Rusiyada yumurta rekord həddə bahalaşıb – nəticədə indi qonşu ölkənin mağazalarında yumurtanın tək-tək satışı başlayıb.
Rusiyanın artan yumurta tələbatının ödənilməsi üçün Bakıda görüş - FOTO
FED.az xəbər verir ki, hazırda Rusiyada yumurta təkcə regionlarda deyil, nisbətə yüksək həyat şəraiti olan Moskvada da tək-tək satılır.
Artıq Rusiya Baş Prokurorluq da qiymət artımı ilə maraqlanıb və ekspertlər bahalaşmanın müxtəlif səbəblərini göstərirlər: inflyasiyadan tutmuş quş qripi epidemiyasına qədər. Rusiya Quşçuluq İttifaqı isə bildirir ki, ölkədə toyuq əti və yumurtaya tələbatın artmasının səbəbi – əhalinin başqa zülallı məhsullara pulunun çatmamasıdır. Bu tələbat isə qiymətləri kəskin artırıb.
Yumurta qiymətlərinə nə baş verir?
Bu il Rusiyada yumurta ən sürətlə bahalaşan malların ilk beşliyinə daxil olub – ondan çox yalnız banan və pomidor bahalaşıb. Yumurta və eyni zamanda toyuq ətinin qiymətləri iyul ayında rekordlar qırdı və o vaxtdan bəri davamlı olaraq artır. Təkcə noyabr ayında ölkə üzrə yumurta 15%-dən çox bahalaşıb. Bir sıra bölgələrdə, o cümlədən Moskvada isə dekabrın əvvəlindən yumurta tək-tək satılmağa başladı.
Paytaxtda bir yumurtanı şəhərin cənub-qərbində yerləşən “Vernıy” marketlər şəbəkəsindən almaq olar. Ən aşağı kateqoriyalı C3 yumurtası orada 8,99 rubla başa gəlir. Krımda "seçilmiş yumurta" 20 rubla satılır, Orenburqda bir yumurta 11,5 rubla təklif olunur.
Ümumilikdə il ərzində bu ölkədə yumurta 40% bahalaşıb.
«Vernıy» ticarət şəbəkəsində bildirilir ki, qiymət artımı tələbat yüksəlməsi ilə bağlıdır. Belə ki, noyabr-dekabr aylarında yumurtaya tələbat Rusiyanın mərkəzi regionlarında 5-8%, Tatarıstan və Sverdlovskda isə 25% artıb.
Artıq prokurorluq orqanları qiymət artımının səbəbini araşdırmağa başlayıblar.
Bəzi ekspertlər isə bildirir ki, Rusiyada qıtlığın səbəbi toyuqların azalmasıdır – belə ki, toyuq qripinə qarşı görülən tədbirlər nəticəsində toyuqların sayı 16 milyon ədəd azalıb.
Təkcə bu il 6 quşçuluq fabrikində quş qripi aşkar edilib, bu da quşların kütləvi qırılması ilə nəticələnib. Belə ki, Başqırdıstanda oktyabrda toyuqların sayı 43% azalıb, Ümumilikdə Rusiyüada azalma göstəricisi 3,2%-dir.
Qeyd edək ki, Rusiyada baş verən bu proseslər və yumurtaya artan tələbatın qarşılanması üçün Rusiya tərəfi Azərbaycandan toyuq əti və yumurta idxalını artırmaq istəyir. Bir neçə gün əvvəl Rusiyanın bu sahəyə nəzarət edən qurum – «Rosselxoznadzor»un rəhbəri Bakıya gələrək baş nazirlə görüşüb və Qida Təhlükəsizliyi Agentliyində danışıqlar aparıb.