qıtlığına - SƏBƏB OLUB
FED.az xəbər verir ki, bu barədə Ukraynanın “APK-inform” profil portalında dərc olunmuş analitik məqalədə deyilir.
Baş naziri Denis Şmiqal cümə axşamı günü Telegram kanalında dərc edilən videomüraciətində bildirib ki, hökumətin “ehtiyatlı proqnozlarına” əsasən yazlıq əkinlərin itkiləri 20 faizdən çox olmayacaq.
“Bizim təxmin etdiyimizə görə, 2022-ci ildə yazlıq bitkilərinin əkin sahələri ümumilikdə 4,7 milyon hektar ola bilər ki, bu da ötən ilki göstəriciyə (7,7 milyon hektar) nisbətən 39 faiz azdır”, - “APK-inform” portalındakı məqalədə belə deyilir.
Daha çox itki qış dənli bitkilərin məhsul yığımında gözlənilir. Bu, 41 faizə çata bilər və 3,1 milyon hektara uyğun gəlir. Məqalədə dəqiqləşdirilir ki, söhbət ilk növbədə Xerson, Donetsk, Luqansk, Zaporojye, Xarkov, Sum, Çerniqov və Kiyev vilayətləri haqqında gedir.
Ukrayna kənd təsərrüfatı məhsullarının ən böyük ixracatçılarından biridir. 2021-ci ildə o, 12 milyard dollarlıqdan çox dənli bitkilər ixrac edib.
Bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski demişdi ki, müharibə səbəbindən əkin kampaniyasına başlamaq mümkün olmadığı üçün kənd təsərrüfatı məhsullarının ixracında problemlər yarana bilər. (Azərtac)