Bu il Biləsuvarda ilk dəfə olaraq suvarılmayan torpaqlarda müasir üsulların tətbiqi ilə mövsümün ən sevilən bostan bitkilərindən olan qarpız yetişdirilib.
Xaçmaz bağlarında məhsul 30-40 faiz artıb - Fındıq emalı fabrikləri də açılıb - FOTOLAR
FED.az xəbər verir ki, aprel ayının əvvəlindən 10 hektarlıq sahədə müasir əkin texnologiyası ilə torpağa basdırılan qarpız toxumu damla suvarma sistemi ilə becərilib. On üç ildir bu sahə ilə məşğul olan Sabirabad sakini Qismət Abbasov Biləsuvarda bu yeniliyi ilə bostançılığa sanki yeni nəfəs gətirib. Ərazidə qazdırdığı artezian quyusu onun suvarma suyuna olan tələbatını tam təmin edir. O, qarpız bostanını damla suvarma üsulu ilə suvarır. Deyir ki, bostan bitkisini dəmyə torpaqlarda becərmək daha sərfəlidir: “Keçən il bu üsulu sınaqdan keçirdik. Nəticə yaxşı oldu. Bu il sahəni genişləndirdik. Əkdiyimiz qarpız “Qrandis”, “Şirin” və “Karistan” kimi tanınan sortlardır. Hazırda “Qrandis” sortundan olan qarpız yetişib. Məhsuldarlığı da, dadı da yaxşıdır. Gübrəsiz, tam təbii yetişdirilib. Birbaşa bostandan 28 qəpiyə satırıq”.
Fermer Əliabbas Alıyev isə bildirib ki, müasir becərmə üsulu ilə hektara 70-90 ton məhsul götürmək olur. “Yaxşı məhsul götürmək üçün yaxşı da qulluq etməlisən. Damla suvarma üsulunun üstünlüyü ondadır ki, bitkidə suvarma ilə əlaqəli olan xəstəlik yaranmır. Bu da məhsuldarlığa, qarpızın dadına, şirinliyinə yaxşı təsir göstərir”, - deyə o əlavə edib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Mikayıl İmanovun sözlərinə görə, ötən il Biləsuvarda əkilən 45 hektar sahədən 604 ton qarpız, 43 hektar sahədən isə 383 ton yemiş yığılıb. Bu il qarpız və yemiş bitkisi üzrə əkin sahəsi 10 hektardan çox artıb. Ümumilikdə, bu mövsüm 100 hektardan çox bostan bitkisi becərilir.
Məhsul təkcə rayon bazarına deyil, həm də bölgə və paytaxt bazarlarına çıxarılır. (Azərtac)