Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) xarici ölkələrə yumurta ixrac edən sahibkarlarla görüş olub.
Azərbaycan Rusiyaya toyuq və yumurta - İXRACINA BAŞLAYIR - FOTOLAR
FED.az xəbər verir ki, görüşdə Agentlik sədrinin müavinləri Balarəhim Quliyev, Əziz Şərifov, Agentliyin şöbə müdirləri və sahibkarlar iştirak edib.
Müzakirə zamanı xarici ölkələrə yumurta ixracı sahəsindəki vəziyyət bir daha nəzərdən keçirilib. Həmçinin AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilən razılaşmaya uyğun olaraq, respublikamızdan bu ölkəyə yumurta ixracının təşkil edilməsi ilə əlaqədar məsələlər müzakirə olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Sahibkarlar mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılıb. Eyni zamanda bu sahədə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib. Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
AQTA iddia edir ki, "Rosselxoznadzor" və AQTA arasında əldə edilmiş razılaşma Rusiya Federasiyasına yumurta məhsulu ixracı baxımından böyük iqtisadi imkanlar yaradacaq, təsərrüfatların genişlənməsinə və daha da inkişafına gətirib çıxaracaq.
Agentlik bundan sonra da Azərbaycan istehsalçılarının xarici ölkələrə çıxış imkanlarına dəstəyini əsirgəməyəcək və ixrac potensiallı yerli biznesin, sahibkarlığın inkişafı üçün səylərini davam etdirəcəkdir.