Ukraynadakı münaqişə dünyanın ərzaq vəziyyətinə zərbə vurur, çünki Rusiya və Ukrayna birlikdə dünyanın əsas ərzaq tədarükçüləridir.
Eləcə də bax: Rusiya günəbaxan toxumlarının da ixracına - QADAĞA QOYDU
FED.az xəbər verir ki, bu barədə RİA "Novosti"yə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Moskva ofisinin direktoru Oleq Kobyakov bildirib.
Onun sözlərinə görə, planetdə aclıq və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti ağırlaşdıran COVID-19 pandemiyası bu illər ərzində daimi ac insanların sayını 690 milyondan 811-820 milyona yüksəldib, son hadisələr və Ukraynadakı münaqişə təkcə Rusiya və Ukraynanın ərzaq bazarına deyil, həm də dünya bazarına təsir edir.
"İndi planetin hər onuncu sakini ərzaqla təminat problemi yaşayır", - Kobyakov bildirib.
O vurğulayıb ki, Rusiya və Ukrayna birlikdə, xüsusilə taxıl – buğda, çovdar və qarğıdalı, günəbaxan və kolza istehsalı baxımından dünyanın əsas taxıl anbarları hesab olunur.
"Ümumiləşdirilmiş məlumatı alanda biz təəccübləndik ki, nə qədər ölkə Rusiya və Ukraynadan ərzaq idxalından birbaşa asılıdır – bütün Qərbi Asiya və Şimali Afrika, bir çox digər Afrika və Asiya ölkələri, hətta Latın Amerikası və Avropa ölkələri", - deyə FAO-nun Moskva ofisinin direktoru əlavə edib.
Kobyakovun sözlərinə görə, 50-dən çox ölkə ərzaq xammalına olan tələbatının əhəmiyyətli hissəsini Rusiya və Ukraynadan edilən idxal hesabına ödəyir. Böhran bu əksər ölkələrin ən yoxsullarına daha çox zərbə vurur: "Buğda qiymətləri son aylarda 40% və ya daha çox artıb, bir çox ölkədə təchizat problemləri və kəskin qıtlıq müşahidə olunur". (Apa)