Tovuzda yerləşən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Təcrübə Stansiyasının əkin sahələrində yerli kartof sortlarının toxumları yetişdirilir. Həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.
Eləcə də bax: Azərbaycanda bu il 1 mln. tondan çox - KARTOF YIĞILIB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, 1963-cü ildən fəaliyyətə başlayan Tovuz Təcrübə Stansiyasının 60 hektar sahəsində kartof becərilir. Onun 30 hektarı dəmyə şəraitində, dağlıq ərazidə olan Sarıtala sahəsində, 30 hektarı isə aran hissədə yerləşir. Stansiyanın əsas məşğuliyyət istiqaməti kartofun yeni sortlarının yaradılması və onun toxumçuluğunun artırılmasıdır.
Təcrübə Stansiyasının kartofun seleksiya və toxumçuluq laboratoriyasının müdiri Yusif Mustafayevin sözlərinə görə, hazırda stansiyada əsas rayonlaşmış üç sortun – “Əmiri-600”, “Sevinc” və “Telman” kartof sortlarının istehsalı həyata keçirilir.
Əldə edilən yerli sort kartofların super elit, elit toxumları yetişdirilir. İstehsal edilən məhsul Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə toxumçuluq şəhadətnaməsi almış fermer təsərrüfatlarına verilir.
“Biz Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu olaraq çalışırıq ki, yeni kartof sortları yaradaq. Hazırda bu istiqamətdə iş gedir, respublikanı yeni toxum materialları ilə təmin etməyə çalışırıq. Artıq bir neçə yeni sort da yaradılıb. Bunlar “Çənlibel”, “Uğur”, “Vaqif” və digər sortlardır. Bu toxumlar həm məhsuldar, həm də xəstəliyə davamlıdır. Qarşıda duran əsas məqsədimiz odur ki, toxum artırılsın, yaxın gələcəkdə respublikamız kartof toxumu tələbatı ilə təmin olunsun və bu sahədə xaricdən asılılıq aradan qaldırılsın”, – deyə Y.Mustafayev bildirib.
Xaricdən gətirilən kartof sortlarından fərqli olaraq yerli toxumların qiyməti də ucuzdur. Bu toxumlar lizensiyası olan toxumçulara kiloqramı 18-20 qəpikdən satılır. Məhsuldarlığı isə aran sahədə becərildikdə yaxşı qulluq göstərilərsə, bir hektardan təxminən 25-30 ton civarındadır.
Stansiyanın anbarlarına toplanan toxumların mənşəyini, eləcə də digər məlumatları asanlıqla elə üzərindəki barkod vasitəsilə öyrənmək mümkündür.
Qeyd edək ki ölkəmizdə 60-70 min hektar sahədə kartof əkilir. Təsərrüfatlara isə təxminən 200 min tondan çox kartof toxumu tələb olunur.