Bildiyimiz kimi, kənd təsərrüfatına maliyyə dəstəyi çox mühüm məsələdir; bankların və digər kredit təşkilatlarının (bundan sonra maliyyə təşkilatları) kənd təsərrüfatına kredit verərkən qarşılaşdıqları çətinliklər və risklər isə fermerlərin maliyyə resurslarına çıxışına birbaşa təsir göstərən amillərdən biridir. Beləliklə, gəlin bu risklərə nəzər salaq, habelə onların aradan qaldırılması və ya idarə edilməsi yollarını araşdıraq.
Eləcə də bax: Dəyər zənciri maliyyələşməsi - YENİ YANAŞMA KİMİ - MƏQALƏ
Əslində, maliyyə təşkilatlarının kənd təsərrüfatının maliyyələşməsinə ehtiyatlı yanaşmasının bir neçə səbəbi vardır. Kənd yerlərinin xidmət nöqtələrindən uzaq olması, regionlarda infrastrukturun nisbətən zəif inkişafı və maliyyə təşkilatlarının filial şəbəkəsinin hər regionda olmaması göstərilən xidmətlərin xərclərini artırır və bu faktor da son nəticədə mənfəətlik səviyyəsinə mənfi təsir göstərir. Bundan əlavə, maliyyə təşkilatlarının kənd təsərrüfatına kreditlərin verilməsinə belə ehtiyyatla yanaşmalarının başqa bir səbəbi də bu sahəyə aid edilən “yüksək risk” amilidir. Bu risklərə ətraflı baxmazdan əvvəl sırf kənd təsərrüfatının özünə aid riskləri və bu sahənin maliyyələşməsi ilə bağlı riskləri bir-birindən ayırmalıyıq. Kənd təsərrüfatına aid risklər kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə bağlı riskləri əhatə edir. Digər risklər isə maliyyə təşkilatlarının kənd təsərrüfatıni maliyyələşdirməkdə gördüyü risklərdir. Sözsüz ki, hər iki kateqoriyadan olan risklər bir-biri ilə sıx əlaqəlidir və məhz kənd təsərrüfatına aid risklər gələcəkdə maliyyələşmədə olacaq riskləri müəyyən edir. Aşağıdakı cədvəldə hər iki kateqoriyadan olan risklər əks etdirilir:
Eləcə də bax: Kənd təsərrüfatının maliyyələşdirilməsi - NƏYƏ GÖRƏ VACİBDİR – MƏQALƏ
Kənd təsərrüfatına aid risklər |
Maliyyələşdirmə ilə bağlı olan risklər |
|
|
Qeyd edilən risklərin təsirinin azaldılması və idarə edilməsi üçün maliyyə təşkilatları müxtəlif alətlərdən istifadə edirlər və bu alətlərdən biri də “CLARA”-dır. CLARA (Cash flow Linked Agriculture Risk Assesment Tool) - kənd təsərrüfatında nağd pul axını ilə bağlı risklərin dəyərləndirilməsi alətidir və adı ingilis dilindəki sözlərin baş hərflərindən ibarətdir. Bu alət Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmışdır və IFC-nin “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” çərçivəsində müəyyən maliyyə təşkilatlarına istifadə üçün təqdim edilmişdir.
CLARA aləti internet resursunda yerləşir və kənd təsərrüfatı ilə bağlı lazımi aqronometrik rəqəmlərə sahibdir. Potensial müştəri maliyyə təşkilatına kredit üçün müraciət etdikdə maliyyə təşkilatı CLARA-ya minimal məlumatlar daxil edilməklə çox qısa müddətdə potensial müştərinin bençmark üzrə nağd pul axınını proqnozlaşdırır. Burada alətin üstünlüklərindən biri üzə çıxır: potensial müştəri düzgün olmayan məlumat verərək daha çox kredit almaq istəyərsə, bençmark nağd pul axını burada real situasiyanı göstərəcək.
Bundan əlavə, CLARA alətində Azərbaycanın kənd təsərrüfatında istifadə edilən ilkin vəsaitlərin (toxumlar, gübrələr, kimyəvi maddələr) qiymətləri və müvafiq məhsuldarlıq normaları kimi bençmarklar verilmişdir. Kredit işçisinin qiymətlərə real düzəliş etmək imkanı da vardır ki, nəticədə mövsümi qiymət dəyişikliklərinə uyğun real nağd pul axını üzrə proqnoz əldə etmək olur. Proqramda hər ay üzrə net pul axını və sonda kumulyativ nağd pul axını əldə edilir ki, bu da kredit işçisinə hər hansı ayda likvidlik riskini görmək imkanı yaradır və nəticədə fermer təsərrüfatının həqiqi təlabatına uyğun maliyyələşmə aparılır. Burada xüsusi olaraq qeyd edirik ki, kənd təsərrüfatı sahəsinə kredit verərkən hansısa ilkin vasitələrin normalarını və ya qiymətləri barəsində az məlumatlı oluruq və bu da kreditləşmə zamanı çətinliklərin yaranmasına, vaxt itkisinə və son nəticədə əməliyyat xərclərinin artmasına gətirib çıxarır.
Həmçinin, bu alətdə müştərinin maliyyə balansı, əmsalların hesablanması və bənzər təsərrüfatlarla müqayisə etmək imkanları da vardır.
Özündə bençmark məlumatlarını saxlayan belə alətlərdən istifadə etməklə, biz riskləri görə bilirik, kreditin verilmə vaxtını və xərcləri azaldırıq ki, bu da maliyyə təşkilatının portfeli üçün həm uğurlu kredit, həm də daha çox mənfəət deməkdir. CLARA alətindən maliyyə təşkilatlarının istifadə etməsi fermer təsərrüfatları üçün də az vaxt itkisi və maliyyənin vaxtında alınması kimi faydaları vardır. 42-dən çox kommersiya yönümlü bitki məhsulları, heyvandarlıq və toyuqçuluq üzrə məlumatları öz məlumat bazasında saxlayan CLARA aləti hər il məlumatlar üzrə yeniliklərlə birlikdə yeni məhsulları da özündə də əks etdirəcəkdir.
Beləliklə kənd təsərrüfatının maliyyələşməsi zamanı risklərin müəyyən edilərək idarə edilməsində CLARA alətinin rolunu belə ümumiləşdirə bilərik:
- Likvidlik riski üzrə - alət nağd pul dövriyyəsi ilə bağlı proqnozu bençmark olaraq qurur və maliyyə təşkilatı hər ay üzrə likvidlik riskini görür və dəyərləndirə bilir.
- Aqrar sahədə biliklər üzrə - maliyyə təşkilatlarının kredit işçiləri alətdə olan kənd təsərrüfatı məlumatları ilə tanış olaraq bu sahədə biliklərini artırırlar.
- Həssaslıq təhlili üzrə - alət təsərrüfat üzrə məhsuldarlıq və qiymətlərə dəyişiklik etmək imkanı verir ki, kredit işisi potensial müştərinin həssaslıq təhlilini aparmağa imkan verir.
- Maliyyə və müqayisəli təhlil üzrə - kredit işçiləri alətdə olan maliyyə əmsallarından və oxşar təsərrüfatlarla müqayisəli təhlildən istifadə edərək potensial müştərini tam analiz edərək digər riskləri də aşkarlaya və düzgün qərarlar verə bilərlər.
- Xərclərin azaldılması üzrə - alətdən istifadə, potensial müştərinin təhlil edilərək qərar verilməsinə sərf edilən vaxtı azaldır ki, bu da maliyyə təşkilatı üçün əməliyyat xərclərinin azalması və sonda mənfəətin artması deməkdir.
Dünya Bankı Qrupunun üzvü olan IFC tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” kənd təsərrüfatı iştirakçılarının müxtəlif maliyyə məhsullarına çıxışının təkmilləşdirilməsi yolu ilə Azərbaycanın kənd təsərrüfatı sektorunun qlobal bazarda rəqabətliliyinin artırılması məqsədini güdür və öz fəaliyyətində yuxarıda göstərilən məsələlərin bəzilərinin həll edilməsi istiqamətində maliyyə təşkilatları və kənd təsərrüfatı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Burada mühüm vəzifə (a) maliyyə təşkilatlarının kənd təsərrüfatını maliyyələşdirməsi üçün onların imkanlarının genişləndirilməsi və (b) kənd təsərrüfatı istehsalçılarının bazara daha rəqabətli və daha yüksək dəyər qatılmış məhsul çıxarması yolu ilə onların da maliyyə təşkilatları üçün uğurlu müştərilərə çevrilməsidir.
Müəlliflər:
Andriy Zaripov - IFC aqro-maliyyə və aqro-sığorta məsələləri üzrə ekspert
Şamil Qədirov – IFC Azərbaycan İnvestisiya Mühiti və Kənd Təsərrüfatının Rəqabətliliyi Layihəsinin maliyyə məsləhətçisi