Artıq bir aydan çoxdur ki, Cəlilabad rayonunda yazlıq faraş kartofun yığılması davam edir. Sahələrdən tədarük olunan məhsulun ixrac prosesində hər hansı ləngimə və ya problem yaşanmır. Fermerlər bildirirlər ki, mövsüm başlayandan indiyədək Rusiya bazarlarına 900 TIR-dan çox kartof daşınıb.
Azərbaycanın xaricə satdığı kartof - 17% UCUZLAŞIB
FED.az xəbər verir ki, Əliqasımlı kəndindən olan fermer Vahid Ağayev bu il 25 hektar sahədə kartof əkib və bol məhsul əldə edib. O, kartofu qablaşdıraraq Rusiya bazarlarına göndərir. Deyir ki, Rusiya bazarlarında Azərbaycan kartofuna tələbat çoxdur: “Rusiya bazarı ilə yanaşı, Gürcüstan, Ukrayna və Moldovada da bizim kartofa tələbat çoxdur. Məhsuldarlıq da yaxşıdır. Hər hektara 30 tona yaxın məhsul götürürük, bu da bizə sərf edir”.
Əkin zamanı toxum əsasən Rusiya və Türkiyədən gətirilsə də, yerli kartof toxumlarından da istifadə olunub.
Fermer Azad Bədirov son 3 ildə əkin sahələrində üstünlüyü yerli toxumlara verir. Deyir ki, yerli toxumlar heç də Rusiyadan gətirilən toxumlardan geri qalmır. “Sertifikatlı toxumların gətirilməsində bizə dəstək olarsa, məhsuldarlığı iki dəfə artıra bilərik. İndi məhsuldarlıq 25-30 tondursa, biz onu 50 tona çatdıra bilərik”, - deyə o əlavə edir. (Azərtac)