Sabirabadın nar bağlarında bu il bol məhsul yetişib. Təsərrüfatçılar hər ağacdan 30-50 kiloqram məhsul yığmağı planlaşdırırlar. Bağlarda əsasən yerli iqlimə uyğun olan “Öküzburnu” narları becərilir.
Azərbaycan qarpızı xaricə neçəyə satılır? - ÖLKƏLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, Sabirabad rayonunda bir neçə kənddə nar bağları mövcuddur. Onların bir hissəsi Əsgərbəyli kəndindədir. Burada narçılıqla məşğul olan təcrübəli təsərrüfatçılar var və artıq bu işin sirlərinə yiyələniblər.
Bağlarında bol məhsul yetişdirən bağbanlar məhsul yığımına başlayıblar. Onlardan biri də Nahid Soltanzadədir. O, uzun illərdir nar bağlarından qazanc əldə edir və bu sahənin gəlirli olduğunu deyir: "Nar bağı 2010-cu ildə salınıb, sahəsi 1 hektardır. Əsasən “Öküzburnu” əkilib. Çünki bu sort nar satış üçün daha əlverişlidir. Ötən il məhsul az olsa da, bu il ağaclar yaxşı nar gətirib. Bağda 700 ağac var, hər ağac 30-50 kiloqram məhsul vermək gücündədir. İlk yığım sentyabr ayında başlayır və noyabra qədər davam edir”.
Nar satışından da danışan fermer bildirir ki, hazırda məhsul pərakəndə formada əsasən yerli bazara çıxarılır. “Əvvəllər məhsulu daha çox Rusiya bazarına göndərirdik, həmçinin yerli bazarda da satırdıq. 2019-cu ildən sonra pandemiyaya görə xarici bazara çıxarmaqda çətinliklə üzləşdik və satışımız azaldı. Hazırda məhsulu daxili bazara kiloqramı 1-2 manat arasında satırıq. İstərdik ki, Avropa bazarına çıxış əldə edək”.
Sabirabad rayonunun Qasımbəyli kənd sakini Mirbağır Həşimzadənin isə 3 hektar nar bağı var. Onun təsərrüfatının əsas hissəsini 10 illik ağaclar təşkil edir. Ümumilikdə bağda 2 minə yaxın ağac var. “Adətən, nar bağları bir il daha çox məhsul verir, növbəti il isə nisbətən az olur. Son illərdə ən çox məhsulu 2021-ci ildə götürmüşəm və 40 ton nar tədarük etmişəm. Bu il də məhsul boldur, təxminən 35 ton nar götürəcəyimizi gözləyirəm. Bu il məhsuldarlıq yaxşıdır, lakin qiymət sərfəli deyil. Hazırda məhsulu yerli bazara çıxarırıq. Əvvəlki illərdə məhsulu Rusiyaya göndərirdik, satışımız da yaxşı olardı”, - deyə Mirbağır Həşimzadə bildirir.
Fermerlərin məhsullarını xarici bazara çıxarması ilə bağlı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan münasibət öyrəndik. Bildirildi ki, "Made in Azerbaijan" brendinin təşviqi mexanizmi vasitəsilə Azərbaycanda ixracatçılara daim dəstək göstərilir. Bu mexanizm vasitəsilə yerli ixracatçılara bazar araşdırmalarının keçirilməsində, beynəlxalq sərgi-yarmarkalarda vahid stend və digər üsullar vasitəsilə satış yollarının axtarışında kömək göstərilir. Fermerlər bundan yararlanaraq öz məhsullarını satmaq imkanı əldə edə bilərlər.
Sabirabad Rayon Dövlət Statistika İdarəsindən verilən məlumata görə, Sabirabad rayonu üzrə 1379,3 hektar nar bağı mövcuddur. Təkcə 2023-ci ildə bağlardan 14 min ton məhsul yığılıb və orta hesabla hər hektara 105,3 sentner məhsuldarlıq düşüb. (Azərtac)