Ağsu rayonunda son illər sarımsaq istehsalında intensiv artım qeydə alınır. Təkcə cari mövsümdə bölgədə 1215 ton sarımsaq istehsal edilib ki, bu da ötən ildəki göstəricidən 74 ton çoxdur.
Eləcə də bax: Layihə dəyəri 18 milyon manatdır, hazırda 200-ə yaxın - Daimi İşçi Çalışır
FED.az xəbər verir ki, sarımsaq əkini əsasən rayonun dörd icra nümayəndəliyində, ən çox da Ərəbuşağı nümayəndəliyində əkilir. Cari ilin məhsulu üçün əkilən 139 hektar sarımsaq sahəsinin 46 hektarı Ərəbuşağıdan olan torpaq mülkiyyətçilərinin payına düşür. Burada cari mövsümdə ötən ildəkindən 80 ton çox - 381 ton sarımsaq istehsal edilib.
Ərəbuşağıda demək olar ki, bütün ailə təsərrüfatları bu işlə məşğul olur. Əlbəttə, sarımsağın alıcısı çox olduğu üçün ailə büdcəsinə yaxşı gəlir gətirir. Ailə-fermer təsərrüfatının başçısı İmran Qədirov deyib: “Sarımsaq əkmək, yetişdirmək və yığmaq ağır əl əməyi tələb edir. Lakin məhsul hələ yığılmamışdan öncə gələn sifarişlər, yaxşı bazar qiyməti bizi hər il təsərrüfatımızı genişləndirməyə həvəsləndirir. Bu ilin məhsulu üçün əkin sahəsini 1,5 hektar artırmışam. Hər hektardan 90 sentnerə yaxın məhsul götürmüşük”.
Bu gün bazarlarda sarımsağa böyük tələbat var. Bu da onun insan orqanizmi üçün çox faydalı olmasından irəli gəlir. Təcrübəli farmasept Fəxrəddin İsayev sarımsağın insan üçün faydasından danışaraq deyib: “Sarımsaq qanda xolesterini təmizləyir, orqanizmdəki zərərli mikrobları məhv edir. Xüsusilə qara ciyərə, öd kisəsinə faydalıdır. “Allaxol” dərman preparatı məhz sarımsaqdan hazırlanır. Bu dərmandan da qara ciyər, öd kisəsi xəstəliklərində istifadə olunur”.
Qeyd edək ki, hazırda rayonda sarımsaq əkininə ciddi hazırlıq görülür. Torpaq mülkiyyətçiləri sahələrə daha çox üzvi gübrə verməkdə maraqlıdırlar və hər yerdə əkin aparılaraq ərazilər təmizlənir, şum altına peyin verilir, sonra şum çıxarılır. Oktyabr ayında isə kütləvi əkinə başlanacaq. (Azərtac)