Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aqrar səhədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin mineral gübrələrlə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Bununla əlaqədar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı təşkil olunub.
FED.az xəbər verir ki, cari ilin mart ayında başlayan və mayın əvvəlində başa çatan mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı respublikanın bütün regionlarını əhatə edib. Səyyar gübrə satışlarında 354 kənd üzrə 4684 vətəndaş ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, kükürdlü ammofos və karbamid kimi mineral gübrələr əldə edib. Səyyar satış zamanı daha çox yerli istehsal karbamid gübrəsinə üstünlük verilib.
Qeyd edək ki, fermerlər səyyar satış zamanı yeni subsidiya qaydalarına əsasən heç bir sənəd təqdim etmədən, yalnız “Fermer kartı” vasitəsi ilə güzəştli şərtlərlə mineral gübrə əldə ediblər. Yeni qaydalara əsasən, gübrə alışında 70% güzəşt fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Qeyd edək ki, “Aqrolizinq” ASC tərəfindən güzəştli şərtlərlə səyyar gübrə satışı mövsümə uyğun olaraq il boyu həyata keçirilir.