Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Sahələrdə soğanın qiyməti keçən illə müqayisədə xeyli ucuzdur.
Cəlilabadda təzə kartofun qiyməti kəskin ucuzlaşıb - FERMERLƏR NARAZIDIR
FED.az xəbər verir ki, “Qarabağ-Aran Soğan istehsalçıları və İxracatçıları Assosiasiyası” İB-nin sədri Vüqar Babayev bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir.
“Cari ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1200 hektar payızlıq soğan əkilib ki, onun da 700 hektarından çoxu Bərdə rayonu ərazisindədir. Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər. Bu il soğan əkini sahələri ötən illə təxminən eyni olsa da, qiymətlər xeyli ucuzdur. Belə ki, keçən il sahədə bir kisə (30-35 kiloqram) soğan ilkin yığım vaxtı 13 manata satılırdısa, hazırda bir kisə soğanın qiyməti 5 manatdır. Ucuzlaşmanın səbəbindən biri ölkəmizə xaricdən soğan idxal olunmasıdır. Qış aylarında ölkəmizə xaricdən soğan idxal olunması nəticəsində yerli fermerlərin məhsulu anbarlarda qaldı. Bazarda təklif tələbi üstələdi. Buna görə təzə soğanın qiyməti də ucuzdur. Mövcud qiymətlər isə fermerləri qane etmir. Əgər istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət əldə edərlər", - deyə V.Babayev bildirib.
Qeyd edək ki, payızda əkilən soğanın yığımı mayın sonunadək davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq. (Azərtac)