"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin məhsul yığımının bu mövsüm əvvəlkindən təqribən 17 % çox olması gözlənilir.
FED.az xəbər verir ki, bu barədə qurumdan bildirib.
Məlumata görə, bu il ölkə ərazisində pambıq əkin sahələrinin 24,5 %-ində, yəni 25 520 hektar ərazidə “Azərpambıq ASK” tərəfindən aparılıb:
“Pambıq yığımı təzə başıayıb və hazırda əl yığımları gedir. Hələ ki, kütləvi yığım yoxdur. Çünki pambıq əkin sahələrində defolyasiya (bitkiyə yarpaq tökən dərmanların vurulması) işləri aparılır. Bu günə qədər 3 min hektara yaxın ərazidə defolyasiya aparılıb və hər gün min hektara yaxın ərazi əhatə olunur.
Pambığın demək olar 90 %-i kombaynlarla yığılır və bu, mərhələli şəkildə gedir. Hələlik 317 ton pambıq yığılıb ki, bunun da demək olar əksər hissəsi əl yığımı ilə olub. Təxminən dekabrın ortalarına qədər pambıq yığımı davam edəcək. Bu mövsüm 25 520 hektar pambıq əkin sahəsindən təqribən 90 min ton pambıq yığılması nəzərdə tutulub. Keçən il isə 77 min ton pambıq yığmışdıq. Keçən il suvarma ilə bağlı çətinliklər və bir sıra xəstəliklər olduğuna görə, pambıq yığımımız bu qədər oldu. Amma bu il yığım artacaq”.
Bildirilir ki, bu il Biləsuvar, Saatlı, Sabirabad ərazilərində suvarma ilə bağlı bir qədər çətinliklər oldu: "Bunların da aradan qaldırılması üçün işlər aparılır. Gübrə ilə bağlı çətinliyimiz yoxdur. Əsasən yerli istehsal olan karbamiddən istifadə etdik. Bir də xaricdən ammafos gübrəsi alırıq. Texnika ilə də bağlı problemimiz yoxdur. Belarus istehsalı olan “MTZ80X” traktorları və ABŞ-da istehsalı olunan, müasir standartlara cavab verən kombaynlardan istifadə edirik. Ehtiyat hissələrini isə Türkiyə, Çin və ABŞ kimi ölkələrdən alırıq”.
Qurumdan bildirilib ki, pambıq emalı prosesi 7 zavodda aparılır:
“Bizim 6 pambıq emalı zavodumuz var. Bundan əlavə Ucar pambıq emalı zavodunu da icarəyə götürmüşük. Bu 7 pambıq emalı zavodu yığılacaq 90 min ton pambığın emalını başa vurmalıdır. Dünyada pambıq emalı təcrübəsində pambıq lifinin çiyiddən ayrılması prosesi mişar üsulu və val üsulu ilə aparılır. Bizdə bunların hər ikisi tətbiq olunur. Şirvan, Ağcabədi, Bərdə, Saatlı zavodlarında bu proses val üsulu ilə olur. Ucar, Beyləqan, Biləsüvar zavodlarında isə emal mişar üsulu ilə aparılır”.
Qurum pambıq mahlıcının böyük hissəsinin Türkiyəyə satıldığını deyib:
“Türkiyədə pambıq lifinə tələbat daha çoxdur. Avadanlıqlarımızın da çoxu onların tekstil sənayesinə daha uyğundur. Artıq məhsullarımızın hamısı satılıb. Hər il demək olar belə olur, hazır məhsullarımızın hamısı satılır. Keçən il 30 min tondan yuxarı mahlıc, təqribən 38 min ton da texniki çiyid satışımız oldu. Bir də təqribən 2-3 min ton köməkçi məhsullar satdıq.
Bizim toxumluq çiyidimizin 90 %-i Türkiyədən alınır. Keyfiyyət, məhsuldarlıq, xəstəlik və ziyanvericilərə qarşı mübarizə baxımından Türkiyənin toxumluq çiyidi məqsədəuyğundur. Bizim özümüzdə də toxumluq çiyid olur. Amma toxumluq çiyidin çox hissəsi Türkiyədən alınır. Türkiyədə lifsiz çiyidin xüsusi hazırlanma texnologiyası var. Orda lifsiz çiyid kolibrlənir, ona kimyəvi preparatlar vurulur. Biz kimyəvi preparatları da Türkiyədən alırıq. Eyni zamanda tez-tez Türkiyədən bura nümayəndələr gəlir, onlarla fikir və təcrübə mübadiləsi aparırıq”. (Report)