Tovuzda Kür çayı ətrafındakı sahələrdən qırmızı çuğundurun yığımına başlanılıb. Rayonun Hunanlar kəndində geniş şəkildə becərilən bu bitki yüksək məhsuldarlığı və gəlirli olması ilə seçilir. Sahədən məhsulu yığan fermerlər elə kənddə yük maşınlarına yığaraq xaricə ixrac edirlər. Bu isə onların işini xeyli asanlaşdırır.
"Kilosu 60 qəpikdir, yarıdan çoxu xaricə göndərilib"
FED.az xəbər verir ki, Tovuzun Hunanlar kəndində becərilən çuğundur kütləvi şəkildə sahələrdən toplanır. Qiymətlər ötənilkinə nisbətən bu il aşağıdır. Hazırda çuğundurun bir kiloqramının qiyməti 40 qəpikdir. Fermer Şirxan İbrahimov deyir ki, bu il çuğundur sahələrindən daha çox məhsul əldə edilib.
“Çuğundurun toxumunu xaricdən alırıq. Noyabr ayında toxumu sahələrə səpirik. Apreldən isə məhsul yığımına başlayırıq. Çuğunduru daxili bazarla yanaşı, xaricə də ixrac edirik”, - deyə Şirxan İbrahimov bildirib.
Fermerlərin sözlərinə görə, istifadə etdikləri çuğundur toxumları keyfiyyətli və məhsuldardır.
“Keçən il çuğundurun kiloqramı 60 qəpik idi. İndi 40 qəpiyə düşüb. Məhsulumuz göz qabağındadır. Bu il məhsul boldur, amma pula getmir. Bakıya gündəlik az miqdarda, 200-300 kiloqram satışa göndəririk”, - deyə digər fermer Səadət Musayeva söyləyib.
Çuğundurun qiymətinin ucuzluğu ilə əlaqədar Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzindən şifahi olaraq bildirildi ki, bu il məhsulun bol olması, əkin sahəsinin genişlənməsi qiymətin ucuz olmasına da təsir edib. Qeyd edək ki, Tovuzda istehsal olunan çuğundur keçən il 61 hektar, bu il 63.8 hektar sahədə becərilib. Qiymətlər keçən il bazarda 80 qəpik, sahədə 60 qəpik idi. Bu il isə çuğundur sahədə 30-40 qəpikdən satılır. Tovuzun Hunanlar kəndində qırmızı çuğundurun yığımı iyul ayına qədər davam edəcək. Gəlirli olması səbəbindən yerkökü və qırmızı çuğunduru istehsal etməkdə maraqlı olan təsərrüfatçılar bu tərəvəzləri qışda istixana şəraitində, yazın əvvəlində faraş məhsul olaraq becərib satışını həyata keçirirlər (Azertag).