Sabirabad Pilot Aqroparkın rezidenti “Aran Agro Kənd Təsərrüfatı” MMC tərəfindən aqroparkın 166 hektar ərazisində ilk dəfə olaraq intensiv zeytun bağı salınıb, 60 hektarda buğda, 130 hektarda isə arpa əkilib.
"Sabirabad Pilot Aqroparkda rezidentlər tərəfindən 3131 hektar sahədə əkin işləri görülüb"
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ümumilikdə şirkət tərəfindən indiyədək görülmüş işlərə 1,8 milyon manat investisiya yatırılıb, 9 nəfər daimi, 50 nəfər isə mövsümi işlə təmin edilib.
Bağ müasir suvarma sistemindən (avtomatlaşdırılmış damlama) istifadə etməklə suvarılır. Hazırda 166 hektar ərazidə əkilmiş zeytun bağının 37 hektarında "Arbasona", 129 hektarında isə "Gemlik" sortları yetişdirilir. Gələcəkdə 1 hektar əkin sahəsindən 8-12 ton həcmində məhsulun götürülməsi nəzərdə tutulur. Zeytun bağının suvarılması üçün ərazidə 25 min kubmetr həcmində su anbarı salınıb.
Aqroparkın digər rezidenti “Azera Toxumçuluq” MMC tərəfindən bu il 250 hektar sahədə buğda, 40 hektar sahədə pambıq əkilib. Ümumilikdə şirkət tərəfindən bugünədək görülən işlərə 1 milyon manatdan çox investisiya qoyulub, 5 daimi, 10 mövsümi iş yeri yaradılıb. Əkin sahələrindən əldə edilən taxıl məhsulu Sabirabad Sənaye Məhəlləsində yerləşən "Azera Toxumçuluq" MMC-nin toxum təmizləmə müəssisəsinə göndəriləcək, təmizlənmiş məhsul daxili bazarda satışa çıxarılacaq.
Qeyd edək ki, "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində yaradılan Sabirabad Pilot Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 3131 hektar sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 7,4 milyon manat investisiya yatırılıb, 86 daimi, 113 mövsümi iş yeri yaradılıb.
Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır.