Kənd Təsərrüfatı Nazirliyi fermerlərə birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulunu davam etdirir.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyi fermerlərə - SMS Göndərib
Nazirlikdən FED.az-a verilən məlumata görə, bu ildən Azərbaycanda fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası 2021-ci il ərzində salınan və ya salınacaq intensiv portağal, naringi, limon, zeytun, nar və fındıq bağlarına görə əkin subsidiyasına əlavə olaraq yeni bağın salınma xərclərini qismən kompensasiya məqsədilə verilir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin qəbulu mayın 31-dək davam edəcək. 2021-ci ilin 1 fevral-31 may tarixləri arasında yeni intensiv portağal, naringi, limon, zeytun, nar bağları salmış və ya il ərzində bağ salmağı planlaşdıran fermerlər öz əkinlərini (salınan və planlaşdırılan) EKTİS-də bəyan etməlidir. Birdəfəlik əkin subsidiyası yalnız qeyd olunan intensiv meyvə bağlarına görə verilir.
Limon, portağal və narıngi bağları mütləq damcı sulama sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 650 ədəd ting əkilməlidir. Nar və zeytun bağlarının da damcı sulama sistemi ilə təchiz edilməsi, hər hektara müvafiq olaraq ən azı 450 nar tingi və 330 zeytun tingi əkilməsi tələb olunur. Birdəfəlik əkin subsidiyası veriləcək nar və zeytun bağları üçün digər şərt bu bağların şorlaşma dərəcəsi şiddətli, çox şiddətli və ya şoran olan, və ya şorakətləşmə dərəcəsi şiddətli olan kənd təsərrüfatı kateqoriyalı torpaqlarında əkilməsi, ya da bu bağların bonitet balı 1-20 arasında olan kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmasıdır.
Fındıq bağlarına da qoyulan tələb bağın damcı suvarma sistemi ilə təchiz edilmiş və 1 hektara azı 330 ədəd ting əkilməsidir. Birdəfəlik əkin subsidiyası veriləcək fındıq bağları üçün digər şərt ya bu bağların 200-1500 metr hündürlükdə olan dağlıq və ya dağətəyi yerlərdə salınması, ya da bu bağların Meşə Fondunun boş torpaqlarında salınmasıdır.
2021-ci ildə bu şərtlərə uyğun bağlar salmış şəxslər birdəfəlik əkin subsidiyası almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkinlərini bəyan edə bilərlər.
Fermerlər birdəfəlik əkin subsidiyası subsidiyası ilə bağlı məlumatları EKTİS-də bəyan etməkdə, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri, bağ salınmış ərazinin coğrafi koordinatlarını sistemə daxil etməkdə çətinlik çəkərsə, texniki kömək üçün yaşadığı rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinə və ya “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilər.
Birdəfəlik əkin subsidiyasının məbləği 2021-ci ildə salınacaq limon bağlarının hər hektarına görə 11000 manat, portağal və naringi bağlarının hər hektarına 9000 manat, nar bağlarının hər hektarına 5000 manat, zeytun bağlarının hər hektarına 4900 manat, fındıq bağlarının hər hektarına 4400 manat olaraq müəyyənləşib. Bu bağlara görə həmçinin bağın salındığı ilk 4 il ərzində hər hektara görə 700 manat əlavə əkin subsidiyası ödəniləcək.
Fermerlər karta köçürülmüş subsidiya vəsaitindən ən azı iki il ərzində istifadə etməlidir. Kartda iki il ərzində istifadə edilməyən subsidiya vəsaiti qalarsa, bu barədə fermerə xəbərdarlıq göndərilir. Əgər xəbərdarlıq göndərildikdən sonra da kartdakı vəsaitdən istifadə olunmursa, o zaman növbəti dövr üçün fermerə subsidiya verilməyəcək.
2021-ci ilin payız aylarında qeyd olunan şərtlərə uyğun bağ salmağı planlaşdıran şəxslər də mayın 31-dək EKTİS-də əkinlərini bəyan etməli və əkinlərini payızda aparacaqlarını xüsusilə qeyd etməlidirlər.
Ətraflı təlimatlar, şərtlər barədə məlumatın əldə edilməsi və müraciətlərin EKTİS-ə daxil edilməsində köməkliyin göstərilməsi üçün fermerlər region üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə, suallarını Çağrı Mərkəzinə (1652) ünvanlaya bilərlər.