Xaçmaz və Qubanın gilas bağlarında bu mövsüm məhsuldarlığın ötən illə müqayisədə üç dəfəyə yaxın aşağı olacağı gözlənilir. Bu ilin aprel ayında qeydə alınan qeyri-sabit hava şəraiti təsərrüfatçılara ciddi ziyan vurub.
Hava şəraiti pisləşdi: Aqrar Sığorta Fonduna müraciətlər başlandı
FED.az xəbər verir ki, Azərbaycanda ümumilikdə 12 min hektar ərazidə becərilən gilasın təxminən 45 faizi ölkənin Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür. Ərazisinə görə ən çox gilas bağları Xaçmazda (4422 ha) yerləşir. Qubada gilas bağlarının sahəsi 2317, Qusarda 800, Şabranda isə 595 hektardır.
Hər il Xaçmazın gilas bağlarından 20 min tondan çox məhsul yığılır. Hər hektara görə məhsuldarlıq orta hesabla 100 sentnerə yaxın olur. Bu il isə məhsuldarlığın 3 dəfədən çox aşağı olacağı proqnozlaşdırılır.
Xaçmazlı təsərrüfatçı Fərəc Məmmədov bildirir ki, bu il gilas ağaclarında meyvənin formalaşması dövründə hava şəraiti qeyri-sabit keçib.
“Ağaclarımıza lazım olan bütün aqrotexniki qulluğu etmişik. Çiçəkləmə vaxtı münasib hava var idi. Məhsulun bol olacağını gözləyirdik. Amma ağaclarda meyvənin formalaşması dövründə gündüzlər çox isti, gecələr soyuq oldu. İsti küləklər əsdi. Bizdə el arasında meyvəni “yel vurdu” deyirik. Yəni güldən çıxan kiçik meyvələr qurudu. Keçən il bağımızdan 3 ton gilas yığmışdıqsa, bu mövsüm heç bir ton olan deyil”, - deyə Fərəc Məmmədov söyləyib.
Təsərrüfatçıların sözlərinə görə məhsuldarlığın azlığı daha çox “Romanovka”, “Öküzürəyi”, “Napoleon” kimi xaricə ixrac edilən gilas növlərində müşahidə olunur: “Yerli sortlarda 50 faiz də olsa meyvə var. Hər il xarici bazara ixrac etdiyimiz sortlarda isə məhsuldarlıq çox aşağıdır. Məhsuldarlığın aşağı olması tək gilas ağaclarında deyil. Qeyri-sabit hava şəraiti alça, şaftalı bağlarına da təsir edib. Amma ən çox gilasın məhsuldarlığı azalıb. Məhsul az olduğuna görə, gilasın qiyməti ötən illə müqayisdə yüksək olacaq”, - deyə Fərəc Məmmədov söyləyib.
Gilas son illər Azərbaycanda sürətlə yayılan və böyük gəlir gətirən meyvələrdəndir. Təqribi hesablamalara əsasən, son 3 ildə bu meyvənin ixracından ölkəyə 120 milyon dollar vəsait daxil olub. (Azərtac)