Fındıq Azərbaycanda kənd təsərrüfatının meyvəçilik sektorunda ən çox ixrac olunan məhsuldur. 2020-ci ildə fındıqçılıqda ixracın dəyəri 130 milyon ABŞ dollarından çox olub. Hazırda ölkəmizdə fındıq bağlarının ümumi sahəsi 74 min hektardan çoxdur. Bu bağların böyük hissəsi bar verən yaşdadır. Bugünkü sərgi-satış yarmarkanın təşkilində də əsas məqsəd fındıqçılıqda məhsuldarlığı artırmaq, fermerlərin xərclərini azaltmaqdır.
Eləcə də bax: Bu il məhsul bol oldu - Qiymət 5-6 Manat
FED.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov Zaqatalada keçirilən fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkasında jurnalistlərə müsahibəsində deyib.
Nazirliyin rəsmisi bildirib ki, kənd təsərrüfatı texnologiyasının, texnikasının istifadəsi əl əməyini və nəticə etibarilə fermerlərin xərclərini azaldır, hər hektara görə xalis gəliri, mənfəəti yüksəldir. Kənd Təsərrüfatı Nazirliyinin subsidiya mexanizmi, texnikanın dövlət tərəfindən dəstəklənməsi prosesi fermerlərin texnikaya əlçatanlığını artırır. İndi fermer hər hansı bir texnika aldıqda onun qiymətinin 40 faizdən çox hissəsi dövlət tərəfindən qarşılanır.
“Nazirlik olaraq, bu gün yarmarkanı təşkil etməklə çalışırıq ki, təchizatçıları fermerlərə yaxınlaşdıraq, fermerlərin texnika ilə yerində tanış olmağını təmin edək. Ümidvarıq ki, satış yarmarka fermerlərin ürəyincədir”,- deyə Surxay Novruzov vurğulayıb. (Azərtac)