Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Loqistika və Anbar Departamentinin əməkdaşları üçün qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib. Təlimin əsas məqsədi ASC-nin xidmət səviyyəsinin artırılması və əməkdaşların loqistika və anbar işindəki müasir texnoloji yeniliklərlə tanış edilməsi olub.
FED.az xəbər verir ki, təlim iştirakçıları anbara daxil olan qida məhsullarının kəmiyyət və keyfiyyət üzrə qəbulu, saxlanması, nəqliyyat vasitələrinə yüklənməsi, daşınması və boşaldılması işləri ilə bağlı məlumatlandırılıblar. Təlim iştirakçılarına yüklərin daşınması ilə bağlı əsas tələb və prinsiplər barədə məlumat verilib. Bildirilib ki, əsas prinsiplər məhsulların insan həyatının təhlükəsizliyinə dair məcburi tələblərə uyğun nəqliyyat vasitələrində daşınması və qablaşdırılan bağlamaların yüklənmə, daşınma və boşaldılma prosesləri zamanı salamatlılığını təmin etməkdir.
“Aqrar Tədarük və Təchizat” ASC-nin Loqistika və Anbar Departamentinin direktoru Orxan Qasımov bildirib ki, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bu cür təlimlər davamlı olaraq təşkil ediləcək.
“Cəmiyyətin bütün anbarlarında işlərin səmərəli şəkildə qurulması üçün ilk növbədə qida məhsullarının kəmiyyət və keyfiyyət göstəriciləri nəzarətdə saxlanılmalıdır. Tədarük etdiyimiz kənd təsərrüfatı və ərzaq məhsulları arasında xüsusi saxlanma şəraiti tələb edən məhsullar olur ki, onların saxlanc yerləri də müasir tələblərə cavab verməlidir. Bu məsələdə isə əsas iş anbardarların üzərinə düşür. Məhz təşkil olunan təlimin də əsas məqsədi anbardarların və ümumilikdə loqistika və anbar işi ilə məşğul olan əməkdaşlarımızın bu sahədəki bilik və bacarıqlarını artırmaqdır.”
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti nizamnaməsinin və Strateji Yol Xəritəsinin tələblərinə uyğun olaraq yerli kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçıları ilə əməkdaşlıq edir. Belə ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrüfatı və ərzaq məhsullarının yerli istehsalçılardan tədarük edilməsini, fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirməkdir.