Azərbaycanda 1 il əvvəl fəaliyyətə başlayan dövlət dəstəkli və güzəştli aqrar sığorta mexanizmi həm sığorta sektorunun, həm də kənd təsərrüfatında mühüm yeniliyə çevrilib.
FED.az xəbər verir ki, 14 fevral 2022-ci il tarixində Aqrar Sığorta Fondunda 2021-ci ilin nəticələri və Türkiyənin TARSİM təşkilatının İdarə Heyətinin sədri Kərim Üstünün başçılığı ilə TARSİM təşkilatının rəhbərliyinin Azərbaycana səfərinə həsr olunmuş toplantı keçirilib.
Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmininin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini açıqlayıb.
Fonddan verilən məlumata görə, 2021-ci ildə toplanan sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb.
Əvvəlki illə müqayisədə aqrar sahədə üzrə toplanan sığorta haqları 429% artıb.
2021-ci ildə Aqrar Sığorta Fondu aqrar sığorta bazarının inkişafının əsas drayverinə çevrilib – Fondun aqrar sığorta üzrə bazar payı 92%-ə yüksəlib.
Bu dövrdə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Bu – 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə artıqdır. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 milyon manat təşkil edib.
Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub.
Ötən il Aqrar Sığorta Fondu tərəfindən 18 836 baş heyvan sığortalanıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib. Bu – 2020-ci illə müqayisədə 213% artıqdır. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həmci 59 milyon m anata yüksəlib.
2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.