Son həftələr, xüsusilə də may-iyun aylarında Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağış, dolu, sel və daşqınlar təsərrüfatlara və əkin sahələrinə ciddi zərər vurub. Baş verənlər ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın vacibliyini bir daha sübut edib. Aqrar Sığorta Fondunun məlumatına görə, bu günlərdə fonda sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub. Aqrar sığorta sahəsində vəziyyət və zərər çəkən fermerlərə ödənişlərlə bağlı sualları Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov cavablandırıb.
Aqrar Sığorta Fonduna müraciətlər – REKORD VURDU – 1000-DƏN ARTIQ MÜRACİƏT
- Fuad müəllim, son günlər ölkənin demək olar bütün ərazilərində sel və daşqınlar təsərrüfatlara böyük zərər vurub. Aqrar sığorta belə halları qarşılayırmı və zərər görənlər arasında sığortalı təsərrüfatlar da var?
- Əlbəttə var. Aqrar sığorta sisteminin ölkədə tətbiqinin əsas məqsədi də məhz bizim sahibkar və fermerlərimizi gözlənilməyən təbiət hadisələrindən müdafiə etmək üçün işlək bir mexanizmin yaradılması idi. Mexanizm işə düşəndən sonra aqrar sığortanın ölkədə tətbiqi, əhatə dairəsi sürətlə genişlənir. Artıq 2023-cü ildə respublika üzrə 400 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bu, ölkənin əkinə yararlı ərazilərinin dörddə biri deməkdir. Bu sistemin ikinci ildir fəaliyyət göstərməsini nəzərə alanda kifayət qədər yaxşı bir nəticədir. Son günlər baş verən leysan yağışları, sel-subasma da daxil olmaqla, demək olar ki, bütün təbii fəlakət riskləri - fırtına, sel, qasırğa, tufan, dolu və digər hadisələr sığorta təminatına daxildir və aqrar sığorta tərəfindən qarşılanır. Son iki ayda havaların qeyri-sabit keçməsi nəticəsində baş vermiş hadisələr, zərər görənlər arasında sığortalı təsərrüfatlar da var və Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış təsərrüfatlara ödənişlər ediləcəkdir.
- İndiyədək bu hadisələrlə bağlı nə qədər müraciət daxil olub və fermerlərə ümumilikdə nə qədər ziyan dəyib? Bununla bağlı ilkin hesablama varmı?
- İlin əvvəlindən bəri əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb. Qeyd etdiyim kimi, 2023-cü ildə 400 min hektara yaxın əkin ərazisi sığortalanıb və artıq bu ərazilərin 125–130 min hektarına müxtəlif dərəcədə - tam və yaxud qismən ziyan dəyib. Həmin ərazilərdə təqribən 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb. Hətta elə fermerlərimiz var ki, əkin sahəsi mövsüm ərzində müxtəlif cür zərər görüb - bir dəfə dolu düşüb, bir dəfə güclü külək-fırtına olub və sair. Hal-hazırda qiymətləndirmə prosesi gedir, dəyən zərərlər qiymətləndirilir, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq.
- Bu hadisələr nəticəsində fermerlərə dəyən ziyan necə və nə vaxt ödəniləcək?
- Dediyim kimi, zərər dəyən 127 min hektar əkin sahəsindən söhbət gedir, bu kifayət qədər iri ərazidir. Sahəyə dəyən zərər müstəqil ekspertlər tərəfindən iki mərhələdə qiymətləndirilir. Birinci mərhələ zərər baş verən anda qiymətləndirmədir. Yəni müstəqil aqrar sığorta eksperti sahəyə gedərək sığorta hadisəsini qeydə alır, dəyən zərəri ilkin olaraq təqribi qiymətləndirir. İkinci qiymətləndirmə prosesi isə biçindən üç-beş gün əvvəl aparılır, bu zaman fermerimizin gözlədiyi məhsuldarlıqla real olaraq əldə etdiyi məhsulların arasındakı fərq, yəni dəyən zərər dəqiqləşdirilir. Hazırda proses davam edir, bildiyiniz kimi, artıq ölkədə biçin mövsümü tamamlanmaq üzrədir və biz də bu qiymətləndirmə prosesini bu ayın sonuna qədər tamamlayacağıq. Düşünürük ki, artıq avqust ayının sonlarında zərər ödənişlərinə başlanılacaqdır. Buradan demək istəyirəm ki, fermerlərimiz narahat olmasınlar, bütün sığorta hadisələri üzrə dəymiş ziyan qanuna uyğun olaraq dövlət tərəfindən qarşılanacaqdır. Bu əlbəttə ki, yalnız sığortalanmış əkin ərazilərinə şamil olunacaq.
- Fuad müəllim, ümumiyyətlə, aqrar sığorta təsərrüfatları hansı hadisələrdən qoruyur və ən çox zərər hansı hadisələrdən gəlir?
- Ümumiyyətlə, aqrar sığortanın əhatə etdiyi təminatlar və risklər, bununla bağlı hesablamalar barədə Aqrar Sığorta Fondunun saytında ətraflı məlumat yerləşdirilib. Fermerlərimiz və təsərrüfat sahibləri sayta daxil olmaqla, ya da sadəcə 1651 nömrəsinə zəng edərək geniş məlumat ala bilərlər. Qısaca olaraq deyim ki, aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir. Bu məsələdə əsas məqam dövlət dəstəyidir, fermerlərimizə dəstək məqsədilə sığorta haqqının 50%-ni onların əvəzinə dövlət ödəyir. Ən çox baş verən hadisələrə gəlincə, bu gün Azərbaycanda zərər görmüş 127 min hektar əkin ərazisinin 47 faizi məhz fırtınadan zərər çəkib. Əkin sahələrinin 21 faizi dolu hadisələrindən, 14 faizi sel və daşqınlardan zərər çəkib. Yəni baş vermiş zərərlərin 80 faizə yaxını dolu, sel daşqınları, güclü küləklər, fırtına, qasırğa nəticəsində yaranıb.
- Fuad müəllim, fermerlərimiz həm də quraqlıqdan əziyyət çəkir, qlobal istiləşmə fonunda Azərbaycan su qıtlığı olan ölkələrdən birinə çevrilib. Aqrar Sığorta Fondu quraqlıq risklərini nə vaxt qarşılayacaq, bununla bağlı vəziyyət necədir?
- Doğrudan da, hazırda aqrar sığorta mexanizmi quraqlıq risklərini qarşılamır, çünki buna başlamaq üçün əvvəlcə aqrar sığorta sisteminin dayanıqlığı təmin olunmalıdır. Biz buna addım-addım gedirik, müşahidə edirsinizsə, aqrar sığotrtanın əhatə dairəsi tədricən artırılır. Məsələn, ötən il aqrar sığortaya sel-subasma riski əlavə olundu və indi baş verən hadisələr bu addımın vaxtında atıldığını göstərdi. Yaxın gələcəkdə aqrar sığortanın quraqlıq riskini də qarşılaması nəzərdə tutulur. Hazırda Fond olaraq quraqlıq sığortasının tətbiq edilməsi üsulları ilə bağlı beynəlxalq təcrübə araşdırırıq və düşünürük ki, növbəti illərdə biz fermerlərimizə bu xidmətləri təqdim edə biləcəyik. Lakin quraqlıq sığortası məhz dəmyə ərazilərdəki təsərrüfatların sığortalanmasına şamil olunacaqdır. Yəni suvarılan ərazilərdəki əkinləri hər hansı səbəbdən suvarmaq mümkün olmayıbsa, quraqlıq təminatı onlara şamil edilməyəcək. Biz məhz dəmyə ərazilər üçün xüsusi paketlər hazırlayacaq və növbəti illərdə onu istehlakçılara təqqdim edəcəyik. Bununla yanaşı, qeyd edim ki, quraqlıq fermerlərin heç də ən tez-tez üzləşdiyi hadisə deyil. Bu il hadisələrlə bağlı fonda daxil olan 7 min müraciətin cəmi 600-ü, yəni 10%-dən də az hissəsi quraqlıqla bağlıdır. Yerdə qalan 6 mindən çox müraciət, dediyim kimi, fırtına, qasırğa, sel, subasma, daşqın və şaxtavurma hadisələridir.
- Fuad müəllim, dediyiniz kimi, son günlər baş verən sel-subasma hadisələri aqrar sığortanın vacibliyini bir daha göstərdi. Yəqin ki, bu ilin acı təcrübəsindən sonra növbəti ildə sığortalanmış təsərrüfatların sayı da artmış olacaq. Bu hadisələrdən sonra sahəsini sığorta etmək istəyən fermerlər varmı?
- Bəli var. Təəssüflər olsun ki, sığorta müqaviləsi bağlamaq istəməyən təsərrüfatlar zərərlə üzləşəndən sonra bizə müraciət edirlər. Lakin artıq baş vermiş hadisədən sonra sığorta müqaviləsi bağlamaq təbii ki, mümkün deyil. Yəqin ki, onlar növbəti illərdə bizə müraciət edəcəklər və əkinləri sığortalanacaq. Ümumiyyətlə isə, aqrar sığortanın əhatəsi ildən ilə genişlənir və sığotalanan fermerlərin sayı artır. Baxın, sistem artıq 3-cü ildir ki, işə düşüb. 2023-cü ilin altı ayında bizim topladığımız sığorta haqları 13 milyon manata çatıb. 2022-ci ildə bu rəqəm 6 milyon manat, 2021-ci ildə isə 2 milyon manat olmuşdu.
Yəni son iki ildə sığorta haqları 6 dəfədən çox, son bir ildə isə 2 dəfə artıb. Bu nə deməkdir - insanlar artıq aqrar sığortanın mahiyyətini anlayaraq öz təsərrüfatlarını, öz fəaliyyətlərini qoruyurlar. Biz düşünürük ki, növbəti il bu göstəricilər daha da artacaqdır. Kənd təsərrüfatının digər sahələrdən fərqi odur ki, burada istehsal açıq səma altında baş verir, yəni təbiət hadisələrindən heç cür qorunması mümkün deyil. Məhz bunun üçün dövlət bu mexanizmi yaradıb ki, fermerlər normal fəaliyyət göstərə bilsinlər. Biz qeyd etdik ki, 127 min hektar sığortalanmış əraziyə zərər dəyib, sığortalanmamış ərazilər də kifayət qədər çoxdur və hadisələr nəticəsində onlara da zərər dəyib.
- Sığorta olunmaq üçün nə etmək lazımdır?
- Sığorta olunmaq üçün 1651 qısa nömrəsinə zəng etmək kifayətdir, buradan üzümü fermerlərə tutub onları bu vacib dövlət mexanizmindən istifadə etməyə, təsərrüfatlarını sığortalamağa çağırıram. Bu olduqca sərfəlidir, sığorta haqqının yarısını belə dövlət ödəyir. Dəyən zərərlər hökmən ödənilir, bunun üçün kifayət qədər ehtiyat yaratmışıq, buna vəsaitimiz və dövlət təminatı var. Hətta Aqrar Sığorta Fondunun vəsaiti kifayət etməsə belə, «Aqrar sığorta haqqında» qanuna əsasən fermerlərə dəyən zərər dövlət büdcəsi hesabına tam qarşılanacaq.
- Qeyd etdiyiniz kimi, hadisələrlə bağlı minlərlə müraciət daxil olur. Bu müraciətlərin araşdırılması üçün Fondun ekspertlərinin sayı kifayət edirmi?
- Çox maraqlı bir məsələyə toxundunuz. Əvvəla qeyd edim ki, hadisələr müstəqil aqrar sığorta ekspertləri tərəfindən araşdırılır, zərəri də onlar hesablayırlar. Onlar Aqrar Sığorta Fondunun əməkdaşları deyil, biz kommersiya şirkətlərindən fərqli olaraq ekspertizanın keçirilməsini müstəqil şəxslərə həvalə etmişik. Onlar Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak edərək bu statusu alır və Mərkəzi Bankın reyestrinə düşürlər. Hazırda bizim 50-yə yaxın ekspertimiz var, hadisələrin sürətli araşdırılması üçün bir neçə ekspert də qardaş Türkiyədən cəlb etmişik. Onların demək olar ki, hamısı indi sahələrdədir və əkinləri gəzir, hadisələri qeydə alır, zərərləri qiymətləndirirlər. Fürsətdən istifadə edərək mütəxəssisləri aqrar sığorta eksperti olmağa dəvət edirəm, bununla bağlı qaydalarımız sadələşib, artıq 71 sayda ixtisas sahibi imtahanda iştirak edərək ekspert ola bilər. Bu kifayət qədər gəlirli sahədir və ekspertlər əsas işlərindən ayrılmadan bu fəaliyyətlə məşğul ola bilərlər. Ətraflı məlumatı Fondun 1651 qısa nömrəsinə zəng etməklə almaq və qeydiyyata düşmək mümkündür