İsmayıllıda aqrar sığorta ilə bağlı fermerlərlə görüş keçirilib.
Eləcə də bax: Payızlıq taxıl sahələrini sığortalamaq neçəyədir? – YENİ MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə fermerlərə məlumat verilir.
Bu məqsədlə Aqrar İnkişaf Fondunun əməkdaşlarının iştirakı ilə İsmayııllı rayonunun Soltankənd, Ustal və Qalagah kəndlərində fermerlərlə görüş keçirilib.
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin yaxından iştirakı ilə təşkil olunan görüşdə rayonun əkinçilik və heyvandarlıqla məşğul olan ailə fermer təsərrüfatlarının başçıları və fiziki şəxslər iştirak edib.
Görüşdə Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, Aqrar Sığorta Fondu qeyri-kommersiya təşkilatıdır və aqrar sığotanın tətbiqində əsas məqsəd, fermerlərin məhsullarını və gəlirlərini qorumaqdır.
Fermerlərin aktiv iştirakı ilə davam edən görüşdə aqrar sığortanın şərtləri, onun əhatə etdiyi məhsul və risklər barədə geniş məlumat verilib, misallar gətirilib. Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 növ bitkini və südlük inək-camışları sığortalamaq mümkündür.
Dövlət dəstəyi nəticəsində hesablanmış aqrar sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir.
Bəzi fermerlər elə görüşdəcə öz təsərrüfatlarının və əkin sahələrinin sığorta haqqını hesablayıb və onun sərfəli olmasından məmnun qalıblar.
Qeyd edilib ki, EKTİS sistemində qeydiyyatda olan bütün təsərrüfatlar və əkin sahələri sığortalanır.
Tədbirdə fermerlər aqrar sığortanın hansı risklərə təminat verməsi, hadisə baş verdiyi təqdirdə ödəniş prosesi, ödənişlərin hansı formada və müddətdə verilməsi ilə maraqlanıblar.
Onlara bildirilib ki, sığorta hadisəsi baş verdikdə tələb olunan bütün sənədlər təqdim ediləndən sonra 7 gün ərzində sığorta ödənişi fermerin hesabına keçirilir.
Tədbirdə fermerlərə bildirilib ki, yaxın vaxtlarda sığortalanan məhsulların – bitki və heyvanların siyahısı böyüyərək 40-a çatdırılacaq. Eləcə də aqrar sığortanın əhatə etdiyi risklərin siyahısı genişləndiriləcək.