Fevralın 14-18 tarixlərində Türkiyə Respublikasının Kənd Təsərrüfatı sığortaları sistemi – TARSİM-in TARSİM İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərə gəlib.
Eləcə də bax: Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini - AÇIQLADI
FED.az xəbər verir ki, nümayəndə heyətinə TARSİM İdarə Heyətinin sədr müavini Mete Güler, TARSİM İdarə Heyətinin Üzvü və Baş Meneceri Serpil Günal, TARSİM İdarə Heyətinin üzvü Bekir Engürülü və TARSİM baş direktor müavini Tufan Özel də daxildir.
Səfərdə məqsəd Azərbaycanda TARSİM-in dəstəyi və təcrübəsindən istifadə etməklə yaradılan aqrar sığorta mexanizminin fəaliyyəti ilə tanışlıq, sistemin fəaliyyətə başlamasından ötən müddət ərzində əldə edilən nəticələrin təhlili, təcrübə mübadiləsi, eləcə də Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiqi imkanlarını müzakirə etməkdir.
Səfər zamanı TARSİM rəhsmiləri Kənd Təsərrüfatı Nazirliyində, Aqrar Sığorta Fondunda görüşlər keçirəcək, aqrar sığortanın kənd təsərrüfatında rolu ilə bağlı müzakirələr aparacaqlar.
15 fevral 2022-ci il tarixində TARSİM rəhbərliyinin Azərbaycan Mərkəzi Bankında bank və sığorta sektorunun təmsilçiləri ilə görüşü keçiriləcək.
Səfər zamanı, fevralın 16-17-də TARSİM rəhbərliyi Gəncə şəhərinə gedərək Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilmiş tədbirdə iştirak edəcək, eləcə də 2020-ci il 2-ci Qarabağ müharibəsi zamanı həlak olan Gəncə sakinlərinin xatirəsini yad edəcək.
16 fevral tarixində isə Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək rayonun kənd təsərrüfatı imkanları və Ağalı kəndində həyata keçirilən «Ağıllı kənd» layihəsi ilə tanış olacaqlar.