Prezident İlham Əliyev Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında frəman imzalayıb.
FED.az xəbər verir ki, adından da göründüyü kimi, fərman ölkədə ərzaq buğdasına olan tələbatın daxili mənbələr hesabına təmin edilməsi və bu məqsədlə yerli təsərrüfatlara dəstək mexanizmlərinə aid olacaq.
Beləliklə, fərmana əsasən ölkədəki bəzi buğda istehsalçılarına subsidiyalar yeni qaydada veriləcək.
Belə ki, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək. Başqa sözlə, bu subsidiyaları o şəxslər alacaq ki, (1) təsərrüfatda müasir suvarma sistemi tətbiq edilsin, (2) qarşıdakı 5 ildə buğda əkəcəyi barədə öhdəlik götürüb bu barədə KTN ilə müqavilə bağlasın.
Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Ehtiyatları Agentliyinin təklifləri əsasında taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən bu Fərmanın 2.3-cü bəndi nəzərə alınmaqla, ərzaqlıq buğdanın dövlət tədarükü ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Bundan başqa, hökumət Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflərini üç ay müddətində prezidentə təqdim etməlidir.
Eyni zamanda hökumət ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Qeyd edək ki, tədarük qiyməti – buğdanın dövlət tərəfindən alışı qiymətidir.
Fərmanda Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, müasir suvarma sistemi qurulmuş təsərrüfatlarla ərzaq buğdasının istehsalı barədə müqavilə bağlasın. Yuxarıda qeyd edildiyi kimi həmin müqavilədə təsərrüfat qarşıdakı 5 il ərzində buğda əkcəyi barədə öhdəlik götürməlidir və dövlət ona məhsul subsidiyası tətbiq edəcək.
Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi əvvəlcədən müqavilə bağlayaraq öhdəlik götürən və ərzaqlıq buğda istehsal etmək məqsədilə müasir suvarma sistemlərini qurmaq istəyən təsərrüfatlara həmin sistemlərin alınması üçün güzəştlərin tətbiq olunmasını təmin etməlidir.
Fərmana əsasən Aqrar Subsidiya Şurası ərzaqlıq buğdaya məhsul subsidiyasının tətbiqi üçün əmsalı müəyyən etməlidir. Bundan başqa, məhsulun təhvil verilmə dövründə orta idxal statistik göstərici dövlət tədarük qiymətindən aşağı olduğu hallarda, aradakı fərqin istehsalçıya kompensasiya edilməsi məqsədilə məhsul subsidiyasının əmsalını yeniləməlidir.
Fərmanda əsas məqamlardan biri - sənəddə Meliorasiya və Su Təsərrüfatı ASC-yə tapşırılır ki, bu Fərmanda nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə tədbirlər görsün.
Eləcə də maliyyə nazirliyinə tapşırılır ki, bu fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün 2023 – 2028-ci illərin dövlət büdcəsi layihələrində lazımi həcmdə vəsait nəzərdə tutsun.