Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Beyləqan rayonunda yaratdığı "Ağıllı kənd təsərrüfatı" taxıl sahəsində 1 hektar ərazidən 80 sentner məhsul yığılıb.
560 hektar taxıl əkib - HEKTARDAN 4 TON MƏHSUL GÖTÜRÜR
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Layihənin məqsədi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsidir. AEBA-nın hazırladığı, buğda istehsalında “ağıllı kənd təsərrüfatı təcrübəsi” üsulunun tətbiqi əsasında 3 bölgədə fermer təsərrüfatlarında nümayiş əkinlər gerçəkləşib. Agentliyin koordinatoru Nəzakət İsmayılzadə bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il nazirliklə birgə təbii resursların, yəni torpaq, su, qida maddələrinin səmərəli istifadəsi hesabına buğda istehsalının artırılmasını hədəfə alan konsepsiya hazırlanıb. Əsas məqsəd qlobal istiləşmə şəraitində Azərbaycanda buğda istehsalının artırılması üçün “ağıllı kənd təsərrüfatı” təcrübələrinin genişləndirilməsini və yayılmasını təmin etməkdir. Bu məqsədlə üç rayonda - Bərdə, Beyləqan və Sabirabadda 3 hektar ərazidə 3 metod olmaqla təcrübə əkinləri həyata keçirilib. Bunlardan biri ənənəvi metoddur ki, burada fermer təcrübəsindən istifadə olunub. İkincisi ən yaxşı regional metoddur ki, burada Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübəsindən istifadə edilib. Üçüncü metod isə “ağıllı kənd təsərrüfatı” təcrübələrinə uyğun olaraq aparılan əkin işidir ki, burada AEBA-nın eksperti Muhamməd Zamanın təklif etdiyi metod tətbiq edilib. Sahələrə baxış zamanı görmək olar ki, “ağıllı kənd təsərrüfatı” təcrübələri əsasında becərilən taxıl sahəsi daha çox məhsul verib. Həmçinin bu layihənin daha səmərəli istifadəsi üçün bir qrup azərbaycanlı mütəxəssis martda Pakistanın Feslabad və İslamabad şəhərlərində keçirilən təlimlərdə iştirak edib. Qarşıdakı hədəf isə buğda istehsalında əldə olunan yüksək nəticələri gələcəkdə daha geniş fermer təsərrüfatlarında tətbiq etməkdir.
Üç bölgə üzrə aparılan nümayiş əkinlər arasında ən yüksək məhsuldarlıq isə Beyləqan rayonunda əldə edilib. Təsərrüfat sahibi Səxavət Məmmədov layihələrin gerçəkləşməsi üçün 3 hektar sahədə hər üç metodla buğda əkini aparıb. Fermer bildirib ki, hər üç metod səmərə verib, lakin ən çox məhsuldarlıq məhz “ağıllı kənd təsərrüfatı” təcrübələri ilə becərilən sahədə əldə edilib: “Ağıllı kənd təsərrüfatı” metodunda hər hektara 150 kq, regional ən yaxşı metodda hər hektara 220 kq, ənənəvi fermerin təcrübəsi metodunda isə 250-300 kq toxum səpini aparılıb.
“Ağıllı kənd təsərrüfatı” təcrübələri metodunda digər metodlardan fərqli olaraq hər hektara minimum həddə toxum səpilib. Bitkinin becərilməsi zamanı azot və fosfor olmaqla digər fərqli qida maddələri tətbiq olunub. Həmçinin bitkinin yemləmə və suvarılması da təklif olunan təcrübəyə əsasən aparılıb. Nəticədə yüksək məhsuldarlıq əldə olunub. Yəni hazırda məhsuldarlıq “ağıllı kənd təsərrüfatı” təcrübəsi ilə becərilən sahədə hər hektara - 80 sentnerdir. Bundan başqa, regional ən yaxşı təcrübə ilə becərilən sahədə məhsuldarlıq hektara 40 sentner, və fermerin metodu ilə becərmədə isə hektara 35 sentner məhsuldarlıq əldə olunub”.
Səpin işləri zamanı Şəfəq-2 yerli sort, Tanya və Alekseyeviç olan xarici sortlardan istifadə edilib və yerli sort ən çox məhsul verib.