Sel-daşqınlara görə Aqrar Sığorta Fonduna 1000-dən artıq müraciət daxil olub
Təcili: Yağış və daşqından zərər çəkən təsərrüfatlara kompensasiya veriləcək - FONDDAN MÜRACİƏT
Son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel-daşqınlar nəticəsində fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri rekord həddə çatıb.
Fonddan FED.az-a verilən məlumata görə, ilin əvvəlindən indiyədək sel-subasma və leysan halları ilə əlaqədar sığorta hadisələri üzrə quruma 1000-dən artıq müraciət daxil olub.
Fondun Çağrı Mərkəzindən bildirilib ki, müraciətlərin yarıdan çoxu son iki ayda, may-iyun aylarında qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir.
Leysan yağışları və sel-subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub. Aqrar Sığorta Fondundan bildirilib ki, bütün müraciətlər qeydə alınır, artıq onların araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri ərazilərə ezam ediliblər. Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu 2022-ci ildə sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2,4 milyon manat, bu ilin ilk 6 ayında isə təqribən 1,2 milyon manat sığorta ödənişi edib və bu məbləğ artmaqdadır.
Aqrar Sığorta Fondu bir daha fermerləri və iş adamlarını öz təsərrüfatlarını sığortalamağa, bununla da təbii fəlakət və digər risklərdən qorumağa çatırır.
Qeyd edək ki, aqrar sahəyə və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını fermerlərin əvəzinə dövlət özü ödəyir.
Başqa sözlə, fermerlər cüzi məğləğ ödəməklə öz təsərrüfatlarını və gəlirlərini qoruya bilərlər.