Astarada 200 hektardan çox çəltik əkilən sahədə məhsul yığımı davam edir. Havaların mülayim keçməsi və çəltik sahələrinə düzgün aqrotexniki qulluq sayəsində bol məhsul yetişdirilib. Əkində yerli iqlimə uyğun “Haşımi”, “Apola”, “Gülanə”, “Xəzər”, “Meko” və “Sədri” toxum növlərinə üstünlük verilir.
Eləcə də bax: Türkiyədə dövlət fermerlərdən çəltiyi - BU QİYMƏTƏ ALACAQ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, ekoloji təmiz, təbii Astara düyüsü əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Pensər, Şiyəkəran kəndlərində yetişdirilir. Bu il təkcə Artupada 55 hektar sahədə çəltik əkilib.
Fermerlər toxumluq olaraq özlərinin əldə etdikləri çəltiyi əkirlər. Deyirlər ki, sertifikatlı toxum olarsa, daha çox məhsul götürmək olar.
“Builki məhsulumuz keçənilkindən yaxşıdır - 4,5 ton. Ötənilkindən təxminən ton yarım çox. Keçən il suvarmada da problem oldu, bu il isə yaxşıdır”, - deyə digər fermer Azər Əliyev bildirir.
Artupa çəltikçiləri məhsulu elə kəndlərində fəaliyyət göstərən iki emal müəssisəsində üyüdürlər. Hətta qonşu kəndlərdən də gələnlər olur.
Kombaynçı Nizam Şərifov: “Gün ərzində 1,5 hektar sahəni biçirik. Müasir texnikadır, yaxşı biçir, yerə tökülmür. Yaxşı da məhsul götürülür”.
Çəltikdən 60 faiz təmiz düyü əldə olunur, qalanı xırdın və yarma kimi götürülür. Satışına gəlincə, fermer Mehman Quliyev deyir ki, dəyirmanda istehsal olunan düyülər elə dəyirmanda satılır: “Burada təmizlənən düyü bazarlara, marketlərə verilmir. İstəyən gəlir, bizdən alır. Azərbaycanın hər yerindən gəlirlər. Turistlər də alırlar”.
Bu günədək Astarada hektara 42 sentner olmaqla, 600 tondan çox çəltik yığılıb. Yığım sentyabrın sonuna kimi davam edəcək. (Azərtac)