Xaçmazın fındıq bağlarında məhsul yığımının qızğın çağıdır. Təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar.
Eləcə də bax: Fındıq bağlarında tezyetişən sortların yığımına başlanılıb - 2 Manata Satılır
FED.az xəbər verir ki, hazırda yığılan fındığın bir kiloqramı təsərrüfatçılardan 3-3,5 manata alınır.
Fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Məhsulun bol, qiymətin isə sərfəli olması bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini deməyə əsas verir.
Rayonun Çiləgir kəndindən olan təsərrüfatçı Orxan Yusifli 0,6 hektar fındıq bağından hər il 800-900 kiloqram məhsul toplayır. “Yığımın 80 faizini yekunlaşdırmışıq. Bu il məhsuldarlıq ötən ilkindən yaxşıdır. Məhsulu vaxtında toplamaq üçün fəhlələr cəlb etmişik. Fındığın bir kiloqramını 40 qəpiyə yığırlar. Xaçmazın fındıq bağlarında yığım sentyabr ayının ortalarınadək davam edir”, - deyə təsərrüfatçı bildirib.
Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisələri məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Xaçmazlı fermerlər bir neçə ildir ki, ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatlardan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Belə ki, bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi bir saata görür.
Traktorçu İsmayıl Məmmədəliyev deyir ki, gün ərzində müxtəlif kəndləri gəzərək 3-4 ton fındıq təmizləyir. Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram təmizlənmiş fındıq alınır.
Orxan Yusifli bildirib ki, bu məhsula tələbatın çox olması fermerləri fındıq bağlarının sahəsini genişləndirməyə ruhlandırır. Fındıq bağının az zəhmət tələb etməsi və məhsulun satış qiymətinin münasib olması da təsərrüfatçılara sərf edir. “Fındıq quru məhsuldur. Saxlayanda xarab olmur. Müştərisi də ilin istənilən vaxtı var. Son illər qiyməti 5-6 manat arasında dəyişir. Fındıq bağları digər meyvələr kimi bir neçə dəfə dərmanlanma da tələb etmir. Yaxşı aqrotexniki qulluq edilsə, bol məhsul götürmək olur”, - deyə fermer vurğulayıb.
Xaçmaz rayonundakı fındıq bağlarının ümumi sahəsi 9 min 703 hektar təşkil edir. Bu bağların 4 min 764 hektarı barverəndir. Ötən il Xaçmazın fındıq bağlarından 6 min 500 ton məhsul yığılıb. (Azərtac)
FED.az" src="https://fed.az/upload/news/2999216.jpg" />