Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir.
Eləcə də bax: Fermerlərə ilk dəfə birdəfəlik əkin subsidiyası - Ödəniləcək
FED.az xəbər verir ki, monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 17,929 fermerə əkin subsidiyası ödənilib. Bununla da müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245927 nəfərə çatıb. Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib və onlardan torpaq sənədləri təsdiqlənən fermerlərin subsidiya müraciəti qəbul edilib.
Subsidiya almaq üçün elektron müraciəti təsdiqlənmiş fermerlərin sahələrində aparılan monitorinqlər başa çatmaq üzrədir. Torpaq sənədləri və əkin bəyanları ilə bağlı şübhələr yaranan fermerlərin sahələri monitorinqlərə cəlb olunur.
Monitorinq və qiymətləndirmələr “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq çarpaz (elektron bəyannamə məlumatlarının Subsidiya İnformasiya Sistemində olan digər məlumatlarla üzləşdirilməsi), yerüstü müşahidə (peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi) və yerində müşahidə (seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi) üsulları ilə aparılır. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.
Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.