İnnovativ texnologiyaların tətbiqi hesabına aqrar sahənin ənənəvi təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçidi nəzərdə tutulur.
“Ağıllı kənd təsərrüfatı” taxıl sahəsinin məhsuldarlığı 80 sentner/hektar olub - FOTO
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bərdə Peşə Liseyində keçirilən Aqrar İnnovasiya Festivalının açılış mərasimində çıxışında deyib.
Kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu vurğulayan nazir qeyd edib ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasının əsasında ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı şəkildə təmin edilməsi durur. Bu strateji məqsəddən irəli gələn vəzifələrin həll edilməsində aqrar innovasiyaların rolu danılmazdır. Bu baxımdan ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi dövlət səviyyəsində dəstəklənir.
Azərbaycanda kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələrin yarandığını söyləyən M.Məmmədov bildirib ki, aqrar sahədə innovasiyaların tətbiqi həm də kənd təsərrüfatının elektronlaşması deməkdir: “Ölkəmizdə aqrar sahə demək olar ki tam elektronlaşıb, kənd təsərrüfatına dövlət dəstəyi prosesində şəffaflığı və hesabatlılığı təmin etməyə imkan verən “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” yaradılıb. Bu sistem bizə aqrar sahədə mövcud trendləri izləməyə və çevik qərarlar qəbul etməyə imkan verir”.
Kənd təsərrüfatı naziri diqqətə çatdırıb ki, Azərbaycanda innovativ texnologiyaların tətbiqi hesabına aqrar sahənin ənənəvi təsərrüfatçılıqdan intensiv təsərrüfatçılığa keçidi nəzərdə tutulur. “Qarşıdakı illər üçün əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasına əsaslanacaq”, - deyə o əlavə edib. (Azərtac)